QRETA QERVİQ ÇOX MƏMNUNDUR
Sizə bu barədə məlimat vermişdik. Hollivudun son nailiyyəti sayılan rejissor Qreta Qerviqin çəkdiyi “Barbi” filmi inanılmaz auditoriya toplamağa müvəffəq olub. Son xəbər isə filmin artıq rekord qırmasıdır. Belə ki, son uik-enddən sonra “Barbi”nin 500 milyon dollardan çox gəlir əldə etdiyi bildirilir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat yayır. Kiçik qızların sevimlisi olan məşhur gəlinciyin sərgüzəştlərindən bəhs edən ekran əsəri yerli nümayişlərdən gələn gəlirə görə hətta məşhur “Betmən”, “Supermən” və “Harri Potter” filmlərini geridə qoyur.
Qeyd edək ki, “Barbi”nin ilkin büdcəsi marketinq xərcləri nəzərə alınmadan 145 milyon dollar təşkil edib. Ekran əsəri “Warner Bros.” kinostudiyasının Barbi kuklalarını istehsal edən ABŞ oyuncaq istehsalçısı “Mattel” şirkəti ilə əməkdaşlığının nəticəsidir.
Qeyd edək ki, rejissor Q.Qerviq 2017-ci ildə çəkdiyi “Ledy bird” və 2019-cu ildə lentə aldığı “Kiçik qadınlar” adlı ekran əsərləri ilə rejissor kimi tanınıb. Ona kimi hamı onu aktrisa kimi tanıyırdı. Hər iki film xeyli sayda “Oskar” və “Qremmi” nominantı olub. Ona əsl şöhrəti isə, gördüyümüz kimi, “Barbi” gətirdi.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)