Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- “Kəndimizin çox sadə bir ailəsində dünyaya göz açmışam. Rəhmətlik atam Eldar kişi və əli qabarlı anam Sərvər xanım, məni və ailəmizin daha 4 qız və 2 oğlan uşağını min bir əziyyətlə böyüdüb başa çatdırıblar. Orta məktəbi kəndimizdəki indi 1 saylı orta məktəb kimi fəaliyyət göstərən təhsil ocağında Azərbaycan dilində başa çatdırsam da, ali təhsilimi Ukraynanın Lvov şəhərində rus dilində almışam. Hərbi-siyası jurnalistika fakültəsini bitirən və bu sahə üzrə ilk azərbaycanlı zabit kimi məhz mən tarixə düşmüşəm. Bununla böyük qürur duyuram.
Sual oluna bilər: “Sadə bir kənd uşağı necə oldu ki, Ukraynada qəbul imtahanlarını verib ali təhsilə yiyələndi?”. Deməli, kəndimizdə Cəlil və Səməd adlı, indi haqq dünyasında olan iki poçtalyon var idi. Onların zəhləsini tökmüşdüm ki, mənə rus dilində olan qəzetlərdən versinlər. Kənd yeri olduğuna görə onlar mənə ara-sıra “İzvestiya”, “Pravda”, “Sovetskiy Sport”, “Komsomolskaya Pravda” “Arqumentı i faktı”, “Sobesednik” və digər qəzetləri verərdilər. O qəzetlərdəki irili-xırdalı bütün yazıları böyük həvəslə oxuyur və həmyaşıdlarımla bölüşürdüm. Rus dili müəllimlərim olmuş Anna Mixaylovna Maslova, daha sonra isa Fyodor Fyodoroviç Dudinin zəhmətlərini ömrümün sonuna kimi unutmayacağam. Rus dilinə olan böyük marağımı və həvəsimi onlar dərhal hiss etmişdilər və digər uşaqlardan fərqli olaraq mənə daha çox diqqət ayırırdılar. Mən həm də 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru, hamımızın fəxri və qürür yerimiz olan Həzi Aslanovun lap uşaq vaxtlarından fanatı olduğuma görə özümü gələcəkdə zabit kimi görmək istəyirdim. Bu həvəsə düşməyimdə isə ibtidai hərbi hazırlıq müəllimim, mərhum Allahverdi Səmədovun çox böyük zəhməti olub. Məhz onun verdiyi önəmə və xüsusi diqqətə görə mütləq mənada gələcəkdə zabit olmağı qarşıma məqsəd qoydum. Məktəb illərində həm də çox böyük ictimaiyyətçi olmuşam…”
Dövrünün tanınmış şərqşünas və dilçi alimi Boris Vsevolodoviç Millerin həyatının bir hissəsi Lənkəranla, onun doğulduğu Viravul kəndi ilə bağlıdır. Həm də politoloq olan Miller ölkəmizdə yaşayan etnik xalqların məişətini, adət-ənənəsini araşdırırdı. Bu məqsədlə 1902-ci ildə missiyasına ilk olaraq Lənkərandan başlamışdı. 20-yə yaxın dildə danışan alimi əsasən burada yaşayan yerli xalqın dilinin mənşəyi maraqlandırırdı. Miller 22 ilə yaxın müddətdə Lənkəranda yaşyaıb. Sonradan həyatında baş verən faciə ilə əlaqədar Azərbaycanı tərk edib. Kiçik oğlu ilə Viravulda yaşayan Miller övladının həm tərbiyəsi, həm də təhsili ilə şəxsən özü məşğul olurdu. Oğlu olduqca dərrakəli idi. Atasının təsiriylə hətta kiçik yaşlarında bir neçə dil öyrənmişdi. Miller kənddə, çayın kənarında onun üçün məxsusi tikilən evdə yaşayırdı. Bir gün sel gəlir və Millerin oğlu çaya düşüb boğulur. Onu xilas etmək mümkün olmur. Miller bu dəhşətli hadisədən sarsılır. Həmişə çayın sahilinə gəlib, saatlara axar suya tamaşa edirdi. Hər dəfə oğlu yadına düşəndə qəhər onu boğurdu. Bu faciəyə dözə bilməyən Miller 1924-cü ildə Lənkəranı tərk etməli olur və Moskvaya qayıdır. Deyilənlərə görə, Miller yerli əhaliyə təmənnasız tibbi yardım göstərər və həyətində nadir meyvə ağacları yetişdirərdi. Onun getməsi kənd sakinlərinə pis təsir edir. Boris Millerin yeni tikdirdiyi imarəti sahibsiz qalsa da, heç kim ora köçmür. Baxımsız qalan ev sonralar ibtidai məktəb olur. Amma uçmaq təhlükəsi olduğuna görə burada tədris dayandırılır. Dağılmış evin bəzi materialları sonralar xeyriyyə məqsədilə istifadə olunur. Millerə məxsus evin bünövrəsi üzərində indi də yurd salan yoxdur…
Həyatımda Viravulda cəmi bir dəfə olmuşam. Kəndin dəyərli yetirmələrdən biri- Əzim Əzimovun atasının yas məclisində. O kənd və insanları Əzimin timsalında mənə çox əzizdir. Eşidəndə ki, hərbi ekspert, siyasi icmalçı Üzeyir Cəfərov da o kəndfəndir, çox sevindim. Üzeyir peşəkar zabit kimi 25 il Ukrayna, Belarus, Moldova, Moskva, Tbilisi və Azərbaycanda xidmət edib. Çox yerlərdə yaşayıb, amma doğulub boya-başa çatdığı doğma Viravulu dünyanın ən gözəl guşəsi hesab edir…
“Artıq ömrümün yarıdan çoxunu arxada qoymuş adam kimi tam əminliklə deyə bilərəm ki, kəndimizin yerini heç nə verə bilməz. Çünki ora sevgi-məhəbbətin ilk dəfə dadıldığı məkandır. Necə deyərlər, söz də bəzən aciz olur öz uşaqlıq hisslərini dilə gətirməyə. Bəlkə də bu yaşla əlaqədar olan genetik bir hissdir ki, adam yaşa dolduqca daha çox doğulduğu məkana, yurda, obaya can atır, yenidən uşaq olub, yaşadığı şirin və təkrarsız anları həyatında bir daha hiss etmək istəyir…”- söyləyir…
Üzeyirin 60 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, işlərində və həyatda uğurlar arzulayıram.
Yubleyiniz mübarək, cənab polkovnik!
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)