Özü gedər, izi qalar…

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

Elə insanlar var ki, onlar öz əməlləri ilə yaddaşlarda iz salırlar, dünyadan köçəndə bu izlər silinməz qalır. 

Respublikanın əməkdar həkimi, Azərbaycan Tibb Universitetinin müəllimi, tibb elmləri namizədi, dosent Şölə İsmayılova da belə insanlardan biridir. Və mən onun vəfatı xəbərini dərin hüznlə və kədərlə çatdırıram. 

 

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Şölə İsmayılovanın vəfatından kədərləndiklərini bildirir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr, dözüm diləyirlər. 

Allah rəhmət eləsin!

 

Şölə İsmayılovanın ömür yoluna qısaca da olsa nəzər yetirək. O, 1933-ci ildə Qazax şəhərində anadan olub. 1941-1951-ci illərdə Qazax Şəhər 1 saylı orda məktəbdə təhsil alıb. Məktəbi Qızıl medalla bitirib. 1951-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Təyinatla Bakı şəhəri Doğum evinə həkim təyin edilib. O, 1970-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutuna assistent seçilib və 1978-ci ildə Kazan şəhərində disertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 

1981-ci ildən bu günə kimi Azərbaycan Dövlət Tibb Universitetində mamalıq-ginekologiya kafedrasında dosent kimi çalışıb. Həmçinin həkimlik fəaliyyətini davam etdirib. 

Şölə İsmayılova 1961-ci ildə "Ali dərəcəli həkim", 2008-ci ildə isə "Respublikanın əməkdar həkimi" kimi fəxri adlara layiq görülüb. Onlarla elmi məqalənin, səmərələşdirici təklifin müəllifidir. Bir sıra dövlət və hökumət mükafatları var.

Şölə İsmayılova "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü idi. Şölə xanım İctimai Birliyin tədbirlərində iştirak edir, tibbi sahədə insanlara lazım olan köməkliyini əsirgəmir, daim xalqın xidmətində dayanırdı.

 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.