“Sumqayıtın yaddaşında mənim gəncliyim, mənim yaddaşımda onun tarixi qalıb…” - RƏHMAN ORXAN Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Zənnimcə, Rəhman Orxanı xüsusi təqdim etməyə ehtuyac yoxdur. Sumqayıtlılar, qələm sahibləri, xüsusən mətbuat nümayəndələri onu yaxşı tanıyırlar.

Rəhman Orxan mənim də yaxşı tanıdığım insanlardan idi. 

 

Bizimlə qonşu kənddə anadan olmuşdu. Onunla tez-tez əlaqə saxlayar və mətbuat üçün hazırladığım yazılarımla əlaqədar məsləhətlər alardım. Çapa hazırlanan kitablarım haqqında ilk rəyləri də Rəhman müəllimdən dinləmişəm.  Ondan həmişə səmimi münasibət, diqqət və qayğı görmüşəm.    

O, sadə, təvazökar və səmimi, xalqını ürəkdən, bütün varlığı ilə sevən, vətənpərvər insan idi.

Rəhman Orxan (Rəhman Abdurəhman oğlu Məmmədzadə) 1950-ci il iyulun 24-də Nuxa (indiki Şəki) rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982–1983-cü illərdə keçmiş Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnmişdi.

 Əmək fəaliyyətinə 1967-ci ildə akademik Yusif Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında laborant vəzifəsində başlayıb, sonralar 10 il Azərbaycan Boru-Prokat zavodunda mühəndis-konstruktor işləmişdir. 1979-cu ilin dekabrından həmin müəssisənin çoxtirajlı “Metallurq” qəzetində çalışmış, 1981-ci ilin yanvarından isə “Vışka” qəzetinə müxbir vəzifəsinə işə dəvət edilmiş, qəzetin Sumqayıt-Quba zonası, sonralar isə Naxçıvan MR və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri kimi çalışmışdır. 

1992-ci ilin noyabrından 2001- ci ilədək erməni təcavüzkarlığına qarşı ideoloji mübarizə məqsədilə yaratdığı, rusca nəşr olunaraq MDB ölkələrində, həmçinin xaricdə yayılan ictimai-siyasi "Bakinets" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. Rəhman Orxan bu qəzeti xalqımızın vətənpərvər oğlu, Sumqayıtın “Məişət kimyası” zavodunun direktoru olmuş mərhum Ucal Qasımzadə ilə birgə təsis etmişdi. Qəzetin ilk və etibarlı, vətənpərvər sponsoru da məhz o olub. "Bakinets"in elmi məsləhətçisi görkəmli akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov idi. İki məşhur həmyerlimiz – SSRİ-nin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov və SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov “Bakinets”in redkollegiyasının fəxri üzvləri idilər. “Bakinets” yalnız Azərbaycanda deyil, ABŞ-da, Rusiyada, Kanadada, Ukraynada, Belorusiyada, Moldovada, Baltikyanı ölkələrdə, Gürcüstanada, hətta Bolqarıstanda, İsraildə və Monqolustanda da yayılırdı. Qəzetin yayımına təmənnasız olaraq “Azərbaycan Hava Yolları” böyük köməklik göstərirdi.

2001-ci ilin iyulundan 2013-cü ilin avqustunadək “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri, 2013-cü ilin sentyabrından 2016-cı ilin yanvarınadək isə Sumqayıt Bələdiyyəsinin mətbuat katibivəzifələrində, ümumiyyətlə isə 36 il respublika mətbuatında böyük uğurla çalışmışdır.

O, 1985-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb. Ölkə rəhbərinin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə ona Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adı verilib.

Bir-neçə kitabın müəllifi və redaktorudur.

R.Orxan Qarabağ münaqişəsi başlanan ilk günlərdən özünün əsas diqqətini bu mövzuya yönəltmişdi. Dəfələrlə döyüş zonalarında, cəbhə bölgələrində — Şuşa, Xankəndi, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Beyləqan, Tərtər, Zəngilan və Nüvədidə olub, vətənpərvərlik mövzusunda, düşmənə qarşı mübarizəyə səsləyən yazıları ilə ardıcıl olaraq mətbuatda çıxış etmişdi. O, ermənilərin qisasçılığa hazırlaşdıqları Sumqayıt hadisələrindən cəmi iki ay sonra "Vışka" qəzetinin sumqayıtlı müxbiri kimi Stepanakertə (Xankəndinə) getmişdi. Əməkdar incəsənət xadimi, R.Orxanın dostu, onun Xankəndinə getməyinə yardımcı olmuş Ağalar İdrisoğlu “Öz yubileyinə sevinə bilməyən insan Rəhman Orxan” adlı essesində yazırdı: ”Əhvalım çox pis idi - özüm öz əlimlə onu ölümə göndərmişdim. Çünki erməni daşnakları satqın, xəyanətkar, murdar Mixail Qorbaçova arxayın olduqlarından hər cür azğınlıq edir, hətta Ermənistandakı həmvətənlərimizə divan tutur, onlara qarşı amansız, dəhşətli cinayətlər törədir, azərbaycanlıları vəhşicəsinə qətlə yetirirdilər. Düşündüm ki, özləri bilərəkdən törətdikləri, baiskar olduqları Sumqayıt hadisələrinin də "qisasını" yəqin Rəhman Orxandan alacaqlar... Nəhayət, iki gündən sonra axşamçağı bütün bu ağır düşüncələr içərisində daxilən özümlə çək-çevir etməkdə ikən birdən nəzarətçi zəng vurdu ki, jurnalist Rəhman Orxan qayıdıb, sizi görmək istəyir. Qoruq-qadağa bilməyən, "ipə-sapa yatmağa" vərdiş etməmiş dostumun "qurdlar, canavarlar vadisindən" sağ-salamat qayıdıb gəlməsinə çox sevindim.Bir-neçə gündən sonra “Vışka” qəzetində və digər qəzetlərdə Rəhman Orxanın Qarabağ səfəri ilə bağlı yazıları çap olunmağa başladı. Həmin yazılar ermənilərə, sovet imperiyasına qarşı böyük üsyan idi...”. 

R.Orxan Sumqayıta bağlı insan idi. Bu şəhəri çox sevirdi. Burda onun çoxlu dostları vardı. O, Sumqayıt Dostlar Klubunun ən fəal üzvlərindən idi.

Yadıma gəlir. Söhbətlərimizin birində ondan nə üçün Bakıya köçmədini soruşmuşdum. Mənə zarfatla cavab vermişdi ki, Sumqayıtın yaddaşında mənim gəncliyim, mənim yaddaşımda onun tarixi  daşlaşıb qalıb. Biz ayrılmaz dostlarıq, bir-birimizə xəyanət etmərik.

O, Sumqayıtda gedən sosial-iqtisadi, mədəni quruculuq işlərinin fəal iştirakçılarından idi. Şəhərin uğurlarını mətbuat səhifələrində fəxrlə işiqlandırırdı. Rəhman müəllim şəhərin mədəni həyatında xüsusi fəallığı ilə seçilmişdir. Yenə Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlundan bir iqtibas vermək istəyirəm. O, yuxarıda adı çəkilən essedə yazır: “1989-cu ilin dekabrında mən Ağdamdan qayıdaraq, yenidən Sumqayıt Dövlər Dram Teatrına rəhbərlik eləməyə başladım. Həmin vaxt Sumqayıt Teatrının bağlanmaq təhlükəsi yaranmışdı. Həmin günlərdə Rəhman Orxan bir dost və əsl sumqayıtlı kimi mənim yanımda oldu. Bizim Sumqayıt Teatrını dirçəltmək üçün gördüyümüz işləri tez-tez mətbuatda işıqlandırmağa və bizimlə birlikdə zavodlarda, fabriklərdə keçirilən görüşlərdə iştirak etməyə başladı, teatr və tamaşaçı ilə bağlı mətbuatda maraqlı yazılarla çıxış etdi. Axı, o, Teatrın bütün aktyorları ilə hələ 1968-ci ildən - Teatrın yarandığı vaxtdan dostluq edirdi və onlarla eyni yataqxanada yaşamışdı, bir yerdə çörək kəsmişdi. Elə həmin vaxtdan da Teatrın bütün tamaşalarını izləyirdi. Həmin vaxtlar onu hətta “Teatrın bir nömrəli tamaşaçısı” adlandırırdıq”.

O.Rəhman həmçinin "Heydər Əliyev və Azərbaycan kimyası" kitabının tərtibçisi və redaktoru olmuş, "Bakinets" qəzetinin eyni adlı - "Heydər Əliyev və Azərbaycan kimyası" adlı xüsusi buraxılışını hazırlayaraq, nəşr etdirmişdir.  Bu kitabda və xüsusi buraxılışda  respublikada, o cümlədən Sumqayıtda  kimya sənayesinin yaradılmasında və inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs olunur.

 

Bunlardan başqa Rəhman Orxan son illərdə dövlət rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində sürətlə yeniləşərək, gündən-günə daha da abadlaşan, dünyanın maraq doğuran, əsrarəngiz bir şəhərinə çevrilənSumqayıta həsr etdiyi "Dənizə doğru addımlayan şəhər - Sum qayıtdı!" kitabının da müəllifidir. 

Bir yazar kimi R.Orxan dilimizin fəal təəssübkeşi idi. O, ana dilini mənəviyyatımızın tərkib hissəsi hesab edirdi. Ona görə mətbuat səhifələrində və sosial şəbəkələrdə dilimizin normalarının pozulmasına və zibillənməsinə qarşı amansız idi. Belələrini kəskin tənqid edirdi. Məsələn, o, paylaşmalarının birində yazırdı: ”Öz dilini unudub, "onun-bunun" bulaşıq ağız-burnunu yalayaraq, "aynən" deyənlər ola bilsin ki, elə bu tərzdə "ayıynan" ("ayı ilə") da desinlər. Ancaq onlar gücənərək də olsa, yadlarına salsınlar ki, doğma Ana dilimizdə "eynən" (eyni ilə) sözü var...Başqalarını yamsılamaq lazım deyil. Dil "yal"-taqlığını tərgidin! Ayıbdır! Ana dilimizdən, xalqımızdan ayıbdır!”

Rəhman Orxan həmişə ulu öndərimiz Heydər Əliyevin adını uca tutub, daim böyük ehtiram bəsləyib. O, sözdə yox, əməldə Heydər Əliyevçi idi.Onun üçün H.Əliyev əvəzedilməz lider idi. R.Orxan "Vışka" və "Bakinets" qəzetlərində Ulu Öndərin dühasının, siyasi qüdrətinin, müdrikliyinin təbliğatçısı olub. Bunu onun yazılarından da aydın görmək mümkündür. Məsələn, “Bakinets” qəzetinin 30 iyun 1993-cü il tarixli sayında “O qayıtdı!!” (“Oн вернулся!!.”) başlıqlı yazı da dediklərimizi sübut edir.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Əli Nəcəfxanlı “Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev jurnalist Rəhman Orxanı görüşünə niyə çağırtdırmışdı?” başlıqlı yazısında qeyd edirdi: “Azərbaycanın görkəmli kino-rejissoru, “Lider” telekanalının Azərbaycan üzrə rəhbəri, Ulu öndərlə bağlı ilk və maraqlı sənədli filmlərin müəllifi Davud İmanov bir dəfə bizimlə söhbətində bildirmişdi ki, iyunun 30-da o, səhər tezdən Heydər Əliyevlə görüşməli idi. Adəti üzrə yolüstü qəzet köşkünə baş çəkərkən Heydər Əliyevin o vaxt üçün çox nadir, həm də iri olan portretinin verildiyi qəzetin məhz sumqayıtlı dostu Rəhman Orxanın qəzeti – “Bakinets” olduğunu görüb, ondan dərhal iki nüsxə alıb, respublika rəhbərinin görüşünə getmişdi. 

Onun dediyinə görə, Heydər Əliyev qəzetin ilk səhifəsində “Oн вернулся!!.” başlıqlı yazıda “Оn должен был вернуться! Оn, именно Оnнужен был в этот самый трудный, наитяжелейшийпериод нашего народа. Именно Оn, обладающий богатым опытом большого политика и лидера, может вывести народ из трудного военного и эконoмического положения, в котором он оказался…” sözlərindən sonra məqalə və şəklin altında iri hərflərlə bütün səhifə enində yazılmış “İgid odur – hər əzaba qatlana, igid odur – atdan düşə, atlana!..” atalar misalını oxuduqda xalqın onu bu cür sevib, yüksək dəyərləndirməsindən, həmin ağır günlərdə yalnız ona güvənməsindən təsirlənib-kövrələrək, gözləri dolmuşdu (bunu Davud müəllim demişdi). Həmin an da köməkçisinin “düyməsini” basaraq, təcili olaraq “Bakinets” qəzetinin redaktorunu yanına dəvət etməyi tapşırmışdı…” 

Əli müəllim davam edərək yazırdı: “…Vışka”nın məsələdən xəbərdar olan o vaxtkı məsul katibi Tofiq Ağayev kabinetindən çıxaraq səmimi, inandırıcı səslə dedi ki, Rəhman, tez “Bakı” qəzetinə, Ağa müəllimə zəng elə, səni axtarırlar.

Gənc redaktor istər-istəməz narahat olmağa başladı ki, “bəlkə, qəzetdə hansısa vurğu, aksent düzgün verilməyib, siyasi naşılıq olub?”. Odur ki, cəld “Bakı”-“Baku” qəzetlərinin baş redaktoru, nəşriyyatda hamının böyük hörmət bəslədiyi Ağa Ağayevə zəng etdi. Ağa müəllim telefonda həyəcanlı halda soruşdu: “Rəhman, sən qəzetində Heydər Əliyevlə bağlı nəsə vermisən? Mənə Milli Məclisdən zəng eləyiblər, elə biliblər ki, biz “Bakı” qəzetində onunla bağlı  məqalə və şəklini vermişik. Ancaq dərhal başa düşdüm ki, bu, olsa-olsa, sənin işin ola bilər. Yəqin qəzetlərin adını – “Bakı” və “Bakinets”i səhv salıblar”.

Və, Ağa müəllim gənc həmkarını çox intizarda saxlamayaraq demişdi: “Heydər Əliyev səni görmək istəyir. Tez qəzetdən 70-80 nüsxə də götürüb, düş aşağı, mənim maşınımla təcili gedirik Milli Məclisə”.

“Bakinets”in redaktoru qəzetləri də götürüb, nəşriyyatın qarşısına çıxana kimi hər işində çox məsuliyyətli, dəqiq və operativ olan Ağa müəllim artıq 7-ci mərtəbədən düşərək, öz xidməti redaksiya maşınının yanında idi. Maşına oturar-oturmaz gənc həmkarından tələm-tələsik qəzetlərdən birini götürüb, 30 illik peşəkar nəzər-diqqəti ilə onu böyük maraqla nəzərdən keçirərək, “əladır, Rəhman, çox gözəl!” demişdi.

Milli Məclisə çatıb, içəri daxil olanda “Nyu-York Tayms” və “Vaşinqton Post” qəzetlərinin Azərbaycan üzrə xüsusi müxbiri Tomas Qoltsla rastlaşırlar və Rəhman Orxan onu ölkəmizə rəğbəti olan bir jurnalist kimi tanıdığından, məmnuniyyətlə qəzetin bir nüsxəsini ona bağışlayır. (Səhərisi günü  – iyulun 1-də Tomas hər iki Amerika qəzetində “Bakinets” qəzeti…Heydər Əliyevin hakimiyyətə gəlişini sevinclə, alqışlarla qarşıladı” sözləri ilə müşayiət etdiyi məqalə vermişdi).

O vaxtlar Milli Məclisin Mətbuat xidmətinin rəhbəri olan tanınmış yazıçı-dramaturq, Azərbaycanın Əməkdar jurnalisti, mərhum  Aqşin Babayev də, sən demə, “Bakinets”in yeni nömrəsini intizarla gözləyirmiş: “Rəhman, görüm sən qəzetdə nə vermisən ki,  Heydər müəllim səhərdən bir-neçə dəfə səni soruşub?”. Və qəzeti əlinə alıb baxmağı ilə fərəhlə, gülə-gülə demişdi ki, “Baho, sən lap qiyamət eləmisən ki, çox pakizə! Kişi buna görə səni görmək istəyir də… Oturun burda, indi gəlirəm” deyib, qəzetləri də götürüb, xoş bir ovqatla Milli Məclis sədrinin (o vaxt H.Əliyev hələlik Milli Məclisin sədri idi) köməkçisi Fazil Muradəliyevin yanına tələsdi…

Həmin əlamətdar gündən sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Bakinets” qəzetinin redaktoru bütün mühüm respublika tədbirlərinə dəvət olunurdu. Onlardan ən çox yadda qalanı isə, əlbəttə ki, 20 sentyabr 1994-cü ildə “Gülüstan” sarayında “Əsrin kontraktı”nın – Beynəlxalq neft sazişinin imzalanması mərasimi idi”. (Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev jurnalist Rəhman Orxanı görüşünə niyə çağırtdırmışdı?)

Rəhman Orxan 02 fevral 2024-cü ildə vəfat etdi, öz ölümü ilə dost sıralarımızı seyrətdi. 

Lakin mən əminəm ki, o bütün sumqayıtlıların, bütün mətbuat işçilərinin və sevimli oxucularının, dostlarının xatirəsinə yaşamaqda davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.