ZİYA BÜNYADOVUN 100 İLLİYİNƏ
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
“Mən çox istəyirəm ki, biz öz xalqımızı, dövlətimizi daha artıq, müstəqillik dönəmimizin
Ziya Bünyadov, Çingiz Mustafayev, Mübariz İbrahimov kimi qəhrəmanları qədər sevə bilək.
Maddi və mənəvi dəyərlərimizə hörmətlə yanaşaq.”
(Varis)
Bu gün Sovet İttifaqı qəhrəmanı, şərqşunas, tərcüməçi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri dokturu, professor, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, alim, akademik - Ziya Bünyadovunun doğum günüdür.
Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov olmuşdur. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı.
Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü olmuşdur. Atası xidməti işi ilə əlaqədar olaraq Göyçaya göndərildiyinə görə Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939-cu ildə indiki Göyçay şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gedib. Lakin tibb komissiyasından keçə bilmədiyindən yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.
Təhsilini bitirdikdən sonra Ziya Bünyadov xidmət yerinə – Bessarabiyaya göndərilib.
Burada o, Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girib. Müharibə dövründə o, iki dəfə yaralanıb və kantuziya alıb.
Bu zamanlarda xəstəxanalarda keçirdiyi vaxtı çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir
O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak edib. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Ziya Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.
Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə dalaşdığına görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı.Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi.
Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilisa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı.
Göstərdiyi rəşadətə görə 1945-il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Müharibə başa çatdıqdan sonra Ziya Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləmiş və Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalları ilə təltif olunmuşdur.
Ordudan tərxis olduqdan sonra o, 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir.
Ziya Bünyadov 1954-cü ilin may ayında "İtaliya İmperializmi Afrikada" namizədlik dissertasiyasını müdafiə edib həmin ilin avqustunda Bakıya qayıtmışdır. Həmin ildə o, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir.
1958-ci ildən 1959-cu ilə kimi Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmişdir.
1964 ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsrlər tarixi” şöbəsinin rəhbəri olmuşdur.
1964-cü ildə o, “Azərbaycan VII–IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək elmi şura tərəfindən tarix elmləri dokturu elmi dərəcəsi almış, 1964-cü ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor dərəcəsi verilmişdi. Və həmin il onun eyniadlı monoqrafiyası çap olunmuşdur.
Ziya Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsəri ortaya qoyub.O, bolşevizm terroru nəticəsində 1920–1930-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarmış və 1937-ci ilin qurbanlarını xalqa tanıtdırmış, onlara bəraət qazandırmış, adlarını tarixdə bərpa etdirmiş və beləliklə, o dövrü doğru-düzgün işıqlandırmışdır.
1966-cı ildən başlayaraq o, Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin daimi iştirakçısı olmuşdur. O, Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə 1966-cı ildə Türk Tarix Kurumunun müxbir üzvü, 1988-ci ildə isə onun Fəxri üzvü seçilmişdir.
Alim həmçinin 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 21 aprel 1976-cı ildə isə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
1970-ci ildə o, "Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. İctimai elmlər seriyası" jurnalının baş redaktoru vəzifəsinə təyin olunmuşdu.
1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunmuşdu.
O, Xilafət və Azərbaycanın VII–XIII əsrlər tarixinin tədqiqatçılarından biri olmuşdur. Alban tarixçisi M.Qoşun “Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərini 1971- ci ildə və Nəşəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə ərəb dilindən rus dilinə tərcümə etmişdir.
SSRİ üzrə səyahətlərində gənclər arasında hərbi-vətənpərvərlik işinə göstərdiyi dəstəyə görə 1976-cı ildə SSRİ ODKYC-nin Fəxri nişanı ilə təltif olunmuşdur. 1980-ci ildə isə o, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü seçilmişdir. O, ensiklopediya üçün Azərbaycan tarixinə aid çoxlu sayda məqalələr yazmışdır. Mənbələrin tədqiqini davam etdirən akademik Bünyadov yeni kitabı – "Azərbaycan Atabəyləri dövləti. 1136–1225-ci illər" üzərində işləməyə başlayır. 1978-ci ildə monoqrafiya çapdan çıxdıqdan sonra çoxlu müsbət rəylər və yüksək qiymət alır. Onun bu əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
1981-ci ilin aprel ayından isə Ziya Bünyadov Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərmişdir. 1982-ci ildə ona "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O, 1988–1990-cı illər ərzində Azərbaycan SSR Elmlər Akademiyasıının Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.
Alim 1990-cı ildə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.
1991-ci ildə o, "Gülüstani-İrəm" əsərini ön söz və şərhlərlə çap etdirmiş və 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülmüşdür.
1990-cı illərdə Ziya Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri olmuş və öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab vermişdir.
1995-ci ildə Ziya Bünyadov Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilmişdir.
Böyük alim 1997-il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən suiqəstlə vəhşicəsinə qətlə yetirilmiş Fəxri xiyabanda dəfn edilmişdir.
1947-ci ildə Ziya Bünyadov Tahirə Bünyadova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla birlikdə olmuşdur. Onun Heydər və Cəmil adlı iki oğlu var.
O, başında araxçına bənzər papaq gəzdirməyi və dənizin qoynunda xəyala dalmağı çox sevirmiş.
Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 saylı tam orta məktəb, Göyçay şəhərindədə 3 saylı tam orta məktəb və ən böyük küçələrdən biri onun adını daşıyır.
2012-ci ildə Bakı Dövlət Univerisitetində Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimdir” mövzusunda respublika elmi konfransı keçirilib. Həmin il Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-in atıcılıq tirlərində onun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilmişdir.
2015-ci il mayın 14-də Bakıda Ziya Bünyadovun “Xarəzmşahlar-Anuştəginilər dövləti. 1097–1231” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Alim keçmiş SSRİ-nin və müstəqil Azərbaycan respublikasının bir sıra yüksək dövlət orden və medalları, o cümlədən “Lenin” ordeni, “Qırmızı Bayraq” ordeni, “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı, “İstiqlal” ordeni (ölümündən sonra) və s. təltif olunmuş, Abbasqulu ağa Bakıxanov adına mükafata, Berlinin Pankov rayonunun Fəxri vətəndaşı, Ürgənc şəhərinin ilk Fəxri vətəndaşı, Astara və Göyçay şəhərlərinin Fəxri vətəndaşı adına layiq görülmüşdür.
Ziya Bünyadov həmçinin bir sıra tarixi, elmi, publisistik və tərcümə əsərlərinin eləcə də məqalələrin müəllifidir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)