Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Polis olduğunuzu xəyal edin. Bir terrorçunu həbs edirsiniz və bu terrorçu sizin şəhərinizdə bir yerə bomba yerləşdirdiyini bildirir, lakin bombanı hara yerləşdirdiyini söyləmir. Siz də polis olduğunuzdan bombanın yerini öyrənmək üçün fərqli yöntəmlər sınayırsınız. Öncə xoş dillə soruşursunuz, fəqət adam xoş dildən anlamır. Daha sonra döyməyə başlayırsınız, lakin yenə də adam danışmır. Ən sonunda adama işgəncə edirsiniz, lakin yenə də danışmır. Daha sonra beyninizdə şeytani bir fikir yaranır və yadınıza düşür ki, bu adamın körpə bir uşağı var və özü nə qədər pis niyyətli bir terrorçu olsa da, övladına qarşı olduqca həssasdır. Və başa düşürsünüz ki, onun uşağına işgəncə versəniz, daha çox dayana bilməyib danışacaq. Beləcə, yüzlərcə insanın həyatını xilas etmiş olacaqsınız. Amma bunun üçün günahsız bir uşağa işgəncə edərmiydiniz?
Bəli, qəbul edirəm ki, çox çətin bir sualdır, lakin bəzi filosoflar üçün bu sualın cavabı olduqca aydındır. Çünki bu filosoflar uşağa işgəncə verməyi seçir. Bəli, günahsız bir uşağa işgəncə vermək çox pis haldır. Amma bombanın partlamasıyla yüzlərcə insanın ölməsi daha pis deyilmi?
Bu iki vəziyyəti müqayisə etdiyimizdə insanlıq üçün daha faydalı olan bir seçim bəlli deyilmi? Özlərinə bu tərzdə suallar verən filosoflar nə qədər əxlaq anlayışına tərs düşsə də, insanlıq üçün daha faydalı olanı seçməyə çalışır. Bu baxış bucağının adı "Mənfəətcil Əxlaq" adlanır.
"Mənfəətcil Əxlaq"ın təməldə iki qanunu var. Onlardan ilki belədir:
Əgər çoxluq fayda görəcəksə, az sayda insanın zərər çəkməsində bir qəbahət yoxdur.
Bu qanunun daha yaxşı anlaşılması üçün populyarlığı olan və kütlə tərəfindən hər kəsin tanığı bir fiqurdan misal vermək lazım olacaq.
Betmanın fəlsəfinin bəlli bir dərinliyi var. Lakin " mənfəətcil əxlaq" baxışını ortaya atan filosoflar böyük ehtimal ki, Betmana nifrət edəcəklər. Bəs Betman kimi özünü yaxşılığa həsr etmiş vicdanlı bir obraz niyə "mənfəətcil əxlaq" baxışına tərs düşür? Çünki Betman heç vaxt adam öldürmür. Səhv anlaşılmasın, "mənfəətcil əxlaq" baxış bucağı birini öldürməli olduğunuzu demir. "Birini öldürmək, əgər digər insanların həyatını xilas edəcəksə, bax o zaman edilməsi gərəkən şey budur" deyir.
Betmanın Jokeri öldürməsi nə qədər prinsiplərinə tərs kimi görünsə də, Jokerin ölmüş halı insanlar üçün olduqca faydalı olardı. Qəbul edək ki, Jokerin bütün öldürdüyü insanlar, yaşatdığı travmalar və etdiyi xaosların hamısı, Betman Jokeri öldürsəydi yaşanmamış olacaqdı.
O zaman ağıla bu sual gəlir: Yaşanan bu faciəvi hadisələrdə Betmanın heçmi günahı yoxdur? Çünki Betman Jokerin həyatını bağışlayaraq az da olsa, bu pis hadisələrin baş verməsinə səbəb olmuşdur.
Nəticədə Betmanın əlinə Jokeri öldürmək üçün saysız-hesabsız fürsətlər düşmüşdür, lakin Betman heç zaman Jokeri öldürmək haqqında düşünməmişdir. Bəlkə, Betman filmlərində bu " mənfəətcil əxlaq" baxışına o qədər çox nəzər yetirilməmiş ola bilər, lakin cizgi filmdə Betmanın bir şeylərin fərqinə vardığını görürük.
"Mənfəətcil əxlaq" fəlsəfəsinin ikinci qanunu isə belədir:
"İnsana ən çox fayda verən hərəkət ən yaxşı hərəkətdir." Bəs burada "yaxşı" dediyimiz şey tam olaraq nədir? Mənfəətcil əxlaqa görə, yaxşılığın tərifi aydındır:
"Yaxşılıq demək, xoşbəxtlik deməkdir. Hərəkətlər xoşbəxtlik gətirmək baxımından doğru, bədbəxtlik yaratmaq baxımından yanlışdır".
O zaman xoşbəxtlik dediyimiz şey nədir?
Bu fəlsəfənin digər bir təmsilçisi Ceremi Benson “Xoşbəxtlik=ağrının olmaması +həzz" olaraq tərif edir. Bir insan ağrıdan nə qədər uzaqdırsa və həzzə nə qədər yaxındırsa, o dərəcədə xoşbəxtdir deyər. "Mənfəətcil əxlaq" fəlsəfəsinin məqsədi də elə budur. İnsanların böyük çoxluğunu xoşbəxt etməyə çalışarkən bəzilərini də bədbəxt etməkdən çəkinməz.
İndi bu fəlsəfəyə tənqidi bir gözlə baxaq. Xoşbəxtlik, həqiqətən, ağrının yoxluğu və həzzin varlığıdırmı?
Məsələn, Dostoyevskiyə görə, bu belə deyil. "Ağrıda həzlərin ən gözəli gizlidir" deyən Dostoyevski acı və həzz anlayışlarını zidd və ya tərs kimi göstərmək yerinə aralarında bir bağlantı qurur. Sərhədsiz həzz yaşayıb ağrını tamamən yox etsək belə, bizlərin hər zaman xoşbəxt ola bilməyəcəyini və içimizdə bir yerlərdə acı çəkməkdən xoşbəxt olan bir adamın var olduğunu müdafiə edir.
Bu fəlsəfəyə başqa bir tənqid isə həyata keçirməyin çətin olmasındadır.
Mətnin başındakı suala dönəsi olsaq, uşağa işgəncə verməyi seçənlər gerçək həyatda bu vəziyyətlə qarşılaşdıqlarında uşağa işgəncə verməyi seçərlərmi? Belə bir vəziyyətdə uşağa işgəncə verilməsi nə dərəcədə məntiqli olsa da, dürüst olaq, biz insanlar sadəcə ağıl və məntiqimizlə deyil, duyğularımızla hərəkət edirik.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)