AKTUAL: Göy qurşağının səkkizinci rəngi Featured

Heyran Zöhrabova, "Ədəbyyat və incəsənət" 

 

Payız fəslidir. 

Artıq havalar getdikcə daha da soyuyur. Parçalanmış pambığa bənzəyən bəmbəyaz buludların arasından görünən masmavi səma insanın içinə fərahlıq gətirir. Dərsdən qayıdıram, avtobusdan düşüb payızın soyuq, amma bir o qədər də hüzurlu, dinclik bəxş edən, sakit, yağış sonrası nəmli torpaq qoxan havasını gözlərimi yumaraq doyunca ciyərlərimə çəkirəm. Qızılı təbiəti, ağacların budaqlarından qopub xəfif küləklə rəqs edən rəngarəng yarpaqları izləyərək asta addımlarla piyada evə doğru gedərkən Aydangilin evinin önündən keçirəm. Əgər bura ev demək olarsa, təbii ki. Məgər hər dörd divardan ev olarmı insana? Və yaxud da ev anlayışı dörd divar anlayışı ilə eynidirmi? 

Və bu zaman gördüyüm mənzərə mənə insanların, həqiqətən də, nə qədər qəddar və vicdansız olduğlarını bir daha sübut edir.

Tələsik, heç daramadan yığdığı baxımsız və səliqəsiz saçları  bağladığı yaylığın altından pırtlayıb çölə çıxır. Əynində nimdaş bir geyimlə əyilib özündən böyük bir bellə ağacların dibini belləyir. 

Görəsən, axırıncı dəfə güzgüyə nə vaxt baxmışdı? Saçlarını axırıncı dəfə nə vaxt  daramışdı?

Doğrudan da, daha 22 yaşında olan gənc bir qız idimi o?

Arada yorulduğundan belini bir az doğruldub bir əliylə belə söykənərək, digər əlinin arxası ilə alnındakı təri silib, gözünə tökülən saç tellərini kənara itələyir. Hərdən də həyətdə oynayarkən kiçik su gölməçələrindəki suyu sıçradıb üst başlarını batıran balaca uşaqlarına əsəbləşərək üstlərinə çəmkirir, qışqıraraq deyinir.

Həyatından cana doyduğu və bütün hirsini uşaqlarını danlayaraq çıxardığı hər halından bəlli olur. Birdən evdən ağacların dibini belləmək üçün həyətə düşməzdən əvvəl yatızdırdığı körpə qızının ağlamaq səsi eşidilir və beli yerə atıb evə qalxır.

Xatırlayıram da tam 4 il bundan öncə idi,  Aydan o zamanlar orta məktəbdən yenicə məzun olmuş, gözəl göyçək yeniyetmə bir qız idi. Mən qəbul imtahanı verib kollecə qəbul olduğum zamanlarda, Aydan da qəbul imtahanı verib tibb kollecinə qəbul olmuşdu.

O, qəbul imtahanından çox gözəl bal toplamışdı və bu normal idi əslində. Çünki o artıq neçə il idi ki ali məktəbə qəbul olmaq üçün məktəbdən əlavə də hazırlığa, müəllim yanına gedirdi.

Amma həyat elə gətirdi ki, qəbul imtahanından bir müddət sonra Aydana elçi gəldi. Valideynləri də elçi gələn ailənin gələcəkdə Aydanla necə davranacaqlarını, onun təhsilini davam etdirməyinə icazə verib vermiyəcəklərini sorğulamadan gələn elçilərə "hə" cavabı verdilər. Bu kimi halların normal, hətta yaxşı bir şey sayıldığı bir cəmiyyətdə böyüyən hər bir qız uşağı bu addımın düzgün olmadıgını dərk edə biləcək bir iradədə olmadığı üçün Aydan da buna narazı olub, qarşı çıxmadı. Və bir neçə ay sonra mən 1-ci kursa başladığım günlərdə  Aydan evləndi. Həyat yoldaşı və onun ailəsi Aydanın oxumağını istəmədikləri üçün o, orta ixtisas təhsilini heç başlamadan yarıda qoymaq məcburiyyətində qaldı. 

Nə də olsa bizim cəmiyyətimizdə bu cür hallar normaldır. Valideynlərin bir çoxu övladın gələcəyi deyəndə sadəcə onun ailə qurub övlad sahibi olması haqqında düşünür.

Elə ki, qız orta məktəbi bitirir, deməli, qızın artıq evlənmək yaşı gəlib deməkdir. Və  eyni zamanda da əgər qızın gələcək həyat yoldaşı və ailəsi onun ali təhsil almasını istəsə alacaq, yox istəməsə almayacaq. Fərqi yoxdur bu qız oxumağı nə qədər istəyir. O, ali məktəbə qəbul olmaq üçün nə qədər çalışıb, nə qədər zəhmət çəkmişdi, nə qədər xəyallar qurmuşdu. Bunların heç bir önəmi yoxdur.  O artıq bunlardan vaz keçməlidir. Çünki o artıq başı bağlı bir qızdır və onun bütün ixtiyarı yoldaşı və onun ailəsinin əlindədir. Necə istəsələr elə də olmalıdır.

Əvvəllər yoldaşının ailəsi ilə birlikdə yaşayırdılar, eşitdiyim qədəri ilə yoldaşının ailəsi, əsasən də qaynanası heç vaxt Aydanla yola getmirdi. 

Aydana çox pis davranır, hətta onu döyürdülər. Bir neçə ildən sonra yola getmədikləri üçün yoldaşı ilə birlikdə yoldaşının babasından qalma köhnə bir evə köçmüşdülər.

Amma əslində həyat yoldaşı da, öz valideynlərindən heç də geri qalmırıdı. O da Aydanla pis davranır, hətta onun validyenləri ilə görüşməyinə də icazə vermirdi. Nə Aydan atasıgilə gedə bilir, nə də ata-anası Aydanı görməyə gələ biliridər. Keçən bu illər ərzində onun ard-arda 3 uşağı dünyaya gəlmişdi. Yoldaşı gəmidə çalışdığı üçün işi ilə əlaqədar demək olar ki, həmişə uzunmüddətli səfərlərdə olur. Evə 3-4 aydan bir baş çəkirdi. Aydan bütün günü bu balaca komada tək başına 3 uşağının qayğısını çəkir və məişət işləri ilə məşğul olurdu. 

Aydanın qaynanası çox qəddar qəlbiqara bir qadın idi. Ayrı  evə köçməklərinə baxmayaraq qaynanası burda da onu rahat buraxmırdı. Tez -tez gəlir, onun burada nə işlə məşğul olduğuna baxır, hər gördüyü işdə bir qüsur axtarıb onu danlayır, hətta döyürdü. Öz valideynləri də Aydana arxa çevirmişdilər, onun arxasında durmur, yaşadığı bu həyata göz yumurdular.  Aydanın çəkdiyi bu əzab-əziyyətləri sadəcə uzaqdan seyr etməklə kifayətlənirdilər. Bizdə belə bir adət var axı, gəlinlik libası ilə çıxdığın evə ancaq kəfənlə qayıda bilərsən..

Son vaxtlar ətrafdakılardan, hətta Aydanın artıq psixi problemlərinin yarandığını eşitmişdim. Deyirdilər ki, Aydan özünü öldürmək istəyir. 

Sırf yoldaşı və onun ailəsi istəmir deyə öz xəyallarından, təhsilindən vaz keçmiş, özünü ailəsinə həsr etmiş, gününü məişət qayğıları ilə keçirən və bu qədər fədakarlıqdan sonra yenə də bu cür pis rəftara məruz qalan gənc bir qadın.

Və Aydan hələ həyatı bu şəkildə məhv olmuş gənc qızlardan sadəcə biridir. 

Aydan ona elçi gəldiklərində bütün bunları düşünə bilmiyəcək bir iradədə ola bilərdi. Fəqət onun valideynləri bunları dərk edəcək yaşda idilər, amma yəqin ki, o ağılda deyillərmiş. Cahillikmi, məsuliyyətsizlikmi, savadsızlıqmı, biganəlikmi, nə ad verim bu hadisəyə bilmirəm. Bəlkə də, o vaxt ailəsi  elçilərə yox cavabı verib Aydanı evləndirməsəydilər, o da bu gün dərsdən çıxmış evə tələsirdi. Lakin bu gün ali təhsil almadığı üçün onun tək başına öz ayaqları üzərində durmağa da gücü yoxdur və sahib çıxanı da olmadığından o bu cür yaşamağa məhkumdur. 

Və Aydan hələ 3 uşaq da tərbiyə edib böyütməlidir. Bəs maraqlıdır, özünün artıq psixoloqa ehtiyacı olan bir ana övladlarını necə düzgün tərbiyələndirəcək? Və yaxud da ondan bunu necə gözləmək olar ki?

Və bu məqamda məşhur bir stat gəlir ağlıma: Bir psixiatr deyib ki: “Heç bir zaman bizə gerçək xəstələr gəlməz. Gerçək xəstələrin xəstə etdikləri insanlar gələr” 

 

Əziz oxucu, bəzi qadınlar vardır, onlar göyqurşağının səkkizinci rəngi kimidirlər. Axı göy qurşağının yeddi rəngi olur dediyini eşidir kimiyəm. Bəli, göyqurşağının yeddi rəngi olur. Niyə səkkizinci rəngi kimi dedim, çünki onlar hələ görünməyə və görülməyə macal tapmamış solublar. Eyni ilə qönçə ikən qopardılan, və ya qönçə ikən xəzana məruz qalıb yanaraq solan çiçəklər kimi. Göyqurşağının səkkizinci rəngi kimi olan qadınlar həyatı məhv edilmiş qadınlardır.

Bir qadın düşünün gecə kimi siyah saçları sığal deyil, hətta daraq belə deyil, sadəcə qapaz görmüş. Çiçək misali təravətini itirərək solmuş və ləçəkləri bir--bir tökülməkdədir.

Özü hələ uşaq ikən, qayğıya ehtiyacı varkən ana olmuş, gəncliyini yaşamamışdır.

Əziz valideynlər, qızlarınızı sanki başınızdan atırmışcasına hələ uşaq yaşlarından "ərə" verməyin. Onlara əvvəlcə təhsil verin, və onlara dəstək olub arxalarında durun. 

Yaşadığımız dövrdə qızlar üçün daha çox vacib olanı "ər" deyil təhsil və öz ayaqları üzərində dura bilməkdir.

Hacı Zeynalabdin Tağıyev demişkən:

"Övladlarınıza mütləq təhsil verin. Əsas da qızınıza. Çünki oğlan ən çıxılmaz vəziyyətdə belə kərpic atıb çörəyini qazanacaq. Qız isə bunu edə bilməyəcək."

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.