Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, siyasi icmalçı, media üzrə ekspert, “İlin qadın yazıçısı” (2010), Prezident təqaüdçüsü Natəvan Dəmirçioğlunun 60 yaşı tamam olur.
Natəvan Dəmirçioğlu 1 noyabr 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir.
Universiteti əla qiymətlərlə oxuyan D.Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. Sonralar Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən 1989-cü il aprel ayında çıxan “Müxbir” jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D.Natəvan haqqında ayrıca məqalə verilmişdir.
Natəvan xanım 1989-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir, 1989-1991-ci illərdə kiçik redaktor, 1991-1994-cü illərdə redaktor, 1994-1995-ci illərdə isə böyük redaktor kimi fəaliyyət göstərmişdir. 1995-2022-ci illər ərzində Azərbaycan Beynəlxalq Radiosunda Cənubi Azərbaycan şöbəsinin müdiri, 2022-ci ildən etibarən isə həmin müəssisənin direktor müavini vəzifəsində çalışır. 2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin doktorantı olmuşdur. 2012-ci ildə “Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu” adlı dissertasiya işini uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Elmi məqalələri Respublikamızda, habelə Rusiyada, Ukraynada, Türkiyədə, Qazaxıstanda nəşr olunmuşdur.
Natəvan xanım pedaqoji fəaliyyətlə də məşğuldur. 2006-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının müəllimidir. BDU-nun Jurnalistika fakültəsinin bakalavr və magistratura mərhələlərində ayrı-ayrı illərdə “RTV (radio-televiziya verilişləri) jurnalistikasının əsasları”, “Jurnalistin praktik yaradıcılığı”, “Xüsusi kurs”, “Azərbaycan Beynəlxalq Radiosu”, “İslami dəyərlərin RTV-də işıqlandırılması”, “Ədəbi redaktə” fənnlərindən mühazirə və seminar dərsləri deyib. On ilə yaxın Odlar Yurdu Universitetinin “Jurnalistika, dil və ədəbiyyat” kafedrasının müəllimi kimi fəalliyyət göstərib. Odlar Yurdu Universiteti tələbələrinə “Beynəlxalq Jurnalistika”, “Kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi”, “Jurnalist sənətkarlığı və tələbənin praktik yaradıcılığı”, ”Jurnalistin nitq mədəniyyəti”, “Radio və TV jurnalistikasında aparıcının iş metodikasının xüsusiyyətləri” fənlərindən mühazirə və məşğələlər keçib.
2013-cü ildə Odlar Yurdu Universitetində Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr edilmiş Beynəlxalq elmi konfransın humanitar bölməsinin elmi katibi olub. Bir neçə il isə Bakı Avrasiya Universitetində “Araşdırma jurnalistikası”, “ Peşəkar jurnalistika”, “RTV jurnalistikasının iş metodikası” fənlərindən mühazirələr oxuyub.
Tədris sahəsində onun fəaliyyəti həm də bu fənlərin proqramlarının hazırlanması ilə bağlıdır. Pedaqoji fəaliyyəti dövründə onlarla tələbənin diplom rəhbəri və məsləhətçisi olub. DİM-in jurnalistika ixtisası üzrə eksperti olan N.Dəmirçioğlu eyni zamanda Teleradio Akademiyasının müəllimidir.
Natəvan xanım yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk yazılarından olan “Bir ovuc torpaq” hekayəsi 1983–cü il, 7 mart tarixində Qazax rayonunun “Qalibiyyət bayrağı” adlı qəzetində nəşr olunmuşdur. Bunun ardınca bir pyes, bir neçə hekayə yazmışdır. Daha sonra 1997-ci ildə “Üç nöqtə”, 1998-ci ildə “Səbət” povestləri “Azərbaycan” jurnalında dərc edilmişdir.
O, 1999-cu ildə Heydər Əliyevin imzası ilə gənc yazarlara verilən birillik prezident təqaüdünə layiq görülmüşdür.
Sonralar “Yetim” povesti Natəvan Dəmirçioğlu imzasını ədəbi ictimaiyyətə tanıtmışdır. Müəllif 2004-cü ildə Azərbaycan Ədəbiyyat Fondunun "Qılınc və Qələm" mükafatına layiq görülmüşdür. 2006-cı ildə bu əsərlərin, “Avey əfsanəsi”, “Dözüm” hekayələrinin və həcmcə daha kiçik olan “Kəlağayı” hekayəsinin daxil edildiyi “Birinci kitab”ı nəşr olunmuşdur. Müəllifin “Birinci kitab”ını mütəxəssislər müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab edirlər. Daha sonra 2010-cu ildə müəllifin ilk kitabı rus dilinə tərcümə olunaraq Moskvanın ədəbi mühitində nüfuzlu olan “Filinta” nəşriyyatında “Kniqa pervaya” adı ilə dərc edilmişdir. Elə həmin ildə yazar həm “İlin qadın yazıçısı” elan edilmiş, həm də Prezident İlham Əliyevin imzası ilə ikinci dəfə prezident təqaüdünə layiq görülmüşdür. Natəvan xanım bir sıra yaradıcılıq birliklərinin üzvüdür, dəfələrlə fəxri fərmanlarla və diplomlarla təltif edilmişdir.
Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə - ingilis, rus, fransız, fars, özbək dillərinə tərcümə olunmuş, Türkiyə türkcəsinə uyğunlaşdırılmışdır. 2007-ci ildə İstanbulda “Hazar kıyısında yerle gök” toplusunda hekayəsi dərc olunmuş, 2014-cü ildə Kanadada "Modern Azerbaijani Women’s Prose” seriyasında “Basket” (“Səbət”) povesti çap edilmiş, 2015-ci ildə isə “Yetim” əsəri Ankarada Türkiyə türkcəsində kitab şəklində buraxılmışdır. “Yetim” əsəri ilk Azərbaycan müəllifinin əsəridir ki, “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından, “Ən iyi əlli romandan biri” nominasiyasında nəşr olunmuşdur. Natəvan Dəmirçioğlunun əsərləri haqqında Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstan mətbuatında bir sıra resenziyalar çap olunmuşdur.
İxtisasca jurnalist olan Natəvan xanımın peşə fəaliyyəti Respublika Radiosunun incəsənət şöbəsi, sonra isə ədəbiyyat şöbəsi ilə bağlı olmuşdur. Burada “Qayğı” bədii-publisistik proqramın, “Şəbəkə”, “İncəsənət salonu” verilişlərinin fəal yazarı, sonra isə “Müqəddəslik və müqəddəslərimiz”, “Qalmaz belə dünya” müəllif verilişlərinin yaradıcısı, “Ovqat” verilişinin ilk yazarlarından biri, eyni zamanda, populyar “Bulaq” verilişinin ilk qadın müəllifi kimi tanınmışdır. O, Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan redaksiyasında işini davam etdirir.
“El folklor toplusu”, “Qayıdıram Araz boyu”, “Örnək”, “Yurd arası çəpər olmaz” verilişlərinin yaradıcısı və müəllifi olmuşdur. Hazırda, həmçinin gündəlik “Səhər” proqramının müəlliflərindən biridir.
İlk olaraq xarici verilişlərin fondunu yaratmışdır. Çox sayda verilişləri radiofondda saxlanılır. “Üç nöqtə” və “Səbət” povestləri əsasında hazırlanan radiotamaşalar Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur. “Xalq qəzeti”nin sifarişi ilə bu nüfuzlu mətbu orqanda dəfələrlə siyasi mövzulu yazılarla çıxış etmişdir.
Evlidir. 2 övladı, 3 nəvəsi var.
“Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Natəvan Dəmirçioğlunu 60 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)