Bu günün adı - “Qarabağ”ın pley-off-u

 

Sənan Şəfizadə yazır

 

2014-cü il, dekabrın 11-i. 

Həmin gün baş tutan “Qarabağ”-“İnter” matçını heç vaxt unuda bilmirəm. İtaliyanın “İnter” klubuyla oyunun son dəqiqələrində diktor otağından çıxaraq aşağı düşdüm. Meydanın yanında adəti üzrə azarkeşlərlə sağollaşmaq, onlara təşəkkür etmək istəyirdim. 

 

90+3-də Riçard Almeyda stadionu silkələyən qolu vurdu. Bir anlıq şok oldum, sonra dəhşətli qışqırıqla sevincimi nümayiş etdirdim. Bu qol “Qarabağ”ı və Azərbaycanı pley-offa çıxarırdı, yeni tarix yaşanacaqdı. 

Texniklərlə danışandan sonra qolun müəllifini elan etmək istəyirdim. Meydanda nə baş verdiyini sonradan anladım. Zelinkanın yanlış qərarı stadiona şok yaşatdı. Həmin an Qurban Qurbanov, Rəşad Sadıqov, Riçard Almeyda və digər futbolçuların simasındakı məyusluğu heç vaxt unutmayacam. 

Meydandan kənarda olan bəndənizə təsir edən Zelinka gör “Qarabağ”a necə hisslər yaşatdı. Ağdam klubu 6 xalla qrupda qaldı. "Dnepr" isə 7 xalla növbəti mərhələyə yüksəldi. Həmin oyun azarkeşlərlə çətinliklə sağollaşdım. Çünki onların məyusluğu hiss olunurdu. Yenə güc tapıb komandanı alqışlarla yolla saldılar. 

Matçdan sonra baş məşqçi Qurban Qurbanovun mətbuat konfransında təmkinli cavablarını xatırlayıram. Adam yenə kübarlığını qoruyurdu. Klub rəhbəri Tahir Gözəlin “Biz qrupdan çıxacayıq, növbəti mövsümdə bunu edəcəyik. İnanın” sözləri yadımdadı. 

Həmin oyundan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev “Qarabağ”ı qəbul etdi və komandaya qələbə münasibətiylə təbrikini çatdırdı. Prezidentin dəstəyi “Qarabağ”a böyük kömək oldu.

Bu anın yenidən yaşanacağına hamı inanmırdı. 9 il keçdi və “Qarabağ” geri çəkilmədi. Bu gün Ağdam klubu ölkə futbolu tarixində ilk dəfə Avroliqada qrupdan çıxa bilər. Hər şey öz əlindədir. 9 il əvvəl əlindən alınan nəticəni “Qarabağ” bu gün heç kimə verməyəcək. 

Əziz dostlar, başa düşürəm hava soyuqdu. Televizorda baxmaq rahatdı. Amma stadionda olmaq tarixin parçasına çevrilmək deməkdi. 9 il gözlədik. İllər sonra qürurla xatırlayacağımız güc olacağına inanıram.  

Gəlin “Qarabağ”ı tək qoymayaq!

P.S Biletləri atmayın, oyundan sonra tarixin parçasına çevrilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.