Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün sizə mərhum Xalq şairi Fikrət Qocanın ömür-gün yoldaşı Raya Qocayevadan söhbət açmaq istəyirəm. Ərinin sağlığında başına pərvanə kimi dolanan Raya xanımdan. Axı bu ailəyə vəfa borcum var, necə deyərlər, çörək kəsmişik. Həm də ki, bu gün - yanvarın 15-i Raya xanımın doğum günüdür...
Deyir ki,- “Ailə quranda mənim iyirmi bir, Fikrətin otuz altı yaşı var idi. Orta məktəbi Ağdaş rayonunda bitirmişəm. Əvvəllər istəyirdim ki Tibb Universitetində təhsil alım, amma sonra müəyyən səbəblərdən sənədlərimi Pedaqoji Universitetə verdim, ixtisasca kimyaçı bioloqam. Ailələrimiz arasında dostluq əlaqələri olsa da universitetə qəbul olunanadək mən Fikrəti görməmişdim. Tanışlığımız, ailə qurmağımız da təsadüfən olub. Əvvəl dost olmuşuq, sonra dostluq münasibətlərimiz öz məcrasından çıxaraq ailəyə çevrildi. Fikrətə qarşı dərin hörmətləri olsa da, aramızdakı böyük yaş fərqinə görə valideyinlərim bu evliliyə qarşı çıxırdı. Sonradan razılığa gəldilər. Zaman keçdikcə aydın oldu ki, mən yanlış seçim etməmişəm və ikinci kursda olanda nişanlandıq, universiteti bitirəndən sonra isə ailə qurduq...”
İlk dəfə onunla ABŞ-ın İndianopolis şəhərində, qızı Günay xanımın evində görüşmüşdüm. Fikrət Qoca ilə birlikdə gəlmişdilər. Bir həftə bir süfrədə çörək kəsir, deyib-gülüb söhbət edirdik. Arabir yığışıb şəhərə gəzməyə çıxırdıq. Çox mehriban, mədəni, səmimi xanımdır.
“Təzə ailə qurduğumuz vaxtlarda hamı kimi bizim də aramızda anlaşılmazlıqlar olub, çünki əvvəllər mən çox səbrsiz idim, hər deyilən sözə cavab verirdim, səbrimi cilovlamağı bacarmırdım, cavan idim. Aramızda olan yaş fərqinin müsbət cəhəti onda idi ki, Fikrət bu səbrsiz hərəkətlərimi anlayışla qarşılayırdı. Mənim həyatda tək çətinliyim Fikrətin keçirdiyi xəstəliklər olub. Hər xəstəliyi digərindən bir az daha ağır gəlirdi. Birinci dəfə mədə xorasından çox əziyyət çəkdi. Sonra Afrikaya getmişdi, sərhədi keçəndə hamı kimi ona da dərman veriblər. Fikrət öz dərmanını bir qadına verib ki, mənə heç nə olası deyil, səfərdən qayıdandan sonra qızdırması oldu, elə bir xəstəliyə tutuldu ki, heç kim nə olduğunu tapa bilmirdi. Xəstəliyin yeddinci günü artıq nə yemək yeyə, nə də su içə bilirdi. Təsadüfən həkimlərdən biri aşkar etdi ki, sən demə Afrikada ağcaqanad sancmasından malyariya xəstəliyinə tutulub. Üçüncü dəfə xərçəng xəstəliyinə tutuldu. Həkimə getdik, həkim üzümüzə dedi ki, altı ay ömrü qalıb. Əlim yerdən, göydən üzüldü. Amma ölüm fikriylə heç cür barışa bilmirdim. Heydər Əliyevin köməkliyi ilə, Moskvaya əməliyyata getdi. Ağciyərinin bir hissəsini kəsib götürdülər, amma əməliyyatın mənfi cəhəti onda idi ki, səs tellərinə toxundular. Fikrətin elə gözəl səsi var idi ki, heç kim ondan sonra şeir demək istəmirdi. Öz şeirlərini oxuculara özü təqdim edərdi. Çox şükür ki, o vaxt həmin xəstəlikdən də qurtula bildik. Sonra uzun müddət yaşadı. Bəli, Allahdan başqa heç kim, insana ömür biçə bilməz. Allah var, mərhəməti də var.”- söyləyir.
Böyük əziyyətlər çəkib, ağrı-acılı günlərin zəhməti gözlərindən boylanır. Mərd qadındır. Ömür-gün yoldaşının yolunda hansı əzablara qatlaşmayıb ki? İki qızı var- Günay və Gülay. Günay xanım uzaq Amerikada yaşasa da, hər gün anası ilə skaypla danışır. Gülay xanım isə yaxındadır, həmişə anasının nəvazişini çəkir...
Deyir ki,- “Bir müddət mətbuat sahəsində jurnalist kimi çalışmışam. Mətbuatda işlədiyim dövrlərdə, məqalələr, hekayələr də yazırdım. Amma insanın peşəsi həmişə onu özünə çəkir. Sonra işə müəllim kimi başlamaq imkanım olsa da, laborant olmağı seçdim. Müəllimlik asan peşə deyil, ilk dərsin həyəcanını azaltmaq, uşaqlarla davranışı qavramaq üçün təcrübə keçmək qərarına gəlmişdim. Mən uşaqlara tək biologiya, kimya öyrətmirdim. Onları ədəbiyyata yönləndirirdim, bədii əsər oxumağa maraq oyadırdım. Biz uşaqlarla birlikdə, dərsdən çox həyatı öyrənirdik. Kiçik qızımız Gülayın ədəbiyyata marağı çox böyük idi. Uşaq vaxtı yazdıqlarını böyük maraq və həvəslə oxuyardı. Bir gün atası ona dedi ki, qızım sən şeir yazma. Elə o sözdən sonra Gülay bir daha əlinə qələm almadı. İndi nəvəmiz- balaca Fikrət Qoca ədəbiyyata böyük maraq göstərir. Mən də istəyirəm ki, bütün xatirələrimi qələmə alım, çap etdirməsəm də bir tərəfdə qalsın...”
Bəli, yanvarın 15-də Raya xanımın növbəti yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firavan həyat arzulayırıq. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)