Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
44 günlük Vətən muharibəsində Azərbaycan Respublikasının Mudafiə Nazirliyinin rəsmi olaraq təsdiq etdiyi 6 itkin şəhiddən birinin -İsmayıllı rayonunda doğulan, Maştağa qəsəbəsində böyüyən Elnur Qədirlinin 29 oktyabr itkin düşdüyü gün kimi hesab edilir.
Müdafiə Nazirliyi tərəfindən müddət keçdiyi üçün ona şəhidlik statusu verilib. Anasi Gülxar xanımın hələ də yolunu gözlədiyi, bacısı Mehparə xanımın hər şəhid məzarında onu axtardığı Elnurun. Elnur Qədirli 1997-ci il avqustun 27-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri Elnur Qədirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Anası danışır:
-Sonbeşik idi o. Bir ayrı cür oğul idi. Şirin uşaq idi. Ləhcəsində də şirinlik var idi onun. Hamı onu çox istəyirdi. Gülə-gülə, danışa-danışa getdi. Oktyabrın 7-i son dəfə danışdıq. Dedi ki, “Mama, daha mənə zəng çatmayacaq, bizi döyüş bölgəsinə göndərdilər, mən elə yerə gedirəm ki, daha sizinlə əlaqə saxlaya bilməyəcəyəm".
Şəhidlərimizdən biri olan, həmçinin mənim qohumum olan Lətifli Orxan o vədələr anasına zəng edərkən deyib ki: “Ana, Elnuru görürəm. Çörək yeyirdi, siqaret çəkirdi". Axırıncı dəfə Lətifli Orxan oktyabrın 29-u Elnuru görüb. Məhkəmədə elə bu gün Elnurun şəhid olduğu gün kimi təsdiqlənib. Amma yeri bilinmir. Mənsə elə hiss edirəm ki, ona heçnə olmayıb. Zəif uşaq deyildi. Həmişə deyirdi ki: “Saraylarda yaşadacam səni". Məndən pul alanda deyirdi ki, vallah borclarınızın hamısını qaytaracam. O öz borclarının qat-qat artığını qaytardı.
Şəhidin qardaşı Elçin Qədirli deyir:
-Sentyabrın 29-u bizə Hərbi komisarlıqdan zəng gəldi. Elnuru Vətən müharibəsinə çağırdılar. Elnur hərbi xidmətini çoxdan başa vurmuşdu. Onu səfərbərlik yolu ilə dövlət müharibəyə çağırdı. Biz İsmayıllı rayonunun Hərbi Komisarlığının qabağında nə qədər gözlədik. Sonra bizə dedilər ki, bu gün aparılmayacaq, qaldı səhərə. Sentyabrın 30-u saat 11:35-də biz onu təntənəli şəkildə qohumların, qonşuların, rayon ictiamiyyətinin, icra hakimiyyətinin iştirakı ilə avtobusla yola saldıq. Bütün əsgərlərimizdə böyük ruh yüksəkliyi var idi. Həmçinin Elnurda da.
Şəhidin qardaşı Elvin Qədirli deyir:
-Elvin son beşiyimiz idi. Biz özümüz çox çətinlik içində böyümüşük deyə onun nazı ilə oynamışıq. Nə istəyibsə, onu da edib. Zarafatcıl idi. Böyüklə böyük, kiçiklə də kiçik idi. Bu dəqiqə Elnur deyiləndə ağıla təbəssüm gəlir. Biz onu heç zaman ağlayan, kədərli görməmişdik. O bizim xatirəmizdə təbəssüm dolu, pozitiv qaldı."
Şəhidin bacısı Qədirli Mehparə deyir:
-Biz uşaq olandan valideynlərimiz işdə olublar həmişə. Anam tibb bacısı olub. Əvvəllər xəstəxanada, sonra isə məktəbdə bu peşədə çalışırdı. Elnur balaca olduğundan indi öz uşaqlarıma necə baxıramsa, Elnura da elə baxırdım. Hətta ondan da yaxşı baxırdım. Anamdan çox məndən qorxardı. Nə desəm, onu da edərdi. Anam həmişə deyərdi ki: “Sən de ona, sən desən edəcək". Heç vaxt sözümdən çıxmazdı.
Andiçmə mərasimi idi. Ortancıl qardaşım onun yanına bizim evimizdən getdi. Həmişə də zəng vuranda deyərdi ki: “Heç bir problem yoxdur, hər şey yaxşıdır. Oğul əsgər gedər də".
Əvvəl ərköyün olan Elnur əsgərlikdən gələndən sonra daha məsuliyyətli olmuşdu.
Mən qardaşımı ömrümün sonuna qədər gözləyəcəm. Həmişə demişəm: “Oğul düşmən çəpəridir". Üç min anadan biri də mənim anam olaydı. Amma bilim ki, məzarı olsun. Mən başqa şəhidlərdən, qəbirsanlıqlardan təsəlli alıram. Mənim qardaşımın məzarı yoxdur ki, gedib üstündə ağlayım. Tək təsəllim digər şəhidlərin məzarlarıdır.
Şəhidin dostu Qulamov Məhəmməd deyir:
-Sentyabr idi. Elnur səhərə yaxın mənə dayanmadan zəng edirdi. Səhər idi deyə dedim ki, sonra yığaram. Gördüm zəng kəsilmir. Açdım telefonu. Dedim, Elnur, Salamatlıqdır? Dedi ki, Məhəmməd, gedirəm. Elə bildim zarafat edir. İnanmadım. Dedi ki: “Yox, zarafat deyil". Televizoru açdım. Gördüm ki, televizorda müharibədən kadrlar gedir, müharibənin başlanması haqqında məlumatlar var. Hələ də gözümün qabağında bu kadrlar kino kimi canlanır. Elnura dedim ki, gəlirəm. Amma o dedi ki. artıq gecdir. Və o, məndən məsafəcən uzaqlaşdı. Ən yaxın dostun nə demək olduğunu mən Elnurun yoxluğunda başa düşdüm. Bir şeir bəndi var. Mən onun məğzini Elnurdan sonra anladım:
Sən bilmirsən
hər ayrılıq
ölüm olur,
itim olur.
Sən bilmirsən
dost itirən
adamlar da
yetim olur.
255 nömrəli məktəbin direktoru Mətanət Məmmədova da Elnurun ilk dəfə 1-ci sinifə necə gəldiyini yaxşı xatırladığını deyir. Digər məzunlardan şəhid olanların sakit təbiətli olmalarını, amma Elnurun çox zirək, cəld, müəllimlərlə söz güləşdirib məqsədinə çatan bir oğul olduğunu vurğulayır.
Mətanət xanım da Elnurun şəhid olduğuna inanmadığını söyləyir, çünki Mətanət xanım deyir ki, Elnur canı ələ verən uşaq deyildi, hər şeydən çıxış yolu tapardı. Gözümün qabağında məktəbin divarlarına necə çıxardı. Ona şəhid statusu verilsə də, mən inanıram ki, onun şad xəbərini alacayıq".
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Elnur Qədirli itkin düşəndən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Elnur Qədirli "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Şəhidlər ölməz, vətən bölünməz!
“Ədəbiyyat və incəsənət”
(30.10.2023)