Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirlər ki, ağsaqqallar üç cür olurlar- nəslin, kəndin və elin. Hər nəslin ağsaqqalı öz nəslinə oxşayır, hər kəndin ağsaqqalı kəndi boyda görünür. El ağsaqqalı isə daha əzəmətli olur, daha çox sevilir. İnsan el ağsaqqalı səviyyəsinə yetişməkdən ötrü üç keyfiyyəti özündə ehtiva etməlidir: Soyuq baş, həssas ürək və maddi imkan...
Haqqında söhbət açmaq istədiyim Hacı Gülağa Abişov da geniş təfəkkürlü, cəsarətli, taleyinə Allahın uğuru yazılmış el ağsaqqallarındandır. Bəli, insanı mühit yetişdirir, elmi-savadı isə təhsil verir. Qalan keyfiyyətlər genetikdir, qanla gəlir. Bütün bunlar birləşəndə insan təfəkkürü sərhədsiz olur. Necə ki, elə rənglər var, insanlar onları görə bilmir, amma başqa canlılar aydın seçir. Təfəkkür də buna bənzəyir...
Mühit
Sumqayıtda, müxtəlif millətlərin, o cümlədən ölkənin hər yerindən gəlmiş insanların arasında böyüyüb, boya-başa çatıb. Bu dünya gör-götür dünyasıdır. Bir kənddə böyüyənlə şəhərdə böyüyənin fərqini danmaq olmaz. Biri var, on səkkiz yaşına kimi hər gün eyni adamlarla ünsiyyətdə olasan, biri də var müxtəlif mədəniyyətlərin qovuşduğu yerdə, fərqli şəxslərlə, universal mühitdə boy atıb böyüyəsən...
Savad və bilik
Amerikalılar deyir ki, savad-bilik satılan-alınan dəyərdir, insana fayda gətirir. Savadın insanın dünyagörüşündə, davranışında əhəmiyyətli rol oynadığını hamımız bilirik. Müasir dövrümüzdə savadlı insanlar çoxdur, amma “alim olmaq asandır, insan olmaq çətin” atalar sözü də, hələ ki, aktualdır. Bəli, onun bu səviyyəyə yetişməsində savadın da öz rolu var...
Vəzifə
İnsanın daha çox faydalı olması, daha çox adamın problemlərini həll edib, xeyirxahlıq etməsi üçün Allahın verdiyi fürsətdir. Müxtəlif vəzifələrdə çalışıb. “Azərkimya” Dövlət Şirkətinin rəhbərinin müavini postunadək yüksələ bilib. Heç vaxt heç kimə pisliyi dəyməyib, iş adamlarına dəstək olub, fəhlə və mühəndis kollektivinə doğma münasibət göstərib, problemlərinin həllinə çalışıb...
Sahibkar
Orta əsrlərdən yaranan bu fəaliyyət növü ölkəmizdə bərpa olunandan sonra Hacı Zeynalabidin Tağıyev kimi xeyriyyəçi missionerlərin davamçıları da üzə çıxmağa başladılar. Onların ölkəmizin inkişafında rolu danılmazdır. Sahibkarlar pandemiya dövründə, Vətən müharibəsi zamanı müxtəlif fondlara az yardım etmədilər. Bu hadisələrdə qazandığımız uğurlarda onların da haqqı var.
Pandemiyanın ilk vaxtlarında yaradılmış fonda iyirmi min manat pul köçürdüyünün şahidi olmuşam. Vətən müharibəsi dövründə qırx min manat orduya dəstək fonduna vəsait köçürməsindən əlavə, dəfələrlə ön cəbhəyə ərzaq, isti pal-paltar aparıb. Neçə-neçə qazi, şəhid ailəsinə yardım edib. Bu gün də davamı gəlir...
Xeyriyyəçi
Bu hər imkanlıya nəsib olmayan keyfiyyətdir. O qədər zəngin adamlar tanıyırıq ki, nə bir yetimi sevindirib, nə bir kimsəsizə arxa durub, nə də imkansıza əl tutub. Heç İslam qaydalarına görə var-dövlətinin fitrə-zəkatını vermək də ağlından keçməyib.
O isə, yanına pənah gətirən kimsəni əliboş yola salmır. İmkansıza yardım edir, yetimə, kimsəsizə yiyə durur. Ehtiyac içində qovrulana kömək edib, sıxıntıdan qurtarır. Məgər birdir-ikidir Onun xeyirxah əməlləri? Say-hesabı çoxdan itib...
Vətəndaş
Təpədən-dırnağa ölkəsinə, xalqına, el-obasına bağlı adam. Azərbaycanı, azərbaycanlıları canı qədər sevir. Azərbaycan, deyiləndə ayağa durmağı bacarır. Torpaqlarımız işğaldan azad olunandan sonra dözməyib üzü Qubadlıya yol tutdu. Elə bil, Ona dünyanı bağışlamışdılar. Sevincinin həddi-hüdudu yox idi...
İctimai nüfuz
Doğulub boya-başa çatdığı şəhərin abadlaşmasında Onun da rolu az olmayıb. Bir vaxtlar oxuduğu məktəbin dam örtüyünü öz hesabına düzəltdirib. Böyüdüyü binanın qarşısında xeyir-şər üçün bina tikdirib, həmin bina ilərdir ki, imkansızlara təmənnasız xidmət göstərir. Heç vaxt siyasətə qarışmır, amma ictimai fəal kimi həmişə öndə olur. Şəhərin bütün tədbirlərinə, yığıncaqlarına hörmətli sakin kimi dəvət alır, iştirak edir...
Hər bir şəhərin öz elitası var. Onlar da iki hissəyə bölünür- daimi elita, müvəqqəti elita. Daimi elita həmin şəhərdə böyüyüb ərsəyə çatanlardan olur, müvəqqəti elita isə həmin şəhərə təyin olunmuş məmur və vəzifə sahiblərindən. O, Sumqayıtın daimi elitasının sırasındadır...
El ağsaqqalı!
Bəzən yol ayrıcında çaşıb qalırıq, hansı səmtə üz tutmağımızı təyin edə bilmirik. Xeyirin harada, zərərin hansı istiqamətdə olduğunu müəyyən etmək üçün bir müdrik tövsiyyəsinə, ağıllı məsləhətə ehtiyacımız olur. Problemlər üstümüzə hücum edəndə, əlacsız qalanda onun yanına gedirik. Küsənləri barışdırmaq, kinləri mum kimi əritmək, düşmənləri sülhə gətirmək onun ağıl və təfəkkürü qarşısında adi bir əmələ dönüb. Rəftarında o qədər mükəmməldir ki, təvazökarlıq, sadəlik elə bil ruhuna biçilib, uşaqla uşaq, böyüklə böyük olmağı bacarır. Heç kimi acılamaz, amma elə bir söz deyər ki, qulaqlarda sırğa olar...
Yekun- bütün başlanğıcların sonu
Bu yazını qələmə almağa başlayanda kövrək hisslərə qoşulub, xəyalən mənə doğma olan iki məkanı gəzib dolaşdım- Sumqayıt və Yardımlını. Axı Sumqayıt mənə doğulub, boya-başa çatdığım bir şəhər kimi doğmadırsa, Yardımlı babalarımın ruhlarının toxtaqlıq tapdığı bir yurd kimi əzizdir. Hər ikisini sevirəm! Və bu iki məkanın vəhdətindən pərvazlanıb araya-ərsəyə çıxan eloğlum Hacı Gülağa Abişovun varlığından qürur duyuram. El ağsaqqalı səviyyəsinə yüksəlmək, bir yurdun yükünü çiyinlərində daşımaq hər adama nəsib olmur. Nə yaxşı ki, Sumqayıtda Yardımlını xatırladan el ağsaqqalı var. Bəli, Sumqayıtda Hacı Gülağa deyiləndə Yardımlı yada düşür, Yardımlı deyiləndə Hacı Gülağa...
Bu gün, dekabrın 29-da Hacının 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)