Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
1-Cİ ETÜD
Tərcümeyi-halı:
Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008–2013-cü illərdə Sabunçu rayonu 80 nömrəli tam orta məktəbdə, 2013–2017-ci illərdə isə Sabunçu rayonunun 322 nömrəli tam orta məktəbində təhsil alıb. 2017–2018-ci illərdə 5 nömrəli Peşə Liseyində "İşıq operatoru" ixtisası üzrə təhsil alıb. 6 il cüdo idman növü ilə məşğul olub. Subay idi.
Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Əliağa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliağa Məmmədov ölümündən sonra "Vətən uğrunda","Cəsur döyüşçü","Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
2-Cİ ETÜD
Atası ilə söhbətdən:
Maştağanın üçüncü şəhidi olan Əliağa məktəbi bitirdikdən sonra Buzovnada yerləşən Bakı Peşə Liseyində təhsilini işıqçı operator peşəsində davam etdirdi. 17 yaşından işləməyə başlayan oğlum kollektivində tez qısa zamanda hörmət qazandı. Uşaqlıqdan cüdo ilə də məşğul olub. İyulun 26-ı 18 yaşı tamam olan kimi hərbi xidmətə yollandı. Getdiyi gündən əsgərlikdəki şəraitindən razılıq edirdi.
Mən yanına gedəndə komandiri və əsgər yoldaşları mənə Əliağanı tərifləyir, onun xoş xasiyyətlərindən bəhs edirdilər. Fevralda məzuniyyətə gəldi, hərbi sirləri əsla ailəsinə danışmazdı. Nə soruşulsa, “yaxşıdır, çox şükür hər şey” kimi ifadələr işlədirdi. Əsgərlərin öz qeyd dəftərçələri olur. Əliağa da məzuniyyətə o dəftərçəni gətirmişdi, elə gedəndə də özü ilə aparmadı, evdə - otağında gizlətdi. Oğlum o vaxta kimi şeir yazmazdı. Amma evdə qoyduğu dəftərçədə yazdığı şeir vardı.
Ağlama sevgilim, bağlama yaylıq
Mən əsgər gedirəm on səkkiz aylıq
Həyatda çətindir bu iki varlıq
Biri əsgərlikdir, biri ayrılıq.
Gələndə sevindim hərbi hissəyə
Amma bu sevincim mənə az oldu
Ehtiyac duyurdum hər gün sevgiyə
Sevgi tapmayanda gözlərim doldu
Qalxırıq biz posta - təhlükə hər an,
Saat heç dayanmır, hey keçir zaman.
Elə ki, düşmənlə üzləşdik, o an
Yadıma düşürdü anam, ailəm…
Həmin bu şeir olan dəftərçəni 2-ci cümə axşamısı tapdıq.
Oktyabrın 6-sı zəngi gəldi və çox sevindik, çünki bu onun bir neçə gündən sonra etdiyi ilk zəng idi. Təəssüf ki, həm də son zəngi oldu.
Oktyabrın 7-i işdə olanda kəndimizin Kənd Sovetindən zəng gəldi. Əliağanın yaralandığını dedilər. Xəbəri eşitcək, elə bildim məni gülləylə vurdular. Elə xəbərdə də onun snayperlə vurulduğu deyilirdi. Sonra da xəbırin ardı gəldi, dedilər, oğlunuz şəhid olub…
3-CÜ ETÜD
Qəhrəmanlıq nümunəsi:
Əliağanın snayper tərəfindən vurulması fikri üç mərasiminə kimi gündəmdə qalır. Üç mərasimində əsgər yoldaşı gəlir. Həmin əsgər yoldaşı universetdən sonra hərbi xidmətə getdiyi üçün tez qayıtmışdı xidmətdən, amma buna rəğmən komandirlə də əlaqəsi yaxşı idi. O valideyinlərə deyir ki, Əliağanın şəhid olması təfərrüatlarını bilirəm, oğlunuz qəhrəmanlıqla həlak olubVə komandirin yazdığı sms-i Əliağanın atasına oxutdurur. Komandirin yazısından belə məlum olur ki, ayın 6-sı döyüşə qatılanda evin tək oğlu olan Əliağanı və bir neçə belə əsgəri komandir kazarmada saxlayıbmış. Komandir özü isə digər əsgərlərlə döyüşə yollanıbmış. Komandir bir də ayılıb görür ki, artıq Əliağa yanındadır. Deyir: “Bəs mən səni orada saxlamamışdım? Sən evin tək oğlusan, döyüşlər qızğın gedir, hər şey ola bilər". Amma Əliağa yenə də öz işində olur. Şəhidləri və yaralıları ərazidən təhlükəsiz yerə aparır. Onun özünü təhlükəyə atdığını görən komandir “Geri qayıt” deyəndə o, “birisini də çıxarım, gedərəm"-deyir.
Komandirlə Əliağanın aralarında çox az məsafə var imiş. Birdən səs gəlir və bu səsi Əliağa komandirindən daha tez eşidir. Bəli, bu minomyot səsi idi. Əliağa tez atılır komandirin üstünə. Komandiri yerə yıxır. Mərmi düz yanlarına düşür. Komandirin ayağı yaralanır. Əliağanın isə şah damarı kəsilir, bir gözüdə çıxır. Buna rəğmən, təxminən 40 dəqiqə sağ qalan Əliağanı yaralı komandiri 400 metr məsafəyə çiynində daşıyaraq təhlükəsiz yerə çatdırır.
Əliağa sonda dünyanı tərk edəcəyini duyub komandirinin əlini sıxır, "özündən muğayat ol"-deyir.
Son sözü isə bu olur: "Ay ana".
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)