İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” üçün
Nə yaxşı Sumqayıtım vardır.
Onsuz ömrüm-günüm acıdır, hədərdir.
O, insanlara gərəkdir dar gündə dost kimi, vəfadar kimi. Nə qədər sinəsini şaxta, boran, qış döysə də sarsılmır. Onu sevənləri gənclik eşqiylə, bahar təravətiylə öpür yolları.
Kİmsəsiz, yalqız qalanların tutur əllərindən Sumqayıtım. Ögeyə doğmadır, dərdliyə sirdaşdır şəhərim. Dar günümdə arxam, köməyim, dayağım Sumqayıtım əzəldən dostluğun, birliyin, haqqın çırağına çevrilib. Səsim, ünüm, harayım, mənim şan-şöhrət payım, səndən mən necə doyum, Sumqayıtım?
Gözəlliyindən ilham aldığım şəhərim, Xəzərin sahilində ucalırsan, elin ürəyində yurd salırsan.
Sədaqətli oğlun, qızın var sənin, mətanətli gəncin, qocan var sənin. Hər an qəlbimdə, söhbətimdə, sözümdəsən, alnıaçıq, ürəyigen Sumqayıtım. Hissim, duyğum, məhəbbətim adınla bağlıdır. Hər yaranışın bir rəngi olduğu kimi, sənin də öz rəngin var: firuzəyi. Bundan yorulmur, doymur insanın gözləri, ürəyi. Mavi səma, yaşıl təbiət qovuşur bu rəngdə.
Bir qürur, bir vüqar rəmzi var səndə, bir od parlayır sinəndə. İşığın gurlandıqca qaranlıqları əridir, soyuq ürəkləri isidir. Dəyərini, qədrini, bəli, qadirlər bilir. Bu günə, sabaha, xoş gələcəyə inamla sıxır bir-birini yaradan əllər. İllər keçsə, fəsillər ötsə də ömrünü uzadacaq gələn nəsillər. Səni ürəkdən sevdiyim üçün qarşında baş əyirəm, qəlbən deyirəm: Daim ucal, daim yüksəl, tükənməsin arzun, kamın, Sumqayıtım!
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)