Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün şəhid ailələrindən, qazilərdən, Vətən müharibəsində iştirak edən qəhrəmanlardan şəxsi əşyaların, materialların, hərbi qənimətlərin Zəfər Muzeyinin fondları üçün toplanması işi davam etdirilir. Hazırda Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün toplanan əşyaların sayı 8700-ə çatıb.
Bu sözləri AzərTAC-ın sorğusuna cavab olaraq İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli söyləyib.
“Əşyaların toplanması prosesinə əməkdaşlarımız cəlb edilib. Bizim muzeydə çoxdandır həyata keçirdiyimiz bir layihə var. Bu layihə - “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi sentyabr ayından davam edəcək. Layihənin məqsədlərindən biri Zəfər Muzeyində əşyaların toplanması və onların komplektləşdirilməsidir. Burada təkcə Vətən müharibəsində şəhid və qazi olmuş qəhrəmanların deyil, həm də Birinci Qarabağ müharibəsində şəhid və qazi olmuş qəhrəmanların şəxsi əşyaları toplanılır. Bu iş Mədəniyyət Nazirliyi tərəfindən İstiqlal Muzeyinə tapşırılıb. Gələcəkdə Zəfər Muzeyi fəaliyyətə başladığı zaman həmin əşyalar ora təhvil veriləcək”, - deyə Sədi Mirseyibli qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)