BU GÜN ARƏSTƏ BAXIŞOVANIN ŞƏHADƏTİ GÜNÜDÜR
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Biz bir xalq olaraq bəşər tarixi boyunca çox ağır yollardan keçərək etnik təşəkkül tapmış, öz soy-kökümüzü qorumağı, damarlarımızda ulularımızın əmanəti türk qanını daşımağı bacarmışıq. Bir əsr öncəyə qayıtsaq əfəndilərin əl əməyi, göz nuru qurduğu məmləkətin hər qarışının qədrini daha gözəl başa düşə bilərik. Məhz elə o dövrlərdə rəhmətlik ziyalılarımız maariflənməyə xüsusi diqqət etmiş, şəriət mollalarından xalqı arındırmaq üçün məhz öz qızlarına, yoldaşlarına təhsil imkanı sunmuş, xalqın avamlığının qabağını almaq üçün canları uğruna savaşıb ağır işgəncəli günlərdə belə Vətən sağ olsun demişlər.
Tarixin tozlu səhifələrini vərəqləyib biraz daha yaxın keçmişə nəzər salsaq, ürək dağlayan mənzərənin şahidi olarıq. Xalqımıza qarşı törədilən genosid göz önündə olsa da, dünya bu haqsızlığa göz yummuş, körpələrin gözü önündə analarının boğazı kəsilmiş, əli silah tutmayan sivillər qırılmış, qarda donan meyidlər zorlanmış, hamilə qadınların qarnından bıçaqla doğranaraq uşaqları çıxarılmışdır. Tükürpədəndir elə deyilmi? Bir xalqın milli qürurunu qırmaq, o müharibədəkilərə ömür boyu iz qoyacaq travmalar yaşatmaq çox ağır olsa da, ilahi ədalət tez-gec öz yerini tapa bilir. İndi isə hamımıza məlum olan, göz yaşlarımızın gülüşümüzə qarışdığı yaxın keçmişə səyahət edək. Nə az nə çox, cəmisi üç il öncə generalını şəhid verən xalqın səbr kasası necə daşdısa ani qərarla müharibə elan edildi və biz o gündən etibarən həm ağlayıb həm güldük. Bir yanda şəhid verən millətim bir yanda öz torpaqlarını şəhid qanı ilə geri aldı. Neçə evə od düşdü, neçə evin ocağı söndü, ataların beli büküldü, anaların saçlarına dən bir gecədə düşdü
.2783, 2884, 3000, 3278 və daha çox şəhid adı eşidirdik o ərəfədə. Həmən şəhidlər təkcə bir evin yox bir xalqın şəhidi, bütün millətin qan yaddaşı olmuşdur. 3il öncə bu gün biz neçə şəhid verdik Allah bilir. Ancaq, mən onlardan birini çox yaxşı tanıyıram. O, Azərbaycanın qadın şəhidlərindən biri olan Arəstə Baxışova idi. 1989-cu ildə Xaçmazda dünyaya göz açan və daha uşaq yaşlarında ikən atasını itirib yetim böyüyən çavuşumuz Arəstə Baxışova 31 yaşında müharibədə şəhid olmuşdur. Ondan geriyə Vətən əmanəti Mərdan adında bir oğlu və Zəhra adında bir qızı qalmışdır.
Bu gün isə biz tam müstəqillik əldə etmiş, öz torpağı ilə olan sərhədləri yıxıb vahid Azərbaycan halında dəmir yumruq altında birləşmişik. Bu sətirləri qələmə alarkən göz yaşlarımı saxlaya bilməsəm də, qəlbimin dərinliklərində kədərimə qarışmış bir hüzün var ki, o hüznə Xudayar təsnifi, Həşimov gülüşü, Mübariz cüssəsi, Albert əqidəsi, Salatın, Çingiz şücaəti, Tağıyev təhsili, Əhməd Cavad kişiliyi, Nərimanov duruşu, Rəsulzadə əmanəti bir qürur qarışmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onları yad etmək bizim vətəndaşlıq borcumuzdur. Unutmayaq, unutdurmayaq!
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)