“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi ilə birgə Sumqayıt şəhərinin 75 illiyi münasibətilə həyata keçirdiyi Sumqayıtın tanınmış qələm adamları layihəsinin bugünkü qonağı AYB- də Poeziya seksiyasının rəhbəri, Ə.Kərim adına Poeziya Evinin direktoru, "Tərəqqi" medalçısı, şair- publisist, tərcüməçi İbrahim İlyaslıdır.
Layihəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təqdim edir.
-Necəsiz, İbrahim müəllim?
-Son zamanlar imzam daha çox “Necəsən” adlı bir şeirimlə yanaşı çəkildiyinə görə, adətən, soruşan olanda, deyirəm ki, “necəsən” mənim sualımdır. Necə varsan, desəydin deyərdim ki, yaxşılıqdı. Şükranlıyam. Yeri gəlmişkən, hamıya “müəllim” deyə müraciət etməkdən də qurtulsaydıq yaxşı olardı. Müəllim müqəddəs bir peşə sahiblərinin adıdır. İnsanlar bunun üçün illərlə can qoyub, təhsil alırlar ki, sonucda müəllim olsunlar. Mən isə ixtisasca mühəndisəm, məsləkcə yazaram. Bəlkə də söhbətimizə elə də dəxli yoxdur, amma cəmiyyətə bir mesajdır, elədim... Bilirsən, Gülnarə xanım, insanlarımız ictimai yerlərdə bir-birinə müraciət etməkdə çətinlik çəkirlər. Bəzən xarici görünüşü yaşı ilə dəng gəlməyən adamlara “əmi, dayı, xala, bibi” kimi və ya qiyafəsinə baxmayaraq statusuca “müəllim” deyə müraciət edilməsi yolverilməz olan adamlar bundan rahatsız olurlar.
-Bildiyimiz kimi bu il Sumqayıtımızın 75 yaşı tamam olur.75 illiyə sizin töhfəniz?
-Mən 1980-ci ildən Sumqayıtda yaşayıram. Hesablayanda, artıq 4 ildir ki, rəqəmlər arasında xalqımızın ən çox sevdiyi 44 alınır. Yəni, 44 ildir ki, sumqayıtlıyam. 75 illiyə ən böyük töhfəm, ilk növbədə, taleyimin şəhəri olan Sumqayıta olan hədsiz sevgim və vurğunluğumdur. Bu 44 il ərzində həmişə çalışmışam ki, Sumqayıtın təəsübünü layiqincə çəkim, ölkəmizdə, eləcə də ölkə xaricində şəxsiyyət vəsiqəmdə adını qürurla daşıdığım şəhəri ədəbiyyat adına ləyaqətlə təmsil edim.
Şəhərimizin 60 illik yubileyində adını tutub bir şeir yazmışam. “Sumqayıta həsr olunmuş ən yaxşı şeir” müsabiqəsində I yerə layiq görülüb. Sevindirici haldır ki, 70 illik yubileydə isə Ə.Kərim adına Poeziya Klubunun yetişdirməsi olan gənc şair Elvin Əlizadənin şeiri bu nominasiyada I yerə layiq görüldü. 75 illiyə isə Sumqayıtla bağlı ilginc xatirələrimdən ibarət “Sumqayıt: Səkilərdən dolub-daşan xatirələr” adlı publisistik kitabla gəlirəm. Düşünürəm ki, məramım kitabın adından bəllidir.
-“Şair”lərə sözünüz?
-İmzası söylənəndə şair sözü dırnaq arasında yazılan adamlara mənim heç bir sözüm yoxdur. Amma uzun illərdir ədəbiyyat görəvlisi olmağımdan dolayı, əsəblərim tamam tarıma çəkiləndə bir şeir yazmışam. Mənə elə gəlir, bu sualın cavabı bütünlüklə orda var:
Çox da ki, dinmirəm, insafın olsun,
Bu yalan-yanlışı sırı az mənə.
Mənim də dünyadan qandıqlarım var;
Sirmi var açmasın qara saz mənə?!
Mənim də dünyadan qandıqlarım var,
Yaxşı bax gözümün içinə, düz bax.
Sənə bu baxışlar heç nə demirmi?
Demirsə vay mənim halıma – yüz bax.
Sənə bu baxışlar heç nə demirmi,
Demirmi sən necə zalım adamsan?
Tutaq ki, mən fağır üzüyumşağam,
Sən niyə bu qədər qalın adamsan?
Tutaq ki, mən fağır üzüyumşağam,
Bə sənin mürvətin-zadın yoxdumu?
Qohumun, əqrəban, dostun, tanışın,
Düşmənin, yaxının-yadın yoxdumu?
Qohumun, əqrəban, dostun, tanışın,
Varsa bu xislətə necə dözürlər?
Çərləyibmi sənə salam verənlər,
Ya səni almayıb vecə, dözürlər.
Çərləyibmi sənə salam verənlər,
Varmı salamını alan – deyirəm.
Bezdirib dilimdən tərif qapırsan,
Ayə, Allah haqqı yalan deyirəm!
Bezdirib dilimdən tərif qapırsan,
Əcəb bazarın var – bazar olmasın.
Heç bir məmləkətdə, heç bir millətdə,
Yazıqdı, sənin tək yazar olmasın.
-Bu şəhərdə ədəbiyyatı təbliğ etmək iqtidarında və səlahiyyətində olan qurumlar var. Amma əli başına çatan bu işlə məşğul olur, lazımlı-lazımsız tədbirlər keçirir, kimlərinsə kitablarını təqdim edir və s. və s. Buna münasibətiniz?
-İş burasındadır ki, bu məsələyə bizim münasibətimiz heç nəyi həll etmir. İndi dövran başqadır. Süni intellektin musiqi bəstələdiyi, müxtəlif mövzularda mətn yazdığı, hətta ədəbi tənqidlə məşğul olduğu bir zamanda yaşayırıq. Mühafizəkarlığın fayda verməyəcəyini düşünürəm. Qanunlarımız demokratik prinsipdən çıxış edərək, istənilən vətəndaşın müxtəlif məramlı, o cümlədən ədəbiyyat yönümlü bir Qeyri Hökümət Təşkilatı və ya İctimai Birlik, eləcə də nəşriyyat yaratmağına və fəaliyyətini yürütməyə, müxtəlif layihələr hazırlayıb donor təşkilatların dəstəyi ilə onu həyata keçirməyə imkan verir. Bu təşkilatların başında dayanan insanlar isə ədəbiyyata və ədəbi cameəyə öz prizmasından (və ya prizmasızlığından) baxır və fəaliyyətini istədiyi kimi qurur. Bu qarşısı alınmaz bir prosesdir. İqtisadiyyatı bazar tənzimlədiyi kimi, burada da durumu oxucu tələbatı tənzimləməlidir. Bizim vəzifəmiz əsil ədəbiyyatı təbliğ etmək, istedadlı yazarların yanında olmaqdır. Bu mənada, yeganə dövlət dəstəyi olan ədəbi qurum olaraq Azərbaycan Yazıçılar Birliyi, eləcə də digər aidiyyatlı qurumlar bu cür ”sürpriz”lərə hazır olmalı, ədəbi prosesə təsir gücünü artırmalı və daha çevik fəaliyyət göstərməlidir. Ədəbiyyat tarixini isə bizdən asılı olmayaraq əlahəzrət zaman yazır. Zamandan heç bir qələm adamına aman olmayacaq. Bunu əlinə qələm alan hər kəs bilməlidir.
-Şeirlərinizin birində " Haqq deyilən heç nə yoxdur, Amma dəyər axtarmağa,- deyirsiniz. İndiki dünyada Onu axtarmağa dəyər?
-Dünya binnət olalı bəşər övladı bu dilemma arasında qalıb həmişə. Mənim qənaətim isə yenə də budur ki, axtarmağa dəyər. İnsan onu bula bilməsə belə, haqq axtarışında olanda daha ədalətli, daha mərhəmətli, daha gözəl olur. Müqəddəsləri müqəddəs, övliyaları övliya, müdrikləri müdrik yapan məhz ömür boyu bu yolun yolçuları olmalarıdır.
-Şairliklə məmurluğu bir ömrə sığışdırmaq mümkündürmü? Bunu necə bacarırsınız?
-Həyatda mütləq azadlıq olmasa da, şairin azadlıq dərəcəsi nə qədər çox olsa, əlbəttə ki, bir o qədər onun üçün yaxşıdır. Ədəbiyyat məmuru kimi çalışdığımdan dolayı, mənim məmurluq həddim elə də sərt deyil. Bəzi istisnalar olmaqla, yuxarı instansiyaların rəhbərləri də heç vaxt mənimlə başqa məmurlarla davrandıqları kimi davranmayıblar. Həmişə bir qələm adamı, şair kimi sayqı duyublar. Necə deyərlər, güzəştə gediblər. Axı onlar rəhbər olmaqla yanaşı, həm də oxucudurlar.
Mənimlə ünsiyyətdə olanlar bilirlər ki, rəsmi-protokol tədbirlər istisna olmaqla, bütün digər hallarda mən insanlarla məmur kimi davranmıram. Direktoru olduğum Poeziya Evində mənim üçün ayrılmış kabinetdən daha çox ümumi zalda əyləşib çalışıram, gələnləri də elə orda, çay süfrəsi arxasında qəbul edirəm. Kabinetə sənədlərlə işləmək lazım olanda keçirəm. Mənə məmur olaraq ayrılmış masada indiyəcən bir şeir belə yazmamışam, daha doğrusu yaza bilməmişəm. Evdə yığcam bir iş otağım var, orda yazıram...
-Kustar üsulla "şair" yetişdirmək olurmu? Ümumiyyətlə istedadı olmayan birini şair etmək mümkündürmü?
-Kustar üsulla nəinki şair, heç düzəməlli kələm, balqabaq da yetişdirmək olmur. Bu üsulla uzağı ölçülü, bəzən də bədii mətn yazan insan yetişdirmək olar, şair yox.
-Şair olmaq niyə zülümdü?
-Özün şair olmaqla indiyəcən nə çəkdiklərini gözlərinin qabağına gətir. Konu bitsin. Mənim üçün şairlik təkcə sənət, peşə deyil, həyat tərzidir – fərqli bir ömür yaşamaqdır. Şairliyi şərtləndirən zalım kriterilər var: ədalət, halallıq, azadlıq, cəsarət, dürüstlük… Cəmiyyət bu cür adamları asanlıqla həzm etmir. Ədəbiyyat tariximizə anidən bir göz atmaq yetər ki, şair olmağın zülüm olduğunu anlayasan. M.Hadi nə deyirdi: “Dağa dersən eşidir, sonra verir əks-səda /Daşa dönmüşlərə əks eləmədi fəryadım.”Şair olmaq, bax bu fəryadı duyub yaşamaqdı…
-Vaxt var idi dünyanın ən ağır yükü şairlərin, qələm adamlarının çiynində idi. İndi elə bil bir az alayı cür olub?
-Alayı zamanda işlər də alayı cür olur. Çiynini bu müqəddəs yükün altına vermək istəyənlər yenə də öz yüklərini daşıyırlar. Sadəcə, indilərdə heç kim çiynini yağır eləmək istəmir. H.Cavidin məlum pyesində deyildiyi kimi: “Nəmə lazım? Mən bilmərəm, Orxan bilər!” İndi bütün yüklər “Orxan”ın çiynindədi…
-Dünya anlamaq iqtidarında olsaydı, ona nə deyərdiniz?
-Heç nə deməzdim. Baxıb da susardım. Axı dünyanın hansı dildə anlayacağını bilmirəm. O, məni baxışlarımdan daha yaxşı oxuyardı yəqin ki…
-İbrahim İlyaslı hardan gəlib hara gedir? Onun dünəni ilə bugününü necə müqayisə edərdiniz?
-Dastanlarda deyirlər ki; “Kandan gəlib, məkana gedirəm.” İbrahim İlyaslının dünəni məsum bir uşaq, bu günü isə həyatı daha dərindən anlamaq üçün çaba yapan birisi… Mürşidini bula bilməmiş çarəsiz bir mürid…
-Bugünkü dünyada Nəsimi ola biləcək şair varmı sizcə?
-Bugünkü dünyada o cəzalara layiq şeir yaza bilən şair yoxdur. Olsaydı, onun da aqibəti eyni olacaqdı. Bir şeirimdə yazmışdım:
Cənnətdə cənnətlik qalmaqdan ötrü,
Adəm də, Həvva da qovulmalıydı.
Nəsimi NƏSİMİ olmaqdan ötrü,
Bircə yol varıydı – soyulmalıydı!
-Siz həm Ə.Kərim adına Poeziya Evinin direktoru, həm də AYB-nin Poeziya seksiyasının rəhbərisiniz. Poeziyamızın bu günkü durumundan razısınızmı?
-Problem ondadır ki, bugünkü durumu incələmək mümkünsüz olub. Ədəbi tənqid bir janr kimi sıradan çıxmaqdadır, ədəbiyyatşünaslıq elmi böhran yaşayır. Ədəbiyyat ayrı-ayrı zövqlərin döyüş meydanını xatırladır. Poeziyamız bir xaos içindədir. Amma ədəbiyyat yaranmaqda davam edir. Ədəbi nəsillər bir-birini əvəz edir.
Yenə də ənənəçilər yenilikçiləri qəbul etmir, yenilikçilər də ənənəçiləri. Kosmopolit düşüncə ilə milli düşüncə vuruşur. Halbuki, hansı cərəyana mənsub olmağından asılı olmayaraq poeziyanın bir adı var. Düşünürəm ki, sonucda yenə də istedad qalib gələcək. Bunun başqa yolu yoxdur.
-Söz adamlarıyla işləmək çətin deyil ki?
-Yox. Mən bu mənada çətinlik çəkmirəm. Ciddi söz adamları ilə ciddi ədəbiyyat söhbətləri edirəm, polemikada oluram. Öz münasibətimi sərgiləyirəm, münasibət alıram. Bildiklərimi öyrədirəm, bilmədiklərimi öyrənirəm. Özünü söz adamı kimi təqdim edənləri isə yola verirəm. Bunun başqa çarası yoxdur. İnsanların xətrinə dəyməklə aram yoxdur.
-Dünyaya hansı tərəfdən baxanda daha maraqlı görünür?
-Dünyaya ancaq durduğun yerdən baxmaq mümkündür. İnsan gərək durduğu yeri maraqlı eləsin. Dünya nəhəng anlayışdır. Ona bütöv baxmaq bizim gözümüz üçün deyil.
-Sizcə dünya yumrudu, yoxsa düz?
-Mənə görə, ümumiyyətlə, düz deyilən bir şey yoxdur. Düz dediyimiz nisbi anlayışdır. Bütün düzlər yumrunun bir halıdır. Həyatda düzxətli hərəkət də mövcud deyil. Bütün düzxətli hərəkətlər fırlanma hərəkətinin nəticəsidir. Təkcə dünya yox, kainat, yaradılışın özü yumrudur. Düzün sonu var. Dövrənin isə sonu yoxdur. Dünya sonsuzdur.
-Haqlı olduğunuzu bilə-bilə susduğunuz məqamlar olub?
-O qədər olub ki… Haqqını müdafiə etməyə gücün çatmayanda gərək susasan. Amma bunu heç vaxt unutmayasan gərək. Güc toplayıb, məqamı çatanda haqqını savunasan. Buna, bir növ, təmkinli olmaq deyirlər.
-Al- yaşıl geyinmiş uca dağların / Qartallı qoynundan uzaqlaşmışam;.. İncə dərəsinin saflığıyla Sumqayıta üz tutan İbrahim İlyaslı nə qazandı və nəyi itirdi?
-İnsan doğulduğu, ilk dəfə yalın ayaqla qədəm basdığı, havasını udduğu, suyu, çörəyi ilə böyüdüyü torpağa məhz elə bu səbəblərdən bağlı olur həmişə. Bu, bioloji və fiziki hadisədir. Ancaq uzun müddət yaşadığı yer də bir coğrafiyadır və onun da öz cazibəsi var. Mən, bu mənada, özümü tarazlıqda hiss edirəm. Əlbəttə, bir köy çocuğunun şəhər həyatına adaptasiyası elə də asan olmur. Amma bir müddətdən sonra hər şey öz yerini bəlləyir. Həyatda tale deyilən qaçılmaz bir anlayış var. Bütün itki və qazancıyla bu mənim taleyimdir və taleyimdən razıyam. Qazağa, İncə Dərəsinə, dogma Aslanbəyli kəndinə də, Sumqayıta da könül verib yazdığım şeirlərim var. Bu yaşda isə düşünürəm ki, hər iki məkan mənə məmləkətimin özəl bir obası kimi əzizdir. İncə Dərəsi ulularımın uyuduğu, xatirələrimin dipdiri qaldığı bir oba, Sumqayıt isə ailə qurduğum, övladlarımın dünyaya göz açdığı, onlara da, mənə də olan uğurları qazandıran bir şəhərdir. Sumqayıt həm də başqa şəhərlərdən fərqli olaraq cazibədar bir şəhərdir. Onun üçün darıxmamaq mümkünsüzdür.
-Aşıq Ələsgər deyir: "Əyri ol əyriylə, düz ol düz ilə". Dədə Ələsgərin düsturu həyatda karınıza gəlibmi?
-Yox. Bu məndə alınmır. Düzdür, bəzən boğaza yığılanda bu cür cəhdlər eləməyə çalışmışam, amma sonda alınmayıb. Kin saxlaya bilmirəm. Mənim əyri olduğum kəslər, ancaq mənim məmləkətimin və millətimin düşmənləridir. Bax onlarla bir ömür əyri olaraq qalacam.
-O vaxtlar "Dəniz" ədəbi birliyi vardı və o birlik Azərbaycan ədəbiyyatına xeyli imzalar verdi. O imzalardan daha çox hansılarıyla qürur duyursunuz?
-“Dəniz” bizim həm də ədəbi taleyimizin və tariximizin bir parçası oldu. Dünyalarını dəyişən əziz şair dostlarımız Gülbala Mehdini, Şaiq Vəlini, Sabir Yusifoğlunu, Zülfəli Zülfəliyevi, Arif Həsənoğlunu, Xaliq Oğuzu, Akif Afşanı, Əli-Ağa Aslanı, Fərhad Meteni, Elçin Elgünü, Bəxtiyar Hüseynlini, Şəfanı sevgi, sayqı və rəhmətlə anır, ölkə çapında, eləcə də xarici ölkələrdə tanınan Rauf Qaraişığın, Əyyub Qiyasın, Varisin, Nadir Məmmədlinin, Nadir Azayoğlunun, Füzuli Sabiroğlunun, Mehdi Calalın, Məryəm Aslanqızının, Gülnarə Cəmaləddinin, Asif Asimanın, Namiq Dəlidağlının, Mənsurə Eldarqızının imzalarına sayqı duyuram, əlbəttə.
“Dəniz”in davamçıları kimi isə yeni nəsil sumqayıtlı yazarlardan Feyziyyənin, Aygün Yaşarın, Emin Pirinin, Hikmət Fərzəlinin, Elvin Əlizadənin, Xaqani Əmininin, Vüqar Rahinin, Elvin İntiqamoğlunun, Ümid Abbasın, Günel Balakişinin, Aypara Ayxanın, Vüsal Ağanın, Elşad Xaqanın, İlkin Xaliqoğlunun, Amin Namazlının imzalarını xüsusi qeyd etmək istərdim.
Bir daha xatırladaq ki, burada söhbət “Dəniz” Ədəbi Birliyinin üzvlərindən və onların davamçılarından gedir.
-Bir vaxtlar Sumqayıt ədəbi mühitinə istedadlı gənclərin axını vardı. İndi də var. Amma daha çox şeir yazanların deyil, şeyir yazanların axını. Onlar ədəbiyyatdan nə istəyirlər sizcə?
-Hər şeydən öncə onu deyim ki, ədəbi mühitə istedadlı gənclərin axını zamanında bu mühiti yaradan, ədəbi camiənin başında duran, ona dəstək olan, istedada dəyər verən insanlara görə olub. Bu mənada, ünlü şairlərimiz Xasay Cahangirovu, Vaqif İbrahimi, Qulam Feyzullayevi, Sabir Sarvanı rəhmətlə anır, Əşrəf Veysəlliyə, Ofelya Babayevaya Uca Tanrıdan uzun ömür və möhkəm cansağlığı diləyirəm.
Ümumiyyətlə, istedadlı adamlar ədəbiyyata nəsə verirlər, istedadsızlar isə ədəbiyyatdan nəsə, xüsusən də şan-şöhrət umurlar. Elə bilirlər ki, kitabları çap olunsa, tədbirləri keçirilsə şöhrətlənəcəklər. Bu da bir azardı. Daha bilmirlər ki, beləliklə daha da özlərini gözdən salırlar. Yazmasalar, cəmiyyət içində, bəlkə də daha urvatlı insanlar olarlar.
Yaxşı ki, yenə də ədəbi mühitə gələn istedadlı gənclər var. Sumqayıtda ədəbi ənənə davam edir. Sadəcə, dövrə uyğun olaraq forma və formatlar dəyişib. Gənclər birbaşa ünsiyyətdən çox, social şəbəkədə, virtual aləmdə görünməyə üstünlük verirlər. Mən bunu faydalı tendensiya hesab eləmirəm. Üzbəsurət görüşüb, paylaşmağın ayrı yeri var.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Öncəliklə onu deyim ki, ölkəmizdə ədəbiyyata diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanır, Heydər Əliyevin ədəbiyyatımıza və ədiblərimizə göstərdiyi böyük diqqət və qayğı misilsiz bir örnəkdir. Ölkəmizin prezidenti İlham Əliyevin yürütdüyü mədəniyyət siyasəti, onun mədəni dəyərlərimizin qorunmasını daim diqqət mərkəzində saxlaması Azərbaycan cəmiyyətinə ciddi bir mesajdır.
Sumqayıt Poeziya Evinə daxil olan hər kəs sağ tərəfdə Ümummilli liderimiz Heydər Əliyevin: “Hər bir şair Azərbaycan üçün dəyərli şəxsiyyətdir”, sol tərəfdə isə Prezident İlham Əliyevin “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz və ənənlərimizdir!” kəlamları ilə üz-üzə qalır. Şəhərimizdə ədəbiyyata diqqət və qayğı isə məhz bu cür münasibətin davamıdır.
Nəinki şəhər, respublika, eləcə də beynəlxalq miqyaslı, uluslararası ədəbiyyat tədbirlərinə evsahibliyi etmək gücündə olan Sumqayıt Poeziya Evinin rəhbərinə bu cür sual qəribə görünər, əlbəttə. Şair dostumuz Əkbər Qoşalının çətin məqamlarda təkrar elədiyi bir ifadə var: “Gör neynirsən. Mümkünsüzü mümkün elə!” Sumqayıtda belə bir Poeziya Evinin yaradılması ilə bağlı düşünəndə Əkbərin bu sözü yadıma düşür. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sumqayıtlı yazarların bir vaxt məhz mümkünsüz deyə düşündüklərini mümkün elədi. Bir də ki, bu cür addımı ancaq ədəbiyyatı yetərincə bilən, onu dərindən duyan və ona yüksək dəyər verən bir rəhbər edə bilərdi. Bunu xarici ölkələrdən gələn qonaqlarımız da heyrətlə qarşılayıb, etiraf edirlər. Dünya şöhrətli qazax şairi və alimi, Türk dünyasının qürur duyduğu Oljas Süleymenov Avrasiya materikinin Ədəbiyyat üzrə 4-cü “LiFFt” festivallar festivalının iştirakçısı kimi şəhərimizdə, o cümlədən Poeziya Evində olandan sonra Bakı Kitab Evində çıxış edərkən Zakir Fərəcovu müqayisəsiz şəhər rəhbəri kimi tərif etdi. Mənə elə gəlir, ədəbiyyata şəhər rəhbərliyinin diqqəti deyincə təkcə bu faktı söyləmək yetərlidir ki, hər şey hər kəsə aydın olsun. Böyük diqqət və qayğı üçün cənab başçımıza sumqayıtlı yazarlar adından bir daha dərin təşəkkür və minətdarlığımı bildirirəm.
-İllərdir ədəbi mühitə rəhbərlik edirsiniz. İstedadlı insanların baş yaran iddiaları ilə qarşılaşdınızmı heç?
-İstedadlı adamın həm də iddialı olmağı heç də pis hal deyil. Bu onların haqlarıdır. Ancaq istedadlı adamlar təvazökar olurlar axı. Özlərini gözə soxmurlar, mənəm-mənəmlik eləmirlər, eqoist olmurlar. Onların haqlarını qorumaq bizim borcumuzdur. Mən şəxsən buna çalışıram. Nə dərəcədə nail ola bilirəm, deyə bilmərəm. Bu elə də asan məsələ deyil. Bunu sən də bilirsən. Adamın qarşısına maneələr, çətinliklər çıxır.
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
-AYB Sumqayıt bölməsi yaranandan ədəbi mühit üçün çalışır. Bu yerdə, bölmənin yaradıcısı və ilk rəhbəri, görkəmli şairimiz Sabir Sarvanı rəhmət və sayqı ilə anmalıyıq. Zamanında davamlı olaraq ədəbi toplular nəşr etdirdi, ədəbi mühitin qalxınması üçün böyük işlər gördü. Bölmə indi də bu ənənəni davam etdirir, ədəbi camiəmiz üçün çalışır. Ancaq düşünürəm ki, sürətlə dəyişən zamanla ayaqlaşmaq üçün daha çox çalışmalıyıq, imkan daxilində daha kreativ layihələr həyata keçirməliyik. Dediklərim Ə.Kərim adına Poeziya Klubuna da aiddir. Həm bölgələrimizlə, həm də xarici ədəbi qurumlarla ədəbi əlaqələri daha da genişləndirməliyik. Gənc ədəbi qüvvələri müxtəlif layihələrə cəlb eləməklə onların imkanlarından daha geniş istifadə etməliyik.
-Biz nə edə bilərik ki, ədəbiyyatın əvvəlki təsir gücünü özünə qaytara bilək?
-Nəinki ədəbiyyatın, ümumiyyətlə heç nəyin əvvəlki təsir gücü özünə qayıtmayacaq. Çünki, dünyada yeni təsir gücləri yaranır. Biz məhz o yeni təsir gücünü təqib etməliyik. Və orada ədəbiyyatın müəyyən olunmuş yerini tutmalıyıq. Yəqin ki, bilirsiniz, hal-hazırda Azərbaycanda xarici ədəbiyyat daha çox oxunur, nəinki öz ədəbiyyatımız. Kitab dükanlarının satış reytinqi belədir. Biz bunun nədənini müəyyən etməli və oxucunu qazanmalıyıq.
-Şəhərimizin 75 illik yubileyi ərəfəsində arzunuz, istək və təklifləriniz?
-Azərbaycanımızın çox möhtəşəm olan himnində bir misra, bir arzu var:
“Üçrəngli bayrağınla məsud yaşa!”
Simvolu sülh göyərçini olan şəhərimizdə daim əmin-amanlıq olsun, insanlarımız qurub-yaratmaq eşqi ilə yaşasınlar, sumqayıtlıların çöhrəsindən təbəssüm əskik olmasın. Qədim-qayım Türk törəsinə sadiq olaq, milli olaq, bəşəri olaq, artaq, arınaq, aydınlanaq, aydınladaq, sevək, sevilək!!!
O gün olsun, davamlı olaraq yenilənən xoşbəxt nəsillər Sumqayıt şəhərinin 750 illik yubileyini qeyd etsinlər!
-Ürəyinizdən xəbər verən bir şeir?
-Düzü, ürəyimdən xəbər verməyən bir şeir yazmadım indiyəcən. Tam səmimiyyətimlə deyirəm, bilgisayarı açıb, əlimə keçən ilk şeiri yerləşdirirəm bura. Budur, 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinə ünvanlılığım bir şeir imiş. Məqamı behişt şəhidlərimizin ruhu şad, qazilərimizin sağlıq durumu gümrah, oxuyanların gözləri nurlu olsun həmişə.
Qarşınızda bir ömür sayqı duruşundayız
Vətən müharibəsinin şəhid və qazilərinə
Vətən sizə can dedi, Vətənə can verdiniz,
Damarları təpimiş torpağa qan verdiniz.
Otuz il otuz yerdən yaraları çatlayan,
Millətə qırx dörd gündə şəfayla şan verdiniz!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Bir çağrışı bəs etdi ali baş komandanın,
Yüz illərə tən oldu – hökmünə bax bir anın?!
Vahimədən yağılar pərən-pərən oldular,
Haləsi böyüdükcə çəkdiyiniz hilalın.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Belə cəng, belə savaş yer üzü görməmişdi,
Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...
Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,
On min doqquz yüz əlli gündüzü görməmişdi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Xan Araz Sizi görcək qəhərlənib ağladı,
Köhlən Xudafərinin şahə qalxdı tağları.
O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,
Bu tayda ucalınca sənin zəfər bayrağın!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Azğın düşmənlərinə çoxları çıxdı yiyə,
Avropa diş qıcadı, Asiya getdi küyə...
Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,
“Hər zaman yanındayız!”- haykırınca Türkiyə.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Nərənizdən Şuşada qaya qopdu, daş yandı,
O gün qaş qaralmadı, qaralacaq qaş yandı.
DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,
Odlu nəfəsinizdən düşmən başa-baş yandı!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Ruhlar səltənətində ucalıqlar sizindi,
Uca başlar sizindi - uca dağlar sizindi.
Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,
Məmləkətdə haqq olan bütün haqlar sizindi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Ürəyim pasrçalansın, üzüm ağ olsun!- dedi
Heç nəyimiz olmasın, Qarabağ olsun!- dedi.
Bundan böyük ibadət görünməyib cahanda -
Şəhid doğan analar: “Vətən sağ olsun!”- dedi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Azərbaycan adını sinənizdən asdınız,
Yeni tarix yaradıb, yeni dastan yazdınız.
Qazi hüzurlarıdır daha səcdə yerimiz,
Şəhid məzarlarıdır ən müqəddəs andımız.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)