Qarabağda həyata keçirilən layihələrdə iştirak üçün 1500-dən çox şirkət müraciət edib

İşğaldan azad olunmuş ərazilərimizdə ardıcıl olaraq yeni və rahat yaşayış məntəqələrinin salınması, infrastruktur, kommunal, rabitə və sosial xidmətlərin təmin edilməsi və s. işlərlə yanaşı, məqsədyönlü iqtisadi reinteqrasiya tədbirləri həyata keçirilir. Azad edilmiş ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin, “yaşıl texnologiya”ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və digər göstəricilər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

 

İqtisadiyyat Nazirliyindən AzərTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində nəticəyönümlü işlər reallaşdırılır. Bu ərazilərdə vergi, sosial sığorta və digər güzəştlər müəyyən olunub. Qarabağ və Şərqi Zəngəzurdakı bütün layihələr dövlət-özəl əməkdaşlığı çərçivəsində icra olunur. Hökumət azad edilmiş ərazilərdə investor və sahibkarlar üçün əlverişli şərait yaradıb. Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında sahibkarlar dövlət hesabına infrastrukturla təmin edilir. Buradakı rezidentlər 10 illiyinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddır. İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Bundan başqa, regionda yeni aqropakların yaradılmasına başlanıb. Bu qəbildən ilk layihənin - “Dost Aqropark”ın təməli iki il öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda regionda 3 aqropark fəaliyyət göstərir. Bütün bunlar ilk növbədə, yerli və xarici şirkətlərin bölgədə sahibkarlıq fəaliyyətinə başlamasına, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olunmasına şərait yaradır.

 

Regionun iqtisadi cəlbediciliyinə görə orada biznes quran və qurmaq niyyətində olan şirkətlərin sayı mütəmadi artmaqdadır. İndiyədək azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak üçün 500-ə qədəri xarici şirkət olmaqla 1500-dən çox şirkət müraciət edib. Bu göstərici istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağın böyük və çoxistiqamətli iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.