Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
-Şiddət görürəm.
-Başa düşmədim, necə yəni? Nə şiddət?
-Məni olmadığım birinə dönüşdürürlər, yeni cild, yeni keyfiyyətlər verirlər, məni insanlıqdan uzaqlaşdırırlar.
-Nə danışırsan ay qız sən? Yediyin önündə, yemədiyin ardında. Gündə bir paltar geyinirsən, gəzib, rəqs edirsən. Dəlisən sən? Şiddət görürmüş. Yox bir. O cür adam sənə dəstək durub səni seçib, sən cəmiyyətdə tanınırsan. Həm belə baxanda, şöhrətin, reklamın pisi yaxşısı olmaz, tənqid də edilsən, linç də, olsun da, əsas odur yerin rahatdır.
-Deyil, sən heç nə bilmirsən.
-Ay qız, ağlıvı başıva yığ. Belədə ki, özün bəyəndin, özün seçdin. Pisdi, yaxşıdı, dözməlisən. Sən bu evdən ağ gəlinliklə çıxmısan. Oradan da ancaq kəfənlə çıxarsan. Başa düşdün?"
https://youtu.be/mkRqF8-Hqqc?si=ZI7_Im2xl_TOhgi0
Yeni bir ilə günlər qala mən keçmişdə baş verən bir hadisəylə bağlı danışmaq istəyirəm. Xüsusilə Türkiyədə olduqca bilinən bir hadisə... Düzdür, başda yazdığım dialoqla qismən daha fərqli mövzuları əks etdirir, amma mahiyyət birdir.
Adnan Oktar birliyi.
Eşitmişdiniz? Kişi adına yaraşmayan, cinsiyyəti kişi, özü iblis olan birindən gedir söhbət. Təbii ki, bu işdə tək də deyil, ona dəstək duran yüzlərlə oğlanlar, iş adamları, qadınlıqdan xəbəri olmayanlar və s..
Əslində Adnan Oktar məsələsi illər öncə bağlanmışdı, hətta onun yanındakı qadınlarla bağlı olduqca iyrənc, qırıcı ifadələr də işlədilmişdi. Bir çoxumuz, hətta demək olar hamımız qınaq obyektinə çevirmişdik o xanımları. "Axı insan özünə niyə bunu edər? Axı insan bu qədər cildini dəyişər? Nəyə görə bu mundar iblislə bərabərdirlər?" Deyə suallar vermişik dəfələrlə. Məsələnin iç üzü isə hələ bir neçə ay öncə çəkilən bir reportaj-filmlə aydın oldu. Sən demə onlar, o qadınlar iblisin yoldaşları yox, qurbanlarıymış...
Gənc qızları müxtəlif taktikalarla cavan, yaraşıqlı, guya iş-güc sahibi oğlanlar aldadıb başlarına min bir bəla, min bir oyun açıb, nəhayət, onları baş şeytana təslim edirmişlər. Təcavüz, şiddət, basqı görən qadınlar illər boyu qanları, ruhları sorulur, öz düşüncələrini, hislərini tamamilə itirir və sonda məğlub olurlar. Belə qısa danışıb kećməyimə baxmayın, bu proses 1həftə yox, aylar, hətta bəzən illər çəkirmiş. Sonrasındaysa kölələşdirmə siyasəti. Düşünə bilirsiniz? Ekran qarşısında onu tərifləsin deyə qızları döyürmüş o cani. Zaman keçdikcə bütün ümidini itirən hər insan kimi o qızlar da yaşayarkən ölməyi qəbul ediblər.
Bir az əvvəl internetdə türk seriallarından birindən bir səhnə gördüm və bu ağlıma gəldi. Demək serialda qız danışır ki, uşaq evində böyüyür, orada çox sevimli bir müəlliməsi olur. 18yaşı tamam olduqda müəllim onu öz evinə aparmaq istədiyini, onu qızı kimi sevdiyini, oğluna almaq istədiyini deyir. Lakin heçnə bu qədər məsum olmur. Müəllim də, oğlu da eyni Adnan Oktar məsələsindəmi minlərlə vasitəçilərdən biri olur. Bəhsi keçən qız və onun kimi gənc, həyatı əslində irəlidə olan, amma bu canilərin sayəsində geridə qalan qızlar var və zamanla gücsüz qalıb boyun əyirlər. Cürbəcür xalq diliylə desək, "pis yollara" sürüklənirlər. Hətta uşaqları əllərindən alınır, satılır. Vəhşiliyin səviyyəsini ölçə bilirsiniz beyninizdə? Şəxsən mən yox.
Düzdür, bu bir serialdır. Düzdür, Adnan Oktar məsələsi çoxdan bağlanıb. Amma bunlar reallığı dəyişmir ki, həyat, bu dünya bu cür murdar insanlarla doludur. Başda yazdığım kiçik dialoqa qayıtsaq, əslində bir az da o qızların zəifliyini anlamaq olar deyə düşünürəm. Bilirik ki, mental basqılarla böyüdülən, ailəsi tərəfindən olduqca sərt reaksiyalar görən qadınlar sevməkdən, seçməkdən də qorxur, çünki onların geri dönüşləri də olmur. Başqa dillə, gəlinliklə getdikləri evdən kəfənsiz çıxmaq kimi şansları olmur, qorxuyla bir ömür hər əzaba qatlaşmağı gözə alırlar... Acınacaqlı vəziyyətdir.
Valideynlər, müəllimlər, ümumiyyətlə bir az vicdan sahibi olan hər bir kəsə aiddir bu. Sevgi öyrədin övladlarınıza, nifrət, pislik, kin yox. Allah uzaq eləsin elə qızım olmaz deyəcəyinizə, öz övladınızı yetişdirin. Elə oğlum olmaz olsun deyəcəyinizə güzgüyə baxın, mən harada zəhv etdim deyə. Bir uşaq, bir körpə heç bir zaman şəxsiyyət deyil. Deyirlər uşaq ailənin guzgüsüdür, uşaq ailənin yox, cəmiyyətin güzgüsüdür. Gələcəyinizi, öz övladlarınızın gələcəyini xilas etmək üçün öncə bilirsiniz nə etməlisiniz? Başqalarının övladlarının gələcəyini xilas etməli, öz övladınızı tərbiyələndirməlisiniz. Tərbiyə şiddət, təhqir, acı söz deyil. "Oğlum, bu düzgün hərəkət deyil, belə etməyin doğrudur" cümləsindədir mədəniyyət. Ya da "qızım, gələn səfər bu məsələdə daha diqqətli olmalısan, mən sənə güvənirəm”lə başlamalısınız sözə.
Düzdür, hər zaman valideyndə olmur səhv, bəzən sağlam almanın da içində qurd olur. Amma bu o demək deyil ki, bununla razılaşıb qurdları artıraq.
Unutmayın ki, gələcək uşaqların, uşaqlarsa sizin əllərinizdədir.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)