Məktəb, universitet hər şeyimi həll edir? Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Məktəb tam savad verə bilirmi ?

İnsanın bilgi əldə etməsi üçün əsas mənbə məktəbdirmi ?

Hamımız bilirik ki, məktəb ilkin biliklərin təməlinin qoyulması üçün önəmlidir. Lakin günümüzdə məktəbin və ya ali təhsilin savadlı olmaq üçün əvəzedilməz dərəcədə əhəmiyyət kəsb etməsi ilə razılaşmıram. Hətta bəzi ailələrdə valideynlərin övladlarını təhsil almaq, universitetə yüksək balla qəbul olmaq barədə məcburiyyətlərini anlaya bilmirəm. Zənnimcə ailədən və çevrəsindən oxumaqla bağlı basqı alan gənclər psixoloji cəhətdən daha çox çökür və onlar kiçicik zəifliklərində ümidsizliyə qapılıb asanlıqla depresiyaya düşə bilirlər.

Hal hazırkı şəraitə əsaslanaraq özümün şahid olduğum istər yaxın dost çevrəsi, istər kənar tanışlarımdan misallar gətirib məktəbin, universitetin savadın təməli olmasına rəğmən savadlı insan olmağın tək çarəsi olmadığını əsaslandıra bilərəm. Əksini düşünəsi olsaq, hər universitet bitirən, məktəb oxumuş şəxslərin hər biri öz həyatlarında uğurlu şəxslərə çevrilə bilərdilər. Bir çox ali təhsillilərə sadəcə nəzər salıb görürəm ki, heç də onların hər biri həyatlarından məmnun deyildir. Qətiyyən oxumayın, təhsil almayın demirəm. Yanlış anlaşılma olmasın deyə bir daha vurğulayıram, savadlı olmaq, özünü inkişaf etdirmək, xarakterini düzgün yetişdirmək və ən əsası düzgün bir insan kimi yaşamaq üçün diplom əsas şərt deyil. Önəmli olan hər kəsin öz daxilindəki qabiliyyətlərini üzə çıxartması üçün çalışmasıdır.

Hətta elmdə "who is deep me" deyə bir sual var. Yəni daxilimdəki mən kiməm? Bu sualın cavabını tapmağa çalışan hər kəs müəyyən bir yol qət etməli, müəyyən yazarların dünyasına daxil olmalı, cəmiyyətin əksər hissəsinin nə üçün istifadə etdiklərini düzgün anlamadığı sosial platformalardan yararlanmalı, ətrafda baş verənləri düzgün müşahidə və dərk etməlidir. Sizcə 11 il məktəb, 4il universitet oxuyan adam əlinə bir dəfə dərslikdən əlavə kitab almadan, araşdırma aparmadan,

insanlarla düşüncələrini azad şəkildə bölüşməkdən qaçaraq necə savad əldə edəcək? Hələ hər şagird/tələbəni pul mənbəyi kimi görüb yarım ağlı sovetdə qalan insanların bizə savad verəcəklərini düşünən müəllimlərin insafına qalmış savadımıza söz tapmıram. Amma sizə başqa bir örnək gətirə bilərəm,

atamın hüquqşünas dostunun xanımı var, bir neçə dəfə ünsiyyətdə olmaq şansım olub xanımla. Olduqca ədalətli və dünyagörüşlü bir xanımdır. Deməli xanım 4 dil bilir,

Allahın göndərdiyi hər 3 oxuyub və bunlardan əlavə hər kəsə lazım olan, lakin çoxumuzun işi sadəcə məhkəməyə düşəndə xatırladığı qanun məcəlləsinə üz tutan bəzi "cübbəli saxtakarlardan" daha çox bələddir. Amma ilk başda özüm də, xanımın 9 illik təhsildən sonra təhsilinə davam etmədiyini biləndə təəccüblənmişdim və bu qədər bilgini necə əldə etdiyini soruşanda gülümsəyərək sadəcə sosial mediadan düzgün istifadə etdiyini dedi.

 

-4 dil bilməyim mənə məndən əlavə 4 insan  qazandırdı, bu dilləri mükəmməl səviyyədə bilməsəm belə özümü ifadə edəcək dərəcədə bilməyimdə əsas kömək isə sadəcə telefonumda yüklədiyim dil proqramları və youtubedə olan online müəllimlərdir.

-İncili, Quranı, Tövratı isə öyrənməyimdə kömək sadəcə bu kitabları dəfələrlə mütaliə etməyim oldu.

-Hüquqi bilgiləri isə sadəcə həyat yoldaşımın işinə sevgisi qarşısında ona olan sevgimi artırmaq üçün əldə edirdim.

 

Sizə adicə bir insanın savad əldə etmək üçün nə qədər cəhd göstərib həmən "deep me" kimliyini necə ortaya çıxartdığını misal çəkdim. Bu, sadəcə günümüzün insanlarından birindən çəkdiyim misal idi, lakin tarixə nəzər salsaq hal-hazırda bizə bişeylər öyrədənlərin özlərinin əsas müəllimlərinin özləri olduğuna şahid ola bilərik.

Xülasə, bu mövzuda daha əhatəli danışa bilərəm, lakin fikrimi aydın şəkildə izah etdiyimi düşündüyümdən yazını burda dayandırıb son bir cümlə əlavə edirəm.

İnsanı insan edən onun sadəcə daxili mənəviyyatıdır, çalışın savad, bilgi, dünya görüşü əldə etmək üçün ilk addımı özünüz atasınız, nə məktəb, nə ali təhsil, nə də ki düzgün kariyera sizin daxilinizdəki gücünüzüm əsas göstəricisi deyildir.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.