Anası daim yanında olub onu finala daşıdı Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış idman şərhçisi Sənan Şəfizadənin maraqlı bir müşahidəsini təqdim edir. 

 

Uzun olacaq, amma yazmaya bilməzdim. Bakıdakı Dünya Kubokunun sirrli favoriti qəliz adı və soyadı ilə seçilən Rameşbabu Praqnanandxadı. Avqustun 10-da Bakıda 18 yaşını qeyd edən hindistanlı istedad maddi problemi olmayan ailədə dünyaya gəlib. Balaca olarkən ciddi xəstəlik keçirən Rameşbabu uzun müddət ailə üzvlərinin - daha doğrusu ananın nəzarətində olub. 

 

Ana demək olar hər addımını oğlu ilə birgə atıb. Zəif olduğuna görə həkimlər böyük güc tələb edən idman növləri ilə məşğul olmağı qadağan edib. Uşağın həddən artıq televizora baxdığını hiss edən ana oğlunu şahmat dərslərinə yazdırıb. 

Rameşbabu çox güclü istedad olduğunu ilk yarışlarda nümayiş etdirib. Əla endşpil texnikasına malik hindistanlı oğlan ehtiyatlı və yaradıcı mübarizə ilə seçilir. Və nəticələr başlayır. 8, 10 və 18 yaşlılar arasında ümumilikdə beş dəfə dünya çempionatının qalibi olur. 10 yaşında dünyanın ən gənc beynəlxalq usta normasını yerinə yetirən şahmatçısına çevrilir. 2018-ci ildə planetin ən gənc ikinci qrossmeysteri adını qazanır. Ötən il olimpiadada məhz Rameşbabunun oyunu nəticəsində Hindistanın ikinci komandası əsas heyəti qabaqlayaraq bürünc medala layiq görülür.

18 yaşlı Rameşbabu Bakıdakı Dünya Kubokunda əsas favoritlər Nakamura ilə Karaunanı sıradan çıxardı. İndi finalda şahmatın Messisi sayılan Maqnusla qarşılaşır. Təsəvvür edin: 18 yaşı var, amma ona görə bütün Hindistanın ürəyi Bakıdadır, federasiya rəhbəri finalı izləmək üçün ölkəmizə gəlir. Hindistanın əsas TV xəbərləri onunla başlayır.  

Mənə görə uğurlu karyerasının əsas sirrlərindən biri ananın daim yanında olmasıdı. Bakıda da Rameşbabu hər addımında anası ilə birgə görünür. Qadın saatlarla oyunun bitməsini gözləyir, müsahibələrdə kömək edir, səhər yeməyində oğluna qulluq etməkdən zövq alır. Ona görə Maqnusa finalda asan olmayacaq...

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.