“Haqlı olduğum məsələdə heç kəs məni öz fikrimdən döndərə bilməz” - MÜSAHİBƏ Featured

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Sumqayıt şəhərinin 75 iliiyi münasibətilə həyata keçirdiyi “Sumqayıtın tanınmış qələm adamları” layihəsini davam etdiririk. 

Müsahibimiz şair- publisist, yazıçı, tərcüməçi, Azərbaycan Respublikası Prezidentinin "Tərəqqi" medalına, “Qılınc və qələm" Beynəlxalq Ədəbi mükafatına layiq görülmüş Süleyman Hüseynovdur.

 

Müsahibəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin aparır. 

 

-Necəsiniz, Süleyman müəllim? 

 

-Şükür, hələ ki, ayaq üstəyəm...)))

  

-Sumqayıtın 75 illik yubileyi ərəfəsindəyik. Sumqayıtın  keçmişi və bu günü? Keçmişə tez-tez səyahət edirsiniz?

 

-Bütün həyatım Sumqayıtda keçib və indi də davam edir. Sumqayıtın dünəni də, bu günü də gün kimi yadımdadır. İnanın, 1966-cı ilin iyunundan bu günə kimi həyatın hər anı gözümün önündədir. Şəhər böyüdükcə mən də böyümüşəm, püxtələşmişəm. Sumqayıtın hər tini, hər döngəsi, hər küçəsi hər an xəyalımda canlanır. Xəyalən keçmişə dönəndə düşünürəm, o vaxt kimya zavodlarının zəhər qoxusu da mənə xoş idi. İnsanlarda bir doğmalıq, səmimiyyət vardı. İndiki dəbdəbəli həyat olmasa da, insanlar daha xöşbəxt idi. Azərbaycanın hər bölgəsindən Sumqayıta işçi axını vardı. Açığı, mahnıda deyildiki kimi, ötən günlərimi qaytarsaydılar, gələn günlərimi qurban verərdim... 

 

-Şəhərimizlə həmyaşıd olmaqdan qürur  duyursunuz?  

 

-Əlbəttə! Sumqayıt mənim tale şəhərimdir. Bu şəhərdə yaşayıb-yaratmaq mənim qismətimə yazılıb. 

 

-Çox yaşayan çox bilər, yoxsa çox gəzən?   

 

-Sözsüz ki, çox gəzən. Mən dünyanın 27 ölkəsində (o cümlədən Sovet  ittifaqı respublikaları da daxil olmaqla) olmuşam. Hər dəfə özüm üçün nə isə bir yenilik tapmışam, nəsə öyrənmişəm.

 

-Sumqayıt sizə nə verdi və nəyinizi əlinizdən aldı? 

 

 -Sumqayıt məni 17 yaşlı kənddən gəlmiş sadə, saf gənc oğlanı ev-eşik yiyəsi, ailə sahibi, eyni zamanda Sumqayıtın qurucularından biri etdi. Fəxr edirəm ki,  şəhərin tarıxində mənim də imzam var! Sağlamlığımı, həyat yoldaşımı, nəvəmi əlimdən aldı... Bu da taleyimə düşənlər, alnıma yazılanlardır. Sevirəm şəhərimi...

 

-Adam niyə və nə üçün darıxır?  

 

-Səni başa düşən,anlayan olmayanda... 

 

-Siz Sumqayıtın kimya  sənayesində uzun müddət çalışmış və tövhələr vermiş insansınız. Çətin olmadı ki?

 

-Heç nə asan başa gəlmir...

 

-“And" romanı necə yarandı? 

 

-Siz indicə gəzməklə bağlı sual verdiniz. "And" romanı həmin o səyahətin,

necə deyərlər, gördüklərimin məhsuludur. Özüm şahidi olduğum, eşitdiyim hadisələr, real həyat faktlarıdır. Hardasa 10 faiz yazıçı təxəyyülü, yazıçı fantaziyasıdır... 

 

-Ordan baxanda dünya necə görünür? 

 

-Hardan? Romandan?! Elə olduğu kimi...

 

-Süleyman Hüseynov üçün Vətən məhfumu ? 

 

-... Amma ki, qoy bilsin, qoy bilsin hamı, 

Dözürəm, necə ki, canımda can var, 

Yıxılan görməzlər bu Süleymanı,  

Nə qədər qəlbində Azərbaycan var!  

 

-Siz xaraktercə kövrək insansınız. Bu xarakteriniz yaşamağınıza mane olubmu? - 

 

-Bəli, haqlısınız. Kövrəyəm, lakin əndazəsində. Amma həm də inadkaram. Haqlı olduğum məsələdə heç kəs məni öz fikrimdən döndərə bilməz. Həyatımda çox çətinliklərlə üzləşmişəm, amma  o çətinliklər xarakterimi dəyişə bilməyib.

 

-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı? 

 

-Bəli, razıyam. 

 

-75 yaşlı gənc şəhərimizə arzunuz?  

 

-Zəhmətdən  doğulmusan, 

Mənim gənclik şəhərim. 

Sevgidən yoğrulmusan,  

Sevgi dolu səhərim, Sumqayıt!

 

Saçını xəzri darar, 

Qəlbini oxşar Xəzər. 

Adın bir nəğmə kimi,  

Obalar, ellər gəzər,  Sumqayıt! 

 

Gücümün, qüdrətimin, 

Şirin barı, bəhrəsi. 

Bu günümün sabaha,  

Açılan pəncərəsi, Sumqayıt! 

 

Gündən günə gözəlləşən, gözəlləşib,  cavanlaşan Sumqayıt beləcə mətin addımlarla addımlasın! 

 

-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?   

 

-Düzü, AYB Sumqayıt bölməsinin mərhum sədri Sabir Sarvandan sonra çoxu, o cümlədən mən də Gülnarə xanımın bu işi bacaracağına şübhə ilə yanaşırdıq. Lakin vaxt keçdikdə mən öz fikrimi dəyişdim. Görünür, insanın özünü bacarıqlı kadr kimi göstərməsi üçün, təsdiq etməsi üçün şərait, imkan və bir də məkan lazımdır. Və bu gün Sumqayıt bölməsinin işi təqdirəlayiqdir. Gülnarə xanıma fəaliyyətində uğurlar arzu edirəm! 

 

-Sumqayıtın 75 illik yubileyi ərəfəsində arzu və təkliflıriniz.

 

-Arzularımı yuxarıda bildirdim. Təklif olaraq demək istəyirəm, niyə Sumqayıtdan xalq şairi və ya xalq yazıçı olmasın?!  Qaldı bəzi xırda-para problemlərə, o da iş olan yerdə problem mütləq olur. Onlar da yavaş- yavaş öz həllini tapıb, öz yoluna düşəcək.Şəhər sakinlərini Sumqayıtımızın  75 illik yubileyi münasibətilə təbrik edirəm. Qoy şəhərimizin sakinləri daim xöşbəxt və firavan yaşasınlar!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.