Sumqayıt- 75 layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi ilə “Ədəbiyyat və incəsənət” portalının birgə "Tanınmış qələm adamları" layihəsinin bu günkü qonağı AYB Sumqayıt bölməsinin nəzdində fəaliyyət göstərən "Turan" ədəbi məclisinin həmsədri, şair- publisist, yazıçı-tərcüməçi Rəfiqə Şəmsdir.
Layihəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təqdim edir.
-Necəsiz,Rəfiqə xanım?
-Təşəkkür edirəm. Allah deyib durmuşuq.
-Bu il Sumqayıtımızın 75 yaşı tamam oldu. Sizin bu şəhərin təhsil sistemində gördüyünüz işlər, qazandığınız nailiyyətlər danılmazdır. Bunu necə bacardınız?
-Mən Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakultəsinə ən yüksək balla daxil olub, əla qiymətlərlə bitirmişəm. Ölkənin ən savadlı elm adamlarından- F.Qasımzadə, İ.Şıxlı, Ə.Dəmirçizadə, A.Qurbanov, X.Məmmədov kimi dünyaşöhrətli akademik və yazıçılardan dərs almışam. Bu şəhərə 1974- cü ildə təyinatla qərib qonaq kimi Bakıdan gəlmişəm. Təhsil aldığım müəllimlərimin sayəsində elmin bütün sirrlərinə yiyələnmişəm və aldığım bilgiləri şagirdlərimin beyninə köçürmüşəm. Pak və təmiz əqidəylə xidmət edib, yaşamışam. Şagirdlərimin mənə olan sevgisi, inamı durur böyük uğurlarımın kökündə. Onlarla apardığım rəngarəng tədbirlərin müsbət nəticəsi Təhsil Nazirliyinin yuxarı səlahiyyətli şəxslərinin diqqətini çəkmiş və əməyim dönə -dönə Fəxri fərman və diplomlara layiq görülmüşdür. Bir sözlə bütün uğurların qarantı kimi zəhmət və vicdanı görürəm. İş təcrübəmi Sumqayıt məktəblərində yaydılar. Məsul vəzifələrə irəli çəkildim. Sumqayıt Təhsil Şöbəsinin inspektoru kimi Moskva, Ukrayna məktəblərinin iş təcrübəsini, müsbət ənənələrini Sumqayıt məktəblərinə gətirib, təhsildə böyük uğurlara imza atdıq.
-Siz həm də AYB Sumqayıt bölməsində fəaliyyət göstərən "Turan" ədəbi məclisinin həmsədrisiniz. Hansı işləri görmüsünüz?
-Mən təhsil sektorunda işləməklə yanaşı bədii yaradıcılıqla da məşğul olurdum. Respublika, Sumqayıt mətbuatında gedən yazılarımla tanınırdım. AYB Sumqayıt bölməsinin sabiq sədri Sabir Sarvanın əlinə kitablarım hardansa keçmişdi, şeirlərimi oxumuşdu. Məni yanına çağırdı. Mənim AYB üzvlüyünə namizədliyimi irəli sürdü. Mən tərəddüd etsəm də, o, öz fikrində israrlı idi. Beləliklə, mən bölmə yarananda AYB- yə üzv seçilən ilklərdənəm. Bölmə yaranandan bölmənin nəzdində ədəbi dərnəklər fəaliyyət göstərirdi. O, mənə "Zərif " qadın ədəbi məclisinin sədri olmağı təklif etdi. Bu dəfə dinmədim. Bildim ki, faydası olmayacaq. Xeyli işlər gördük. Sonra " Turan" ədəbi məclisinin sədri olmağı mənə təklif etdi. Biz " Turan" ədəbi məclisi üzvlərinin əsərlərini mətbuatda, almanaxlarda çap etdirir, onların ad günlərini, kitab təqdimatlarını keçirir, məktəblərdə görüşlərini təşkil edirdik. Pandemiya dövrü bəzi məhdudiyyətlər qoyulsa da, tədbirlər onlayn şəkildə keçirilirdi.
Hazırda AYB Sumqayıt bölməsində demək olar ki, yeni "era" başlayıb. Mərhum şair Sabir Sarvanın işini davam etdirən, arzularını gerçəkləşdirməyə çalışan yeni sədr Gülnarə Cəmaləddin böyük masştablı tədbirlərə start verib, böyük uğurlara gedən yoldadır.
-Siz Sovet dövrünün insanısınız. O dövrün adamları elə bil alayı cür idi. İstər təhsilə, elmə, insanlığa, şeirə, poeziyaya münasibət tamamilə fərqli idi, razılaşırsınız?
-Bəli. Bunun səbəbini mən dünyada gedən siyasi, iqtisadi proseslərin dəyişməsində, SSRİ-nin dağılması, milli dəyərlərin Avropa dəyərləri ilə qovuşması, ölkədən xaricə böyük axın, təhsilimizin qarışıq bir dönəm yaşaması, eləcə də intellekt makinalarının, texnologiyanın düzgün istiqamətləndirilməməsi və s. sahələrdə görürəm.
Milli dəyərlər sistemini işə salmaq, öz milli adət- ənənlərimizə dəyər vermək, dərsliklərdə ciddi dəyişikliklər etməklə biz bu halların qarşısını almağa çalışmalıyıq.
Humanist qanunlarla yanaşı, müəyyən qadağalara da yer verməyi bacarmalıyıq.
Müəllim- valideyn münasibətlərinə əl gəzdirilməliyik. Müəllimin nüfuzunu qorumalıyıq.
-İnsan yoxdan yoxa çəkilən ən ali varlıqdı. Və bunu bilə- bilə pislikdən də əl çəkmir. Sizcə niyə?
-Bəzən elə suallar olur ki, onların cavabı da elə özü qədər güclü olur. Yoxdan var olan insan yaradanın möcüzəsidir. Varlığı mümkün insanın yoxluğu da elə Onun möcüzəsidir.
Bir gün yoxa çıxacağını bilən insan dünyadan ikiəlli yapışmaqla uşaqcasına ömrünün uzanacağına ümid edir.
-Adamlarla ara məsafəniz nə qədərdir?
-Ara məsafə saxlamaq əslində insanlardan ehtiyatlanmaq, onlara güvənməməyin doğurduğu xofdur. Məncə əvvəl insanları yaxına buraxmaq, onların yaxşı və pis keyfiyyətlərini öyrənib, imkan daxilində onların islah olunmasına yardım etmək lazımdır. Əgər islahedilməzdisə, o zaman məsafə saxlamaq haqqında düşünməyə dəyər.
-Hər kəslə səmimi olmaq mümkündür?
-Əslində səmimiyyət insanları bir-birinə yaxınlaşdıran, dərdini, acısını bölmək imkanı verən insani hissdir. Lakin içinizdə "gün üzünə" çıxarılması mümkün olmayan sirrləriniz varsa, səmimiyyətə sədd qoyun. Əks halda doğulduğunuza peşman ola bilərsiniz.
-Sizinçün dünyanın başlanğıc nöqtəsi və son ucu?
-Mənim üçün həyatın başlanğıcı ilk dəfə anamın üzünü gördüyüm andır. Son ucu isə hər şeydən əl üzüb, dünyaya arxa çevirdiyim andır.
-Alın yazısına inanırsız? Alnımıza yazılanları oxuya bilsəydik görəsən nə baş verərdi?
-Əlbəttə! İnsanın bütün cismi Allah sözüylə yazılıb, amma alnında Allah sözü yox, onun bəndəsinə verdiyi qədər- tale yazılıb. Alın Onun möhürüylə möhürlənibsə, Onun yazdığını yaşamağa məhkumuq.
İnsan xərçəng xəstəliyinə tutulanda öləcəyini bilir, çarəsizliyini də bilir, qədərdən qaçılmaz olduğunu dərk edib dözür. Alnımıza nə yazıldığını bilsəydik də yenə dözəcəkdik, mənə elə gəlir.
-Sevgiyə inanırsız?
-Sevgiyə inamım birmənalı deyil. Bunun izahı uzun məsələdir. Amma az da olsa inamım var. Sevgi hörmətə çevriləndə, hər iki hiss culğaşıb, ilahi eşq yox sevgi yarada bilir.
"Məndə Məcnundan füzun aşiqliq istedadı var, Aşiqi- sadiq mənəm, Məcnunun ancaq adı var” misraları artıq arxivə çevrilmək üzrədir. Az olana da qane olmaq gərək.
-Təzədən dünyaya gəlmək imkanınız olsaydı yenə də bu taleyin övladı olmağı seçərdiniz?
-Əsla!
-Sumqayıtın sizin həyatınızda rolu və yeri?
-Ömrümün 50 ilini Sumqayıta bağlamışam. Bu şəhərdə çoxlu dostlarım var, yetirmələrim var, onların sayəsində xöşbəxtəm bu şəhərdə.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Bəli! Bu sual məni çox əvvəllərə apardı. Şəhərimizin başçısı cənab Zakir Fərəcovun şairlərlə ilk görüşünü xatırladım. Poeziya Evində onun əMən şairlər qarşısında söz deməyə ehtiyatlanıram. Onlar söz xiridarlarıdırlar" deməsi bu mötədil insanın təvazökarlığı, ədəbiyyata, şeiriyyətə verdiyi yüksək qiymətin ifadəsidir.
Bildiyim qədəriylə o, çox kitabsevərdir. Buna bir neçə dəfə şahidlik etmişəm. Yaxşı kitabların axtarışında olduğunu bəzi məqamlardan duymuşam. O da mənim əməyimi dəyərləndirib xeyli əvvəllər, sağ olsun! Ümumiyyətlə, yaradıcı adamlara verilən qiyməti elə mənə verilən qiymət kimi dəyərləndirirəm.
-Ömürün hansı fəsli daha gözəldi?*
-Hansı fəsil səni xöşbəxt edən anlarla boldursa, elə o fəsil. Amma şeir yazmaq üçün ən gözəl fəsil payız fəslidir. Payız duyğu, düşüncə fəslidir.
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
-Tamamən. Mərhum Sabir Sarvan kimi ciddi bir şairin yanında püxtələşən, onun böyük etimadını qazanan Gülnarə xanım kimi bir şairə, o yerə hər kəsdən çox haqq edir. Onun dövri mətbuatda, kitablarda və almanaxlarda çap edilən şeirləri, həmçinin hələ yüzlərlə işıq üzü görməyən yazılarının ilk oxucusu kimi mənə bunu deməyə əsas verir ki, AYB Sumqayıt bölməsi etibarlı əlllərdədir. Ona bu yolda uğurlar arzulayıram.
-Dünyanın rəngi necədi sizcə?
-Dünyanın rəngi "Ührəvi" - yəni rənglərin harmoniyasıdır. Kimə necə görünürsə, elə o rəngdədir.
-Ruhunuzun rəngi?
-Ruhumun rəngi - Bəyazdır.
Bədənimin ekizidir. Zamanı gələndə məni tərk edib, " Ağ yolla" bəyaz tüstü kimi göyə üz tutacaq.
-Sumqayıtın 75 illiyi ilində arzu və təklifləriniz?
-Sumqayıt mənim üçün doğma şəhərdir. Onun necə böyüyüb inkişaf etdiyinə 50 il şahidlik etmişəm. Onu dirçəldənlərə təşəkkürümü bildirir və bu gözəl şəhərimizə əbədiyaşarlıq arzu edirəm.
“Ədəbiyyat və incəaənət”
(09.12.2024)