Qazaxıstanda keçiriləcək texnologiya forumunda təmsil olunacağıq

Oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya regionunun ən irimiqyaslı innovasiya tədbirlərindən biri “Digital Bridge 2023” forumu keçiriləcək. Forumun əsas mövzusu müasir dünyada süni intellektin rolunun müzakirəsi olacaq ( “Artificial and Human Intelligence: The right balance”).

 

Bu beynəlxalq forum ənənəvi olaraq dünya şirkətlərinin rəhbərlərinin, İT innovasiyaları sahəsində ən yaxşı beynəlxalq və yerli ekspertlərin, regionun hər yerindən vençur investorlarının iştirakı ilə keçiriləcək. “Digital Bridge 2023” forumu 15 ölkədən 20 mindən çox iştirakçı, 300-dən çox İT şirkəti, 100-dən çox investor və biznes mələyi, 250 məruzəçi və 100-dən çox startapı öz platformasında bir araya gətirəcək. Bu barədə “Digital Bridge 2023” internet səhifəsində xəbər yayıılıb. 

 

Forumun ikigünlük proqramına dövlət başçısının iştirakı ilə plenar iclas və onunla təkbətək görüşlər, beynəlxalq məruzəçilərin iştirakı ilə 30-dan çox panel iclası, sazişlərin imzalanması, dövlət başçısının iştirak edəcəyi “Google for Startups” kimi irimiqyaslı tədbirlər daxildir. Forumda ən yaxşı startaplara, innovativ layihələrə və sahibkarlara verilən beynəlxalq mükafat - “Digital Bridge Awards”un təqdimat mərasimi keçiriləcək. Həmçinin forum çərçivəsində “Startap Xiyabanı”nda xarici texnoloji startaplar və Qazaxıstanın 100-dək startapı öz innovativ həllərini nümayiş etdirəcək.

Beş il ardıcıl olaraq İT ictimaiyyətinin xüsusi diqqətini cəlb edən və geniş ictimaiyyət arasında maraq doğuran forumun maraqlı hadisəsi “Astana Hub Battle” - ən yaxşı İT startaplarının ən böyük yarışıdır. Bu il yarışın mükafat fondu 4 dəfə artırılıb. Qaliblər üç kateqoriya üzrə mükafatlandırılacaqlar – “Best Social Impact”, “The Most Innovative”, “Exponential Growth”. Mükafat fondu isə 75 min ABŞ dollarına qədər artırılıb ki, bunun da hər nominasiya üzrə 25 min ABŞ dolları təşkil edəcək. “Digital Bridge 2023” çərçivəsində “Astana Hub Battle”da iştirak üçün müraciətlər sentyabrın 20-dək digitalbridge.kz saytında qəbul ediləcək.

İlkin seçim mərhələsindən sonra seçilmiş 100 ən rəqabətədayanıqlı layihə münsiflər heyətinə təqdim olunacaq. Onlar forumun ilk günündə yarımfinalda bir dəqiqəlik təqdimatla çıxış etmək imkanı əldə edəcəklər. Münsiflər heyəti forumun ikinci günündə baş tutacaq finalda ən yaxşı adı uğrunda mübarizə aparacaq 10 startapı seçəcək.

Xatırladaq ki, “Digital Bridge” beynəlxalq texnologiya forumu 2018-ci ildən etibarən hər il Astanada keçirilir. Rəqəmsal Körpünün təşkilatçıları Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və Astana Hub beynəlxalq texnoparkıdır. 2022-ci ildə keçirilmiş “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” MMC və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə Fiber-Optik Rabitə Xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.