Vidadi Hüseynov: “Nə qədər ki həyat var, canlı sənət növü olan teatr da yaşayacaq” Featured

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Müsahiblərdən vəfat edəni də var, fəaliyyətini davam etdirəni də.

Növbəti müsahib telejurnalist Vidadi Hüseynovdur. Ondan müsahibə1998-ci ilin  götürülüb.

 

“Proqrama dəvət etdiyim şəxslər hərəsi bir Azərbaycandır”

 

Sənət proqramlarının aparıcısı,  tanınmış telejurnalist Vidadi Hüseynovla söhbət

 

- Vidadi, sənin sənət sevgin məni həmişə təəccübləndirib. Sənətə bu cür bağlılıq adətən ailədən gəlir, uşaq yaşlarından formalaşır. Freyd deyirdi ki, yeddində necəsənsə, yetmişində də eləsən. Bu baxımdan ailənizdə sənət mühiti olubmu?

 

- Freyd, şübhəsiz ki, haqlıdır. Amma istənilən bir ideyanın gerçəkliyə münasibətində qaçılmaz istisnalar olur. Mən də, görünür ki, bu məsələdəki istisnalardan biriyəm. Çünki bizim ailədə sənət mühiti olmayıb. Mənim sənətə marağım unudulmaz dramaturqumuz İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesi əsasında rejissor Əliheydər Ələkbərovun hazırladığı eyniadlı tamaşaya baxandan sonra yaranıb. Tamaşada cərəyan edən hadisələr nə qədər gərgin, dinamik idi! Musiqi necə həyəcanlıydı! Dekorasiyalar necə zövqlə qurulmuşdu! Hələ aktyorlar! İsmayıl Dağıstanlı! Leyla Bədirbəyli! Məmmədrza Şeyxzamanov! Həsən Turabov! Fuad Poladov! Fateh Fətullayev! Vəfa Fətullayeva! Və nəhayət, tamaşanın hüsnü, gözəli, cazibəsi – Şahnaz obrazının ifaçısı, görkəmli sənətkarımız Amaliya Pənahova! Mən Şahnaza vuruldum! Heç bilmirəm, buna sevgi demək olardımı? Cəmi on yaşım vardı. Sonra anam məni məşhur aktrisanın görüşünə gətirdi və o gətirən, bu gətirən, teatra ömürlük bağlandım.

 

- Hər şeyin ilki unudulmaz olur. Bəs, sən necə, ilk dəfə efirə çıxdığın günü xatırlayırsanmı?

 

- O gün heç vaxt yadımdan çıxmayacaq – 1992-ci il, fevralın 2-si… Həmin gün “Pərdənin o üzü” proqramında ilk dəfə efirə çıxdım. Həmsöhbətim Amaliya Pənahova idi. Universitetin jurnalistika fakültəsinin ikinci kursunda oxuyurdum. Baş redaktorum tanınmış jurnalist Vaqif Əlixanlı, proqramın rejissoru isə Tofiq Zeynalov idi.

 

- Bəzən deyirlər ki, insan özünü sənətdə realizə edə bilməyəndə sənət haqda danışır, jurnalist, aparıcı və ya tənqidçi olur. Bu fikirlə razısanmı? Nə vaxtsa aktyor, rejissor, yazıçı, rəssam olmaq istəmisənmi?

 

- Bir dəfə Zeynəb Xanlarovadan soruşdular ki, niyə digər məşhur müğənnilər kimi filmə çəkilmirsiniz? Məsələn, Karuzo, Rəşid Behbudov, Sezen Aksu, İbrahim Tatlısəs… Dedi ki, mən müğənniyəm, qoy filmə aktyorlar çəkilsin. Əlbəttə, özümü bu virtuoz sənətkarla müqayisə etmirəm. Amma mən də öz sənətimə çox bağlıyam. Bu cəhətdən aparıcılıqdan aldığım zövq yetər. Başqa işlə məşğul olmağa özümdə nə həvəs, nə də istedad hiss edirəm.

 

- Sənin tələbəlik illərin yadımdadır: filologiyadan jurnalistikaya keçdin və telejurnalistika sahəsini seçdin. Niyə jurnalistika və niyə məhz telejurnalistika?

 

- Yeniyetməlik vaxtlarımdan jurnalist olmaq arzusunda olmuşam – telejurnalist. Özümü televiziyada görürdüm. Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin ora. Ailəmizin köməyi hesabına ikinci kursda oxuyanda AzTV-də işə düzəldim və ekrana çıxdım.

 

- Aparıcılıq etdiyin teleproqramlar ümumən sənəti əhatə etsə də, bir qayda olaraq, teatr bunlar arasında aparıcı rol oynayır. Bu, “Avtoqraf”da belə olub, “Telemizan”da da. Teatra belə güclü maraq, qeyri-adi sevgi hardandır səndə?

 

- Çünki teatr canlı sənətdir, təbii sənətdir. Zalda oturan tamaşaçı aktyorun nəfəsini, aktyor da tamaşaçının nəfəsini duyur. Burada tərəflər arasındakı enerji mübadiləsi birbaşadır, canlıdır, təbiidir.

 

- Necə fikirləşirsən, bu gün teatr – kino, internet tərəfindən bir küncə sıxılmayıbmı?

 

- Bir az yersiz görünsə də, bir müqayisə aparım. Müasir dövrdə kimyəvi yolla çoxlu yeni parça növləri istehsal olunur. Onlar bir müddət dəbdə olsa da, sonralar moda tarixinin arxivinə qoyulur. Ən qədim parça növləri olan ipək, kətan, yun isə heç vaxt dəbdən düşmür, çünki onlar təbii yolla toxunurlar. Teatr sənəti də kinodan və digər modern sənət növlərindən fərqli olaraq canlı ünsiyyətə söykənir. Nə qədər ki həyat var, canlı sənət növü olan teatr da yaşayacaq. İnsan zövqü hər dəfə sünilikdən, texnoloji sənətlərdən usananda yenidən ilkinliyə, canlılığa, təbiiliyə daxili bir tələbat duyacaq və hər dəfə teatr da dirçələcək. Bu, mənada teatrı zamandan-zamana yanan və öz külü altından baş qaldıran səməndər quşuna bənzətmək olar.

 

- Müxtəlif proqramlardakı buraxılışların göstərir ki, fərqli yaradıcılıq sahələrinə məxsus üç şəxsə xüsusi ehtiramın var: yazıçı Elçin, müğənni Zeynəb Xanlarova, aktrisa Amaliya Pənahova. Bu özəl münasibət nədən doğur?

 

- Zeynəb Xanlarova, Elçin və Amaliya Pənahova çox maraqlı müsahiblərdir. Amma onlara olan bütün hörmətimlə birlikdə həmişə çalışmışam ki, balansı qoruyum. İstəmişəm ki, bu şəxslərlə digər qonaqlarım arasında disbalansa yol verməyim. Sənin sualından görünür ki, deyəsən, buna o qədər də nail ola bilməmişəm. Amma neyləyim, Əkrəm Əylisli demişkən, ürək yaman şeydir.

 

- Amaliya xanımla qohum olduğunu deyirlər. Bu, doğrudurmu?

 

- Bilirəm, belə deyirlər. Hətta televiziyaya işə düzəlməyimi, çox gənc yaşımdan ekrana çıxmağımı da onun adı ilə bağlayırdılar. Amma Amaliya xanımla heç bir qohumluq əlaqəm yoxdur. Bizi onunla ruhi-mənəvi tellər bağlayırdı. O, aktrisadır, mən pərəstişkar. O, sənətkardır, mən jurnalist. O, sənət yaradırdı, mən onu təbliğ edirəm.

 

- Sənə elə gəlmirmi ki, on illər keçdikcə kumirlərimiz bəzən neqativə doğru dəyişir, amma biz onlara olan uşaqlıq sevgimizi saxlayırıq?

 

- Mənim kumirlərimə sevgim və hörmətim daimidir. Hətta onlar nə zamansa dəyişsələr, nə vaxtsa onlara olan ideal münasibətim reallıq tərəfindən zədələnsə belə. Mən həmin o uşaqlıq sevgiləri xatirinə hər şeyə göz yummağa hazıram və göz yumuram da.

 

- Sən teleməkanda reytinq ardınca qaçmayan, həqiqi sənəti və əsl istedadı təbliğ edən azsaylı aparıcılardan birisən. Bu, hazırkı dövrdə az qala qeyri-mümkün görünür. Buna necə nail olursan?

 

- Mən iki telekanalda işləmişəm, iyirmi il AzTV-də, səkkiz il də İTV-də. Bu telekanalların heç biri reytinq televiziyası olmadığı üçün bu baxımdan çətinliyim olmayıb. Mənim çalışdığım telekanalların rəhbərləri gördüyüm işə heç vaxt reytinq nöqteyi-nəzərindən baxmayıblar. Bu barədə özümü şanslı sayıram.

 

- Özündən öncəki sənət proqramları aparıcılarından ən çox kimləri bəyənirsən? Sovet vaxtı nümayiş etdirilən “Gözəllik” proqramının aparıcısı, Bethovenin iyirmi altı yaşdan sonra kar olmasından gözləri dola-dola danışan Zəhra Quliyeva yadındadırmı?

 

- Mənim yeniyetmə vaxtlarımda ekrana əsl telejurnalistlər cıxırdı . İlqar Əlifoglu, İradə Tuncay, Nadejda İsmayılova… Mənə cox maraqlı idi onların proqram aparmaqları. Cünki diktorlardan fərqli olaraq, başqasının yox, öz sözlərini deyir, müstəqil düşünürdülər. Zəhra Quliyeva da yadımdadı. Musiqinin gözəl bilicisi idi, musiqi xadimlərini böyük sevgi ilə təqdim edirdi. Özünəməxsus diksiyası, güclü, sirayətedici temperamenti vardı. Sadəcə olaraq, mən musiqi ilə o vaxtlar elə də maraqlanmırdım. Bu sahə ilə bağlı verilişlər də mənə maraqlı deyildi. Nə Bethoven, nə onun musiqisi, nə də cavan yaşından kar olması. Mən teatrın fanatı idim. Bu fanatizm digər sənət sahələrini görməyə mənə, sadəcə, imkan vermirdi. Məcnunun diliylə desək, teatr sözü söylə, yoxsa xamuş!

 

- Televiziya rəqabət mühitidir, çünki orda şöhrət amili var. Bu baxımdan sənin də qismətinə acı günlər düşməmiş olmaz.

 

- Bunsuz olarmı? Çox gənc idim, təcrübəsiz idim. Mən ekrana çıxanda dövlət televiziyasının sədri Məmməd Murad idi. Bir az keçdi, onun yerinə Məməd İsmayıl gəldi və ekranda görünməyimə qadağa qoydu.

-

 Nəyə görə?

 

- Deyirdi ki, efir yaraşığı yoxdur, çox arıqdır, üzündə civvəzlər var və sair…. Cəbhə hakimiyyətdən getməsəydi, yəqin ki, ekran üzünə həsrət qalacaqdım. Bəxtimdən onların hakimiyyəti cəmi bir il çəkdi və yenidən işimə qayıtdım. Amma yeni rəhbərliyin də vaxtında işim yağ kimi getmirdi. Kəskin müzakirələrin getdiyi “letuçka”larda haqlı-haqsız tənqidlərə məruz qalırdım. Məni gah proqrama dəvət etdiyim qonaqlarla efirdə rəqs etmək, gah da bilyard oynamaqda qınayırdılar. “Letuçka”da hamının gözü qabağında tənqid olunmaq indi göründüyü qədər sadə məsələ deyildi. Teatrdan uzaqlaşdırılmış Əminə Babayevanı proqrama dəvət etdiyimə görə o vaxtlar Milli Teatra direkltorluq edən Turabov televiziyaya zəng etmişdi ki, Vidadi efirə buraxılmamalıdır. Adını çəkmək istəmədiyim bir nəfər vardı, “letuçka”larda hər fürsətdə məni vurmağa bəhanə gəzirdi ki, bu tələbə burda nə neyləyir? Sonralar onun özünü rüşvət üstündə televiziyadan uzaqlaşdırdılar.

 

- Bu qədər maneədən necə keçirdin?

 

- Hər dəfə mənə ustadım Mailə xanım kömək edirdi. Allah onun ruhunu şad eləsin.

 

- Bəs, çağdaş teleməkandakı aparıcılıq sənəti necə, səni qane edirmi? Gənc aparıcılara nələri məsləhət görərdin?

 

- Müstəqillik dövrünün teleaparıcıları içində Mirşahin, Vəsilə Vahidqızı sözün müsbət mənasında bir örnək sayıla bilərlər. Amma, təəssüf ki, öz işini bilməyən naşı, təsadüfi, savadsız adamlar da hazırda bu sənətə ayaq açırlar. Mən belələrini aparıcı hesab eləmirəm. Necə ola bilər ki, internetdən götürdüyün yanlış məlumatlarla ekrana cıxasan? Kimsə sualları yazıb sənə verə, sən də robot kimi üzündən oxuyasan. Sonra da gəlib deyəsən ki, mən aparıcıyam. Məncə, hər hansı teleproqramın aparıcısı həm də onun müəllifi olmalıdır.

 

- Hazırda ekrana niyə çıxmırsan?

 

- Mən iyirmi altı il ekranda olmuşam, hələ hamının ekrana çıxa bilmədiyi vaxtlarda. Söhbət, əlbəttə, ekrana jurnalist kimi çıxmaqdan gedir. Mənim proqrama dəvət etdiyim şəxslərin hərəsim bir Azərbaycandır. Əksər televiziya əməkdaşları, aparıcımı deyim, jurnalistmi deyim, o böyük şəxsiyyətləri həyatda görməyiblər. Mən isə ekrana çıxdığım ilk gündən qəbul olunmuşam o böyük şəxsiyyətlər tərəfindən. Lakin mən hər layihəmdə deyiləcək sözüm olanda ekrana çıxıram. Ekrana çıxmaq xatirinə çıxdığımı xatırlamıram. Özümü ekranda yox, ekranı özümdə sevmişəm. Mən diktor olmamışam, bu sənət daha çox hər şeyi insana hazır mətn vasitəsilə diktə edən SSRİ dövrü üçün səciyyəvi idi. Mənim qismətimə müstəqillik dövrü düşdü. Bu müstəqillik sadəcə siyasi xarakter daşımır. Mətbuat, televiziya, jurnalistika da müstəqilləşib. Yeni dövrün telesimaları artıq diktorlar yox, ekranda öz sərbəst davranışları ilə seçilən aparıcılardır. Mən də onlardan biriyəm. Özü də, Mailə Muradxanlı kimi ustdadın yetirməsiyəm. Ona görə hələlik tələsmirəm. Nə vaxt deyiləcək yeni sözüm olsa, onda çıxacam ekrana.

 

- Aparıcılıq elədiyin sonuncu teleproqram – “Telemizan” xeyli tamaşaçı kontingenti toplaya bilmişdi. Çoxu o proqramın qonağı olmağı arzu edir, bir çox tanınmışlar sənin dəvətini məmnuniyyətlə qəbul edirdi. Sən “Telemizan”da yüksək ölçü, elitar mizan formalaşdıra bilmişdin. Niyə hazırda bu proqrama davam etmirsən?

 

- Hər şeydən öncə xoş sözlərə görə sağ ol. “Telemizan”ın ekran ömrü altı il çəkdi. Bu, bizim teleməkan üçün uzunömürlü layihə sayıla bilər. Bunun üçün çox dəyərli ziyalımız, İctimai Televiziyanın o vaxtkı direktoru Cəmil Quliyevə minnətdaram. Biz “Telemizan”ı birgə yaratdıq. Bu proqrama görə daha bir minnətdarlıq Rus Dram Teatrının direktoru Ədalət Hacıyevə düşür. Çünki çəkilişlərim “Rus drama”sında gedirdi. Bu proqram mənim ekran fəaliyyətimdə mühüm addım oldu. Əlbəttə, söhbət mədəniyyət məsələlərinin ekran müzakirəsində təcrübə qazanmaqdan gedir. Əgər sənin dediyin kimi, bu proqram baxılır, sevilirmişsə, buna şadam. Amma məncə, nə vaxt başlamaq kimi, nə vaxt bitirməyi də bilməlisən. Hər hansı proqram gərək hörmətlə getsin ekrandan. Mənə elə gəlir ki, proqramla vidalaşmaq qərarım yanlış deyil.

 

- Türk pop musiqisinin anası, superstar Sezen Aksu hər teleproqrama çıxmır. Bir dəfə Bəyaz onu öz proqramına dəvət etdi və bu, Türkiyə teleməkanında hadisəyə çevrildi. Amma sən öz proqramlarına, bir qayda olaraq, ən nüfuzlu ədəbiyyat və incəsənət xadimləri ilə çıxırsan. Bu adamları ekrana dəvət etmək elə də asan məsələ deyil. Buna necə nail olursan?

 

- Zeynəb Xanlarova İctimai Televiziyaya bu kanal açılandan on üç il sonra məhz mənim dəvətimlə gəlmişdi. Eləcə də, Elçin, Afaq Məsud, Anar, Fərhad Bədəlbəyli hər aparıcının dəvətini qəbul etmirlər. Ya səviyyə onları qane etmir, ya münasibət. Görkəmlilərin mənim dəvətlərimi nə üçün qəbul etmələrinin səbəbini dəqiq deyə bilmərəm. Amma bir şeyi dəqiq bilirəm – ekrana gəldiyim gündən düşünmüşəm ki, məhz bu şəxsiyyətlərlə işləməliyəm. Bu şəxslər lap uşaqlıqdan mənim kumirim olublar. Çünki onların hər biri öz sahəsinin, sözün həqiqi mənasında, günəşidir və xoşbəxtəm ki, məni öz orbitlərinə buraxıblar. Buna görə taleyimə minnətdaram.

 

- Səni az-çox tanıdığımdan bilirəm ki, sakit dayana bilməzsən. Teleaparıcılığa müvəqqəti olaraq ara verdiyin bu günlərdə nə işlə məşğulsan?

 

- Hazırda Amaliya Pənahovaya həsr olunmuş film üzərində işləyirik. Filmin quruluşçu rejissoru İlkin Şirinlidir. Pandemiya ilə bağlı olaraq çəkilişləri hələlik dayandırmışıq. Payızda işə davam etmək fikrindəyik. Çalışacağıq ki, İlkinlə birgə çəkdiyimiz digər filmlərimiz kimi bu işimiz də uğurla başa çatsın.

 

- Əvvəlki işlərimiz deyəndə yəqin ki, İlyas Əfəndiyev haqqında filminizi nəzərdə tutursan. Bu filmin uğurlu alınmasının səbəblərini nədə görürsən?

 

- Bu uğurun əsasında ilk növbədə filmin böyük yazıçı-dramaturqumuz İlyas Əfəndiyevdən bəhs etməsi durur. İkincisi, film aktual bir mövzuya – Qarabağın bəlalı taleyinə həsr olunub. Yəni biz filmdə İlyas Əfəndiyevin Qarabağa həsr etdiyi əsərlərinin kinematoqrafik üslubda təhlilini vermişik. Üçüncüsü, yaradıcı heyət peşəkarlardan təşkil olunmuşdu. Ssenari yaxşı ola bilər, amma əgər rejissor, operator, montaj rejissoru səriştəli deyilsə, ciddi uğura nail olmaq mümkün deyil. Bu filmin də rejissoru İlkin Şirinli idi. Operatorlar Bədəl və Ülvinin, montaj rejissoru Elnur Ehtiramoğlunun da bu uğurda öz payları var idi.

 

- Sənətdə qazandığın uğurlara görə özünü kimlərə borclu bilirsən?

 

- Sənət taleyimdən razıyam ki, həmişə məni xeyirxah insanlarla qarşılaşdırıb. Mən artıq Mailə Muradxanlının sənət uğurlarımdakı rolu barədə bayaq danışdım. Bir çox böyük sənət adamları da var ki, ən çətin günümdə mənə dəstək olublar. Birinin adını çəkim, qoy başqaları inciməsin – Zeynəb Xanlarova! Mənə elə gəlir ki, böyük sənətkar olmaq azdır, gərək insan olasan. Əsas şərt odur ki, heç kimin haqqını itirməyəsən, nankor, çörəyi dizinin üstündə olmayasan. Mənim bir nümunəm də atamdır. O, təkcə mənə yox, həyatda rastlaşdığı xeyli insana qarşı xeyirxah olub.

 

- Otuz ilə yaxındır ki, televiziyadasan. Sənət adamlarının yaradıcılığının təbliği ilə məşğulsan. Hamı bilir ki, sən onları necə fanatik məhəbbətlə sevirsən. Bu zəhmətin, bu sevginin qarşılığında işinə verilən dəyərlə razısanmı?

 

- Yəqin, fəxri adı nəzərdə tutursan. 2016-cı ildə görkəmli sənətkarımız, rəqs ustası Afaq Məlikova haqqında film çəkirdik. Filmə böyük sənətkarımız Fərhad Bədəlbəylinin də çıxışı daxil edilmişdi. Həmin gün televiziyanın 60 illiyi münasibəti ilə cənab Prezident televiziya əməkdaşlarının böyük bir qismini fəxri adlarla təltif etmişdi. Fərhad müəllim məndən soruşdu ki, səni təbrik edə bilərəm? Yox, dedim, mənə heç bir ad verilməyib, nə iş görmüşəm ki ad alam? Fərhad müəllim dedi ki, niyə, sən ədəbiyyata, incəsənətə xidmət edirsən. Dedim ki, mənim mükafatım sizin kimi sənətkarların verdiyi böyük dəyərdir, telefon zənglərimə cavab verməyinizdir, proqramıma gəlməyinizdir. Fərhad müəllim gülümsədi və heç nə demədi. Mən onda, doğrudan da, belə düşünürdüm və indi də bu məsələdə fikrimi dəyişməmişəm. Amma hər bir sənət adamı kimi mən də cənab Prezidentimiz tərəfindən fəxri ada layiq görülsəm, bundan, əlbəttə ki, qürur duyaram.

 

- Səni yenidən sənət proqramlarının aparıcısı kimi görə biləcəyikmi? Ümumən, gələcək planların nədir?

 

- Gördüyünüz kimi, hazırda İctimai Televiziya yenidən qurulur. Yeni layihələr gəlir ekrana. Bu layihələr beynəlxalq statusu olan proqramlardır və rəhbərlik tərəfindən lisenziya ilə alınır. Yəni bəzi telekanallarda olan bir çox proqramlardan fərqli plagiat deyil. Bu gün İctimai Televiziyada əsl yaradıcı mühit var. Telekanalın baş direktoru Balakişi Qasımov hər bir əməkdaşın dəyərini layiqincə verir. O, işdən çıxmaqla bağlı ərizəmə qol çəkməsə də, mən bir müddət öz istəyimlə İTV-dən ayrılmışdım. Amma gedəndən sonra gördüm ki, İTV-nin əməkdaşları, ordakı yaradıcı mühit üçün darıxıram. Kanalın rəhbərliyinə müraciət etdim, Balakişi müəllim məni yenidən öz işimə, hətta öz otağıma qaytardı. İndi yaradıcı müzakirələrimizi həm Balakişi müəllim, həm də baş direktorun bədii yaradıcılıq üzrə müavini Tural Sevdimalı ilə birgə edirik. Ən başlıcası odur ki, Balakişi müəllim də, Tural Sevdimalı da məmur inzibatçılığından uzaq şəxslərdir. Bu hər hansı yaradıcı mühitdə, o cümlədən də televiziyada çox önəmli amildir. Əgər alınsa, ekrana yeni bir layihə ilə çıxmaq istəyirəm. Amma bu, teleaparıcılıq fəaliyyətimdə yeni mərhələ yaradacaq bir layihə olmalıdır.

 

- Qarşıdan 22 iyul – Milli Mətbuat Günü gəlir. Deyiləsi bir sözün varmı?

 

- Bütün qələm əhlini bu münasibətilə təbrik edir, hamıya yeni yaradıcılıq uğurları və sağlam həyat arzu edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.