Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Çox-çox adi dolanan,
Dünyaya, cahana, insana.
Gələcəyə inanan,
Tələbə, tələbə, tələbə.
Hay eşitsə, hay verən,
Qəmini saxlayan, gizləyən.
Sevincindən pay verən,
Tələbə, tələbə, tələbə.
Sızlar yada düşəndə,
Ürəyimin telləri.
O mehriban, o əziz,
Tələbəlik illəri.
Hələ şagird ikən bir arzu tumurcuqlanar qəlbində. Orta məktəbi bitirib, ali məktəbə daxil olmaq və uşaqlıqdan bəri sevdiyin və arzuladığın o peşəyə yiyələnmək.
Həkim, müəllim, jurnalist və ya mühəndis...
Bu arzuya çatmaq üçün zəhmət çəkər, var gücünlə çalışarsan. Qəbul imtahanlarına hazırlaşar və yavaş-yavaş əməyinlə cücərdərsən o arzunu.
İmtahan yaxınlaşdıqca həyəcanın daha da artar. Bir yanda orta məktəbi bitirməyin hüznlü sevinci, bir yanda isə gələcək və karyera ümidləri və təlaşları ağuşuna alar səni. Elə ki, imtahan günü gəlib çatar, test kitabçasını əlinə verdiklərində əllərin titrəyərək açarsan onu. Və həyatını dəyişdirəcək o imtahan dəqiqələri başlayar. Çox güman ki, hər kəs imtahandan çıxandan sora dönüb bir imtahan binasına nəzə salar və düşünər: “Görəsən neylədim?", "Görəsən bacardim?"
İmtahan bitər bu dəfə də balların çıxmasını gözləyərsən. Dualar edərsən ki, istədiyin ixtisasa qəbul olacaq qədər bal toplamış olasan. Balların çıxmasını gözləmək də elə imtahan zalında sualların cavabını tapmaq qədər çətin gəlir insana. Bu müddətdə nəbzində, hətta gözlərində bir təlaş olar, həyatının ən önəmli xəbərlərindən birini gözləyərsən.
Sonra ballar çıxar və balını öyrəndiyində içindəki ağırlıq, nigarançılıq qismən yox olar. Sevinclə ixtisas seçərsən. İçindəki ümidlər daha da artar. Və bir qədər də intizar çəkəndən sonra hansı təhsil müəssisəsinə və hansı ixtisasa qəbul olduğunu öyrəndiyin an kəpənəklər uçuşar sanki qəlbində. Ayaqların yerdən kəsilər, sevincindən uçarsan sanki. Bir həyəcan sarar bədənini.
"Mən indi tələbəyəm???"
Sevincdən nə edəcəyini bilməzsən. Təxəyyülündə özünü tələbə kimi təsəvvür etməyə başlayarsan artıq. Diləyirəm ki, tələbə olmaq istəyən hər bir kəsə bu anı yaşamq qismət olar inşAllah. Tələbə olmaq, o həyatı yaşamaq həqiqətən də möhtəşəm bir hissdir. Ömrün ən gözəl çağı gənclik, gəncliyin ən gözəl illəri isə tələbəlik illəridir.
Çətinlikləri olsa da, bəzən hətta bezdiyiniz anlar belə olsa da, buna rəğmən yenə də yaşamağa dəyər, çünki tələbəliyin ən maraqlı tərəfi də elə bunlardır. Savadlı bir kadr, geniş dünyagörüşlü bir şəxsiyyət və hərtərəfli inkişaf etmiş bir insan kimi formalaşmaqda tələbə həyatının hər bir mərhələsi, acılı-şirinli hər bir anı, hər bir xatirəsi öz rolunu oynayır.
Bəli, acısıyla-şiriniylə yenə də tələbəlik illəri tamam ayrı və sanki sehirli bir aləmdir.
Səhərlər tezdən durub deyinə-deyinə dərsə getmək. Gecikdiyin vaxtlarda qb yazılıb deyə məyus olmaq. Hətta bəzən 2/45 dərsdə oturub dərsin sonlarına yaxın dinc oturmadığın üçün dərsin bitməyinə 5 dəqiqə qalmış qb alıb dərsdən qovulmaq, dərs öyrənmədiyin üçün min bir bəhanə gətirib dərsi fırlatmaq, müəllim yeni dərs keçməsin və ya dərsi sorusmasın deyə müxtəlif suallar verib müəllimi danışdırıb, başını qatıb dərsi qaynatmaq, bəzən dərslərdən, tədbirlərdən qaçıb evə və ya gəzməyə getmək, bəzən 2 qiymət alanda "Tələbənin ikisi də olar " və ya imtahandan kəsiləndə "Tələbənin kəsri də olar" deyib özünə təsəlli vermək. Bəzən əziyyət çəkib çalışıb amma yenə də müəllimi qane edə bilməmək, müəllimlə dil tapa bilməmək və buna görə zəif qiymət almaq və ya kəsilmək. Evdən, ailədən uzaqda öz qayğını çəkmək, özünə yemək bişirmək, bəzən yandırıb, qaçıb dönər almaq, bəzən ac qalmaq. Xəstələnəndə ana nəvazişinə ehtiyac olanda məcbur qalıb öz başının çarəsinə baxmaq. Etibarlı və ya vəfasız dostlar qazanmaq. Semestr imtahanının cavabını gözləyərkən kəsr stresi yaşamaq da elə tələbəliyin ləzzəti və özüdür.
Bu gün 17 noyabr beynəlxalq tələbə günüdür. Əziz tələbələr bayramınız mübarək!
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)