MƏQAMI UCA XAQAN- İlham Əliyev!!! Featured

Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət”

 

Onun məqamı Tanrı dərgahında çox Ucadır, çox Böyükdür!

Tanrı istədiklərini, sevdiklərini ucaldar, ən qatı zülmətlərdən, ən dərin quyulardan çıxarar.

Tanrı buyurduğu üçün İlham Heydər oğlu Əliyev Prezident oldu. Qədim türklər üçün dövləti idarə edən, dövləti quran şəxsin titulu “Xaqan” idi.  Ən qədim konstitusiyamız sayılan, Ötükəndə tarixə şahid qalan Bilgə Xaqanın daş məktubunda belə yazıdırıb:

“Babamızın, əmimizin qazandığı millətin adı- sanı yox olmasın deyə, Türk milləti üçün gecə uyumadım, gündüz oturmadım. Kiçik qardaşım Kül Tegin ilə, iki şad ilə məhv olmaqdan qurtardım… Ondan sonra dövlətim, qismətim olduğu üçün, öləcək bir milləti əyin-başlı etdim. Fağır milləti zəngin etdim. Az milləti çox etdim. Dəyərli ellərdən, dəyərli xaqanlardan daha yaxşı etdim”.

Doğulandan kürəyinə Çingiz Xan tamğası vurulan Xaqan İlham Heydər oğlu!

Məqam elə məqamdır ki, Bilgə Xaqanın daş kitabəsinə yazdıqları İlham Əliyevin alın yazısı oldu.

“Adil hökmdar, Ədalətli Xaqan, Uzaqgörən Prezident!”.

Bu adların hamısını ona bu XALQ verdi! Onu bu XALQ seçdi! Bu XALQ ona inandı!!!

...Tanrı sevib seçdiyinə səbr verər. Səbirlidir. Bütün beynəlxalq basqılara, düşmən həmlələrinə, içərimizdə olan “daxili düşmənlərə” səbrlə cavab verdi.  

2003-cü ildə hakimiyyətə gəldiyindən bu günə kimi xalqa verdiyi vədlərini söz-söz, cümlə-cümlə həyata keçirdi və xalqına müjdələr verməkdədir.

 

Bilgə Xaqanın kitabında yazılır:

“Tanrı buyurduğu üçün, özüm də dövlətli  olduğum için Xaqan oturdum. Xaqan oturup aç, fağir milləti həp toplatdım. Fağir milləti zəngin kıldım. Az milləti çox kıldım. Yoksa bu sözümdə yalan var mı? Türk bəyləri, milləti, bunu eşitin!".

Azərbaycan yurdunun Xaqanı - İlham Heydər oğlu Əliyev bu dövlətin rəhbəri olduğu gündən  gecə uyumadan, gündüz oturmadan- dünyanın hər yerindən üstümüzə gələn siyasi güclərin ucbatından qaytara bilmədiyimiz Vətən və torpaq problemimizin çözülməsi üçün yollar axtardı... Sonunda 2020-ci ildə savaşa üstünlük verdi. Əmir Teymurun hərb siyasətinə uyğun bir döyüş siyasəti aparıb, İlham Heydər oğlunun adına yazılacaq yeni döyüş siyasəti yazdı. Bu həm də dünyaya açılan haqq-ədalət savaşı idi. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuz tarixi torpaqlarımızı geri qaytardı. Tarixin çiyinlərinə qoyduğu missiyanı bir Türk fatehi, Türk sərkərdəsi kimi mətinliklə, qətiyyətlə həyata keçirdi.  

Bilgə Xaqan atası Kutluq Xaqan haqqında daşa həkk etdiyi məktubda elə bil ki, bizim taleyimiz yazılıb.

 

Bilgə Xaqanın kitabında yazılır:

“...Toplanıb yetmiş ər olmuş. Tanrı qüvvət verdiyi üçün babam xaqanın əsgəri qurd kimi idi, düşməni qoyun kimi idi. Şimala-Qərbə əsgərlərini yığıb topladı. Hamısı yeddi yüz ər oldu. Yeddi yüz ər olub, elsizləmiş eli, xaqansız milləti , cariyə olmuş , qul olmuş milləti , Türk törəsini buraxmış milləti, əcdadımın töprəsini yığıb, yetişdirdi”.

Həmin tarixi savaş günlərimizi təkcə azərbaycanlılar deyil, bütün dünya xatırlayır. Biz adi vətəndaşlar, sıravi əsgərlər, ordumuzun əzəmətli oğulları düşmənlə vuruşduqsa, Ali Baş Komandan İlham Əliyev bütün dünya ilə, böyük güclərlə siyasi və güc savaşına çıxdı. Dünya yeni bir İlham Əliyevi tanıdı! Dünya bildi ki, qarşılarındakı adi insan deyil, fövqəlbəşər bir sərkərdə, diplomat və sərkərdədir!

Həmin ağrılı və savaşlı, qanlı-qadalı günlərimizdə bir gözümüzü güldürüb, bir gözümüzü ağlatdı qəhrəman oğullarımız! Lakin hamımız bir olub Ali Baş Komandanın ətrafında birləşə bildik! Hər gün ondan hesabat gözlədik. Sərkərdə İlham Əliyev də mavi ekranın işığı ilə bizə Ordumuzun qazandığı uğurları bəyan edirdi.  

Böyük güclərin Şahmat taxtasında oyuna çıxarılan Azərbaycanı Şah gedişi ilə başa gətirdi. Dünyanı mat qoydu.

2023-cü il 15 oktyabrda Xankəndində üçrəngli hilalımız dalğalandı. Azərbaycanın tarixi torpaqları birmənalı şəkildə İlham Əliyevin iradəsi, gücü ilə özünə qayıtdı. İndi içimizdə bir rahatlıq, bir firavanlıq vardır.

İki gün bundan əvvəl Xankəndində furbol oyununu izləyən dostlardan biri sosial şəbəkədə belə bir fikir yazmışdı: “Tanrıya and olsun, hər il bu vaxtı Xankəndində boran, tufan, qar olardı. İndi isə havaya bir baxın, Günəş şəfəqləri ilə Xankəndini nura boyayıb”.

Bu məqamın özündə də böyük Yaradanın, Tanrının hikməti və bildiyi vardır. Tanrı xoş məqsədlə yola çıxanın yolunu işıqlandırar... Həmin gün Xankəndinə istisini çoxaltmışdı ki, Xaqan İlham Əliyevin düşmənin viran qoyduğu torpaqlarımızda apardığı quruculuq, abadlıq işlərini dünya bir daha görsün.

... Bir neçə gün bundan əvvəl bir taksi sürücüsü ilə söhbətimi xatırlatmaq istəyirəm. Söhbət 2024 cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən düşdü. Sürücü dedi: “Mən və mənim bütün sülaləm İlham Əliyevə səs verəcəyik. Çünki mənim aşağıya dikilmiş başımı, qısa dilimi uzun edib. Bacı, tez-tez səfərlərdə olurdum. Ərəb ölkələri, Rusiya, Avropa.... Azərbaycanlı olduğumu biləndə məni dəfələrlə pərt etmək üçün Qarabağın kimin torpağı olduğu haqqında suallar verirdilər. “Bizimdir” deyəndə, rişxəndlə  deyirdilər ki, səninki olsaydı səndə olardı... Prezidentimiz “Qarabağ Azərbaycandır!”-dedi. Və bunu tarixə yazdı. Heç bilirsiniz, indi bizə münasibət necə dəyişib? Azərbaycanlı olduğumu biləndə hər kəs İlham Əliyevdən danışır...”.

Siyasi lider, güclü sərkərdə İlham Əliyevin apardığı siyasi xətt bu gün Azərbaycanı geosiyasi məkanda ən güclü region edibdir. Türk Dövlətləri Təşkilatında, BMT-də, İslam Əməkdaşlıq Təşçkilatında... və digər beynəlxalq təşkilatlarda qərarlar veriləndə , mütləq Azərbaycanın nüfuzu və gücü, imzası nəzərə alınır.

“İmza” dedim, cənab İlham Əliyevin İMZA-sını xatırladım. Onun “Sözü imzası qədər, imzası da sözü qədər keçərlidir!”.

Dünya hara baxsa da, neyləsə də İlham Əliyevin çevik siyasəti nəticəsində indi dünyanın bütün yolları Azərbaycandan keçir.

Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzində yerləşir. Bu baxımdan, ölkənin nəqliyyat dəhlizləri sahəsində əhəmiyyəti günbəgün artır. Ətrafımızda gedən prosesləri nəzərə alsaq, Azərbaycan alternativsiz varianta çevrilir. Ona görə də hazırda respublikamız Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzərində fəal iş aparır. Bu, çoxformatlı bir şəbəkədir. Azərbaycan həm də TDT-nin yaradıcılarından biri olmaqla yanaşı, nəqliyyat dəhlizi üçün alternativsiz bir məkandır.

XXI əsr türk əsridir. Bu əsrə hər bir türk dövləti və ədalət, haqq axtaran ölkələr, dövlətlər və insanların öz tövhələrini verəcəklərinə inanıram.

Bu əsrdə İlham Əliyevin imzası ilə yazılan türk tarixində qalacaq böyük Qələbəmiz vardır. Əsrin əvvəlini belə böyük bir Zəfərlə başlamağın özü də gələcək yolların İPƏK kimi olacağına inamı artırır. Bu yol Zəngəzurdan keçir. Zəngəzurdan keçən yolun tarixi adı isə İpək Yolu olub.  Bu yolda özünü türk sayan, soyu-kökü türk olan hər bir kəs, hər bir dövlət Azərbaycanın yanındadır.

 

Bilgə Xaqan məktubunda yazır ki:

“İnsan oğlunun üzərinə əcdadım Bumun Xaqan (Kutluiq Xaqan nəzərdə tutulur), İştemi Xaqan oturmuş. Oturaraq türk millətinin elini, törəsini ucaltmış, bir araya gətirmiş. Dörd tərəfimiz düşmən idi. Ordu yığıb, dörd tərəfimiz düşmən idi. Başıyla baş endirdi, diziylə diz çökdürdü.  Doğuda Kadırğan meşələrinə qədər, Batıda Dəmir Qapıya qədər əraziləri aldı... İlteriş Xaqan qazanmasaydı, mən özüm qazanmasaydım el də millət də yox olacaqdı. İlteriş Xağan qazandığı üçün, mən özüm qazandığım üçün, elimiz el oldu, millətimiz millət oldu... “.

Tarixin İpək Yolunda Zəfərlə qoşulanlar nə xoşbəxtdirlər.

Bu Zəfəri, bu Qələbəni Göy Tanrı istəyir. Pis niyyətli neyləsə də, Tanrı sevdiyini hər bəladan, hər qəzadan hifz edər.

 

Necə ki, Bilgə Xaqanın daş kitabında yazılıb:

“Türk- Oğuz bəyləri, eşidin! Üstdə göy  çökmədikçə, altda yer dənizi  yarılmayınca, elin, türkün törənini kim poza bilər? Ey Türk ulusu! Kəndinə dön. Səni yüksəltmiş Bilgə Xağanına, özgür və azad ölkənə qarşı  xəta etdin, pis duruma düşürdün”.

Vətənimizi, elimizi pis duruma salmamaq üçün bir olaq, birlik olaq, birgə olaq! Unutmayın ki, Tanrı da buyurub ki, əvvəl Söz yarandı. Və o sözü ilk dəfə daşlara da göy türklər yazdı. Ona görə də belə hesab edirəm ki:

“Ulu türkük, daşda bitən sözümüz,

Bir İMZAdır daş  tarixin içində”.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.