Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
Fikir vermisinizmi? Eyni kitabları oxuyur, eyni filmlərə baxır, eyni musiqiləri dinləyir, eyni yerlərə gedib-gəlir, qısacası, düşüncələrimizi eyniləşdirmişik. Az izlənməsi, az dinləyicisi olan film-mahnıları sınayıb, bəyənməkdən qorxuruq. Dillərdən "mən azad fikirliyəm" sözləri, gözlərdən "mən fərqliyəm" baxışları əks olunur və iddia edilir. Amma heç kim özünü dinləyəcək cəsarəti tapmır. Hissləri danışmaq istəyib dilə gəldikdə, həmin o dili, kəsir yavaş-yavaş beyindəki məntiq.
Daima bir-birləri ilə məsləhət alış-verişi edir, sanki biz qarşı fikirlə, qarşımızdaki isə bizim fikrimizlə özünü qarantiya altına alır. Hərkəs azad fikrə sahib olub, sürü psixologiyası ilə gedir, istəklərini isə susdurub, ruhunda dustaq edir. Hərkəs eyniləşmiş düşüncələr zəncirinə tutunub gedir. Kiçikkən beyin və düşüncələrimiz istədiyimiz kimi yox, istədikləri kimi formalaşdırılır, eyniləşdirilir. Sanki gözlərimizi bağlayıb, cahillik yolundaki karvana qoşurlar. Biz isə, o qədər kor oluruq ki, əllərimizin olduğundan xəbərsiz qalırıq. Gözlərimizin görməsinin nə xeyri, başqa əllər bizi həqiqətə kor etdikdən sonra?
Yolunu itirmiş bir insanın qarşısına iki yol çıxır. Bir yolda insanlar baş alıb, karvantək ard-arda, "gözləri bağlı" şəkildə gedir. Digər yolda isə heç kim olmur. Həmin insan heç düşünmədən sürüyə qoşulub gedəcək. Qaranlıq yolun sonunu aydınlıq, aydınlıq yolun sonunun qaranlıq ola bilmə ehtimalını düşünmədən gedəcək. Yolun hara aparacağını bilmədən. Bəlkə də o qorxduğu yol, onu "özünə aparacaqdı." Lakin o, özündən qorxurdu. Çünki o, özünü tanımırdı, çünki o, özünə yad idi. İnsan çox qorxaq varlıqdır əslində. Daima "əsl özündən qorxub." Tək qərar verməyə, tək düşünməyə, tək addım atmağa, tək yaşamağa, bir şeyləri tək başına bacarmaqdan qorxub.
Hər məsələdə özünə hər daim "yol yoldaşı" axtarıb.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)