Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
İşdə idim, hər zamankı kimi ətrafı müşahidə edirdim. Təsadüfən gözüm Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişinə sataşdı. Anonslar həmişəki kimi cəmiyyəti əks etdirən mövzularla dolu idi. "3 aydır itkin düşən gəlin tapıldı", "itmiş gəlin tapılacaqmı ?!" və s. Mövzular olduqca acınacaqlı və bir o qədər də dəhşətli təsir bağışlayırdı. "İtmiş gəlin" anlayışı artıq cəmiyyət üçün "itmiş əşya" statusu ilə eyni mənaya, paralelliyə sahiblik etməkdədir. "Gəlin" dediyimizin isə nə az, nə çox düz 16 yaşı var.
Təsəvvür edə bilirsinizmi bu nə deməkdir ?
Bu əsl dəhşətdir. 16 yaş - yeniyetməlik çağı, həyatı yeni-yeni dərk etmə anları, ətraf aləmlə tanışlıq vaxtı gəlin statusu qazanmaq çox bərbad bir vəziyyətdir. Hələ üstəlik, bir çox kənd yerlərində 9 və ya 11-ci sinif bitdikdən sonra oğul valideynləri "gözaltı", qız valideynləri isə "ər çörəyi" təbliğatı ilə məşğul olmağa başlayırlar. Bu yolda isə statistik terminlər - "gözaltı", " ər çörəyi", " ağ gəlinlik", " imkanlı ailə", " vəzifə", " şirinçay", " yalın ayaq", " kasetlər", " filankəsdən xəbərin varmı ?!", " pıça-pıç"lar və s. özünü göstərməyə başlayır.
Digər bir tərəfdən, ölkə televiziyasının bir çoxu bu kimi verlişlərlə uyğun, eyni adlı kütləni daha da aktuallaşdıraraq, onları idarə edir. Reytinq xətrinə şou düzəldir. Arxa fon musiqisi, "şok"onik anonslar və bir də sanki ölmüsən, artıq səni o biri dünyada mühakimə edən cin-mələk əvəzi münsiflər heyəti var. "Niyə belə etdin ?", "Gərək elə yox belə edərdin". Hələ bir də bu halları böyük səbrlə, həvəslə izləyən, ekran başına kilidlənən evdar "tükəzban" tiplərindən danışmıram. Onlar tamam başqa aləmdir.
Qınamaq asandı hər zaman, əsas məsələ qınaq obyektinə davamlı olaraq çevrilməmək, eyni səhvləri yenidən etməməyi öyrənməkdir.
Ətraf təsiri, təcrübəsiz fərdlər və bünövrəsiz nikah, sütunsuz ailə modeli yaradır. Təbii ki, bu da öz növbəsində çox çəkmir ki, sıradan çıxaraq ailədaxili münaqişələr, problemlər ortaya çıxarır. Son illərin statistik göstəricilərinə nəzər saldıqda görürük ki, ailə quranlarla boşananların sayı az qalsın ki, paralellik təşkil etsin.
Ailə kiçik bir dövlət modelidir. Ailənin nə demək olduğunu dərk etmədən onu yaratmaq çox böyük bir məsuliyyətdir. Hələ üstəlik o ailədə formalaşan fərdlərin taleyini düşündükcə isə bu hal daha da vahiməli vəziyyət almağa başlayır. Erkən nigahlar, ailədaxili təzyiqlər gələcək intiharı və cinayət riski amilini də özündə bir bumeranq kimi saxlamaqdadır.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)