İnklüziv təhsil nədir? - MÜSAHİBƏ Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bu gün Azərbaycan xanımı bütün peşə və sahələrdə mühüm rol oynamaqla müstəqil ölkəmizin həyatında çox fəaldır. Bugünkü müsahibimiz də xanımdır.

Bu xanım "Loqos PNİM"-nin İnklüziv təhsil şöbəsinin rəhbəri, baş pedaqoq, təlimçi vəzifəsində çalışan Aysel Ərəstunqızıdır.

 

-İnklüziv təhsil nədir?

 

-İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir. Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. Bu xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsil almasını təmin edir. Müasir dövrdə inklüziv təhsil dedikdə uşaqların məktəbəqədər müəssisələrdə, orta təhsil məktəblərində dərs alması prosesi nəzərdə tutulur ki, bunun da xüsusi tələbləri var. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsilə yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsədəuyğundur.

 

-İnklüziv təhsildə istifadə etdiyiniz metodlar varmı?

 

-Bunun üçün bir sıra metodlar var. Bizdə dərslərimizdə müxtəlif fəaliyyət növləri və eyni zamanda metodlardan istifadə edirik.

Reccio Emiliya fəlsəfəsinin prinsiplərinə əsasən uşaqların özlərini evdəki kimi hiss etmələri üçün rahat təhsil mühiti qurulur. Bu baxımdan qrup otaqlarının da estetik baxımdan cəlbediciliyinə xüsusi diqqət yetirilir. Reccio Emiliya təliminin əsas xüsusiyyətlərindən biri əməkdaşlıqdır. Valideynlər mütəmadi olaraq təlim prosesinə dəvət olunurlar. Pedaqoji kollektiv məşğələlərdə fəal iştirak etmələri üçün onlarda həvəs yaradır. Bir çox valideynlər könüllü olaraq qrup otağında təlim prosesi ilə yaxından tanış olur, hətta məşğələ iştirakçısına çevrilirlər. Nəticədə valideynlər təlim zamanı ortaya çıxan bir sıra üsullardan evdə də uşaqlarla ünsiyyətdə istifadə edirlər.

Yekun olaraq, bunu qeyd etmək çox vacibdir. Reccio Emiliya təliminin əsas məqsədi uşaqların uşaqlığını dolu-dolu yaşayaraq öyrənmələri üçün şərait yaratmaqdır. Reccio Emiliya fəlsəfəsinə görə bu, asan deyil, lakin uşaqlar üçün ən səmərəli və təbii inkişaf yoludur.

SCAMPER metodu daha çox problemlərin qeyri-adi və yaradıcı həll yollarını tapmaq, eyni zamanda yenilikçi fikirlər və bir məhsulu və ya xidməti yaxşılaşdırmaq məqsədi ilə düşünülmüş suallar prosesindən ibarətdir. SCAMPER metodu, bizə yeni məhsul və xidmətlər üçün fikirlər yaratmağa kömək edir, bu da mövcud məhsul, xidmət, problem və fikirləri necə yeniləyə biləcəyinizi və inkişaf etdirə biləcəyinizi anlamağa kömək edir.

 

-İnklüziv təhsillə bağlı valideynlərin üzərinə düşən öhdəliklər və bu zaman qarşılaşdığınız problemlər(çətinliklər) nədir?

 

-İnklüziv təhsil və çətinlikləri deyildikdə, bu proses müddəti həm uşaqlar, həm müəllimlər, həm də valideynlər üçün heç də asan keçmir deyə bilərik. Hər bir müəllim inklüziv sinifdə dərs deməyə hazır olmur. Fiziki və əqli qüsurlu uşaqlar müəyyən zaman sonra çox insanın toplaşdığı bir mühitə düşdükləri üçün uyğunlaşmaları xeyli zaman alır, həmçinin daha çox diqqət tələb edirlər. Eyni zamanda sinifdəki digər şagirdlərin də uyğunlaşması zaman alır. Həmçinin valideynlərin üzərində daha çox öhdəlik düşür ki, uşaqların dərslərinə kömək etmələri çox əhəmiyyətlidir.

 İnklüziv təhsil olduqca faydalıdır. Çünki bu təhsilin əsas məqsədi uşaqların yalnızca təhsil hüququnu bərpa etməklə bitmir, eyni zamanda cəmiyyətə inteqrasiya etmələrini, gələcəkdə iş tapa bilmə imkanlarını artırır, özlərinin sərbəst qərar vermə imkanlarını ortaya çıxarır.

Hər bir uşaq İnklüziv təhsil ala bilər. Uşaqlarımızı cəmiyyətə qazandırmaq, faydalı gənclər yetişdirmək yolunda uğurlu addımlardan biridir.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.