4-10 noyabrın təqvimi Varisin təqdimatında
4 noyabr. Sağlam düşüncə günü
Yalnız fiziki və ruhi cəhətdən sağlam insan sağlam düşünə bilər. Sağlam düşüncə - hər kəsin nəzəri olaraq aydın olması lazım olan biliklərə istinad etmək üçün gündəlik istifadə etdiyi bir anlayışdır. Amma sağlam düşünə bilirikmi? Dünyanın mizan-tərəzisi pozulduğundan, haqq nahaqdan, şər xeyirdən üstün olduğundan, qara rəng ağın üstünü örtdüyündən indi insanlar sağlam düşünə bilmirlər. Praqmatistlət nə deyirlər? Deyirlər ki, sağlam düşüncə həqiqətə yaxınlığı ilə deyil, müəyyən fikirlərə inanmağın nəticələri ilə müəyyən edilir. Həmin fikirləri də insanları zombiləşdirərək onlara zorla yeritmək mümkündür. Kəsəsi, indiki zamanda sağlam düşüncə həqiqətə deyil, təlqin olunan fikrə inanclardan doğur. Bu gün bunun əleyhinə çıxmaq günüdür.
4 noyabr. YUNESKO-nun yaranışı günü
BMT-nin İqtisadi və İctimai şurasının ayrıca qoludur YUNESKO, “Təhsil, Elm və Mədəniyyət Təşkilatı”nın ingiliscə qısaldılmış adıdır. Nizamnaməsi 9 hissə, 57 maddədən ibarətdir. İkinci Dünya müharibəsindən sonra, 1946-cı ildə qurulmuşdur. Bütün BMT-yə üzv dövlətlər eyni zamanda YUNESKO-nun da üzvü ola bilərlər. Hazırda 195 dövlət YUNESKO-nun üzvüdür. YUNESKO 600-dən çox qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatı ilə fəal əməkdaşlıq edir. Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı olan YUNESKO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır. YUNESKO məqsədini proqramının birinci maddəsində belə açıqlayar: “YUNESKO beynəlxalq əməkdaşlığına söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədi ilə qurulmuşdur”. Təşkilat millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir.
Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə YUNESKO-ya üzv qəbul edilib.
4 noyabr. Kişilərin nahar hazırlaması günü
Bu tarixi günü 1998-ci ildə Ottavanın 93.3 qısa dalğasında səhər radiosunun efirində məşhur aparıcı Sendi Şarki elan edib. Bayramın şərti belədir ki, nahar saatında hər bir evdə qadınlar yemək bişirməkdən azad olunur, bunu kişilər icra edirlər. Zatən aşpaz olan kişilər də var, hobbisi yemək bişirmək olan kişilərə də rast gələrsiniz, yemək bişirməyi ekzotika hesab edib məmnuniyyətlə bu prosesə qoşulacaq kişilər də az deyil. Amma Azərbaycan mentalitetində eşməbığ, zəhmli kişilər var e, göz ağardanda arvad siçan deşiyi gəzir, bax həmin kişiyə necə deyə bilərsən ki, önlük bağlayıb mətbəxə girməlisən? Qan düşməzmi?
4 noyabr. Tutanxamon, Alov festivalı və konfet bayramı
Keyfiyyətli iş günü. Sənə necə də ehtiyac var, ay keyfiyyət. Başdansovurduluq indi cəmiyyətin ən böyük bəlasıdır; Tutanxamon günü. 3000 il əvvəl bu şəxs Misirin hökmdarı olub, 9 yaşında taxta çıxıb, 19 yaşında vəfat edib. 1922-ci ilin 4 noyabr günündə onun qəbrini açıblar, içinə qoyulmuş bütün əşyalar indicə basdırılıbmış kimi görünürmüş. Möcüzədir, deyilmi?; Rusiyada milli birlik günüdür. Əsas məqsəd qeyri-rus xalqlarını rus xalqına daha sıx bağlamaq olan bu təqvim günü öz əsasını uzaq 1612-ci ildən, Minin və Pojarskinin Reç Pospolitaya müstəmləkəçiləri üzərində qələbəsindən götürür; Divali günü. İndus, sikx və cayn icmalarının 5 günlük “Alov festival”nin başlanğıcını bildirir Divali günü. Müasir Hindistanda Divalini yeni il hesab edirlər; Qay-Foks gecəsi. Bu gün Böyük Britaniya ilə bağlıdır, habelə tonqallar və atəşfəşanlıq gecəsi kimi də adlandırılır. Qay Foks ingilis katoliki olub, 1605-ci ilin bu günündə şotland kralı 1-ci Yakovu partlatmaq cəhdində bulunub, amma uğursuzluğa məruz qalıb; Amata Sab günü. Öncələr həbəş yəhudilərinin bayramı sayılan bu günü hazırda bütün yəhudilər qeyd edirlər. Xeşvan ayının 29-cu gününə düşən, dini ritualları əxz edən bir bayramdır; ABŞ-da isə bu gün Milli konfet günüdür. Kim çox konfet yeyər deyibən uşaqlar yarışırlar, böyüklər isə uşaqlıqlarını yada salıb sümürülən konfetlər dadırlar. Sadəcə, əyləncə.
4 noyabr. Maçarıstan qətliamı, Freydin yuxuyozmaları və ilk metro
Bu günə təsadüf edən tarixi hadisələrə nəzər yetirəkmi? 1984-cü ildə “Dell” kompaniyası yaranıb. “Dell” kompüterlərinə indi çox yerdə rast gəlmək olar. 1956-cı ilin oktyabrında Macarıstan əhalisi sosializm əleyhinə qiyama qalxmışdı, 4 noyabrda sovet qoşunları Budapeştə yeridilib xalq üsyanını qan gölündə boğub. 1899-cu ildə Ziqmund Freydin “Yuxuyozmalar” kitabı çap olunub. «Meyer bir dəfə yuxuda görür ki, üstünə bir neçə nəfər hücum çəkib: onlar onu yerə uzadıb, ayağının baş barmağı ilə ikinci barmağının arasına mıx vurublar. Yuxudan ayılanda görür ki, ayaq barmaqları arasında saman çöpü var” – yazan Freyd yuxuların az qala gələcəkdən xəbər verən sehirli qüvvəyə malik olması utopiyasını alt-üst etməyibmi, edib. 1848-ci ildə dünyada ilk metro açılıb. Yeraltı dəmiryolu ideyası ilk olaraq ingilis vəkil Çarlz Pirsona məxsusdur. İlk metro xəttinin uzunluğu 6 kilometr olub. 1847-ci ildə isə Feliks Mendelson – məşhur yəhudi bəstəkar dünyasını dəyişib. Tanımayanlar belə onu tanıyır. Niyə belə dedim? Çünki “Toy marşı”nı ki hamı eşidib? Bax o marşı bu rəhmətlik yazıb.
5 noyabr. Beynəlxalq sunami barədə informasiyaların yayılması günü
Sunami böyük təlafat və dağıntılar gətirməklə bir çox ölkələrə ziyan vurur. Ən dəhşətli sunamilərin tarixinə nəzər yetirsək belə bir mənzərə görərik: 2011-ci il, Yaponiya, 2009-cu il, Samoa və Tonqa, 2004-cü il, Hind Okeanı sahilləri dövlətləri, 2001-ci il, Peru, 1999-cu il, Türkiyənin Aralıq dənizi sahilləri, 1998-ci il, Papua-Yeni Qvineya, 1976-cı il, Filippin və 1960-cı il, Çili.
BMT-nin təşəbbüsü ilə qeyd edilən bu gündə sahil hövzəsi əhalisinə sunami təhlükəsi barədə tam məlumat verilir, təhlükəsizlik qaydaları başa salınır.
5 noyabr. Beynəlxaql Layihə menecerliyi, yaxud Menecer günü
Baxırsan, indi toya gedən müğənnilərin disk daşıyanları deyirlər ki, mən prodüsserəm. Toyuq fabrikinin marketlərə toyuq paylayanları da mən menecerəm deyirlər. Amma menecment kifayət qədər ciddi sahə, menecersə ciddi peşədir. 2004-cü ildən təqvimə salınan bu gündə layihə müxtəlifliyi, komanda idarəçiliyi sayəsində uğur qazanan menecment təsisatları qeyd edilir, uğur qazanan menecerlər fərqləndirilirlər. Ensiklopedik nəşrlərdə menecerlərə belə tərif verilir: ”inzibati-təsərrüfat müstəqilliyinə malik olan istehsalın, satışın, servisin təşkili və idarə edilməsi üzrə professional şəxslər menecerlər adlanır”. Menecerlərin əsas işi maliyyə, informasiya, insan resurslarından effektiv və səmərəli şəkildə istifadə edərək şirkəti məqsədlərinə çatdırmaqdır. Bir sözlə, idarə müdirinin muzdla tutduğu iş idarəçisidir menecer. Yoxsa ki, mağazalara toyuq paylayan hara, menecer hara.
5 noyabr. Üçlərin hərbi kəşfiyyat günü
Ruslar hərbi kəşfiyyat gününü qeyd edəcəklər. Yəqin ki, bu qeydetmə Dağlıq Qarabağda məskunlaşmış rus hərbçilərindən də yan ötməyəcək. Belaruslar da qonşularından dala qalmayaraq hərbi kəşfiyyat gününü qeyd edəcəklər. Belarusda isə hərbi kəşfiyyat işinin prioritet tərəfi hakimiyyətə gəlmək istəyən müxalifəti zərərsizləşdirməkdir yəqin ki. Amma bədxah qonşularımızda da bu gün hərbi kəşfiyyat günüdür. Axı onlar ruslar və beloruslarla hərbi ittifaqdadırlar. Hərblərinin və kəşfiyyatlarının nə gündə olmasını isə biz bir il öncə - 44 günlük müharibə zamanı görmüşük, bizə nağıl danışmağın yeri yoxdur.
İrlandiyada çox qəribə bir gündür – Milli sarışın saçlıları bəyənənlər günü. Cənubi Afrikada malyariya əleyhinə mübarizə günüdür. Qay Foks gegəsini dünən britanlar keçirirdi, bu günsə Yeni Zelandiyada və Kanadada qeyd edəcəklər. Hinduslar od festivalından qopub indi də Kanakadas Cayanti festivalını qeyd edəcəklər, bol məhsul arzulayacaqlar. ABŞ-da isə Milli Çin yeməyini evə sifariş vermək günüdür. Günün dəqiqliyinə baxın siz. Milli Çin yeməyi günü olsaydı sadə görsənərdi, amma belədə cizgilər tam bəlli olur. Üstəlik, hegemon dövlət bu gün Milli ponçik gününü də qeyd edir. Ponçik nədir? Yağda qızardılmış kökə deyim də.
5 noyabr. Baba Pünhan günü
1948-ci ilin bu günündə Kürdəxanıda Baba Pünhan dünyaya gəlib. Düzü düz, əyrini əyri yazan satirik şair.
Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.
Bu gün Vilayət Quliyevin, Mələkxanım Əyyubovanın, Oleq Bloxinin, Co Dassenin, Brayan Adamsın və digər çox sayda ünlülərin doğum günüdür həm də.
6 noyabr. Kişilər günü
Biz gözümüzü açandan 8 martın qadınlar günü kimi qeyd edilməsinə şahidik. Amma kişilər günü nədənsə qeyd edilməyib. Keçmişdə guya 23 fevral kişilər günü idi, əslində həmin günün təyinatı ordu günüydü. İndi isə sovetlər dönəmi öz işinin dalınca getdiyi kimi 23 fevral da gedibdir, milli ordu gününün isə təyinatı kişilər günü deyil, elə silahlı qüvvələr günüdür. Amma təqvimdə varmış axı kişilər günü. Budu bax, 6 noyabr. Xüsusən Şərqi Avropada geniş qeyd edilən bir gün. Özü də yaranışı 2000-ci ilə təsadüf edir. Amma bu günü şəxsən biz azərbaycanlılar heç vaxt qeyd edən deyilik. Niyə? Ondan başlayaq ki, təqvimdə 19 noyabr günü də var, Beynəlxalq Kişilər Günü. Onu ABŞ, Avstraliya, Böyük Britaniya, CAR, Hindistan və s. ölkələrdə qeyd edirlər. Bu 6 noyabrın qeyd ediılməsinin isə təşəbbüskarı Azərbaycana Dağlıq Qarabağ boyda dərd vermiş Mixail Qorbaçovdur. O, həyat yoldaşı, məkrli Raisaya sevgisini izhar etmək üçün bu günü BMT strukturlarında təsdiqlədib, qadınla kişi sevgisinin qarşılıqlı bayramlar şəklində ailə təməlini möhkəmlətməsinə istinad edib. İndi ruslardan tutmuş polyaklara, çexlərə qədər hamısı bu kişilər gününü qeyd edirlər, bizsə gəlin onun üstünü qara qələmlə xətləyək.
6 noyabr. Müharibə və konfliktlər zamanı ətraf mühitin ekspluatasiyasının qarşısının alınması günü
Heç də uzağa getməyək, bar-bar bağıraq, dünya ictimaiyyətinə məhz bu gün mesajlar ötürək, görsünlər ki, erməni barbarları meşələrimizi necə dağıdıblar, yandırıblar, su hövzələrini necə zəhərləyiblər, flora və faunaya necə divan tutublar. Yerin təkini qazıb faydalı qazıntıları necə vəhşicəsinə istismar ediblər. Dünyada misli görünməmiş barbarlıq nümunələri göstəriblər bu insanlıqdan uzaq olanlar. Heç faşistlər işal etdikləri ərazilərdə bu cür həngamələr qoparmamışdılar.
Məhz bu gün Azərbaycanın sözügedən problemi aktual olacaq, hər kəs bu işə öz töhfəsini verə bilər.
6 noyabr. Beynəlxalq insan əlindən ölən heyvanların xatirəsi günü
İnsanlar heyvanları ya gülləylə öldürürlər, ya başını kəsib ətini yeyirlər. Bu günü kim təqvimə salıbsa yəqin o, bizim zavallı qoyunları bəzəyib-düzəyib, geyindirib-keçindirib kütləvi qətliama məruz qoymamızdan da bixəbərdir. İnsan heyvanın həyatının qənimidir, yüzə yüz belədir. Haçansa amma əksinə olub, qədim insan heyvanların qurbanı olub.
İndi belə bir günü təqvimə salmaqda məram odur ki, ildə bir gün heç bir insanın əlində heyvan ölməsin. Qəssablar, eşidirsiniz? Dana kəsməyə bir gün fasilə verəkmi? Broyler sahibləri. Bir gün toyuqqırmanı dayandıraqmı?
Saksafon gününü, fin və isveçlilərin vərəsəlik gününü, ABŞ-ın naços gününü (qarğıdalı çipsləri ilə müxtəlif ədvalardan ibarət qəlyanaltı) də qataq heyvanların xatirəsi gününün gözünə.
6 noyabr. Şair Tofiq Mahmudun 90 illiyi
Tofiq Mahmud oğlu Mehdiyev 1931-ci il noyabr ayının 6-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, əmək fəaliyyətinə 1954-cü ildə indiki Mədəniyyət Nazirliyinin Mədəni Maarif Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlayıb, sonra 1958-1961-ci illərdə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir, 1961-ci ildə “Göyərçin” jurnalı redaksiyasında ədəbi işçi olub. “Gəzməsəm də, görməsəm də” adlı ilk şeiri 1953-cü ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunub. 1976-cı ildən “Göyərçin” jurnalının redaktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, 1989-cu ildən həm də rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Uşaq və gənclər ədəbiyyatı şurasının sədri olub. Həmişə gözəlliyi vəsf edən, ana yurdun şəninə şeirlər qoşan, qəlbi ülvi məhəbbətin eşqi ilə çırpınan şairin ətrafda müşahidə etdiyi nöqsan və qüsurlara, mənəviyyatsızlara öz baxışı, tənqidi münasibəti olub, şeirlərində belə “simasız”ları cəsarətlə tənqid edib. Onun uşaqlar üçün qələmə aldığı “Utancaq oğlan”, “Leylək yuvası”, “Dibçək”, “Qızımın sualları” kimi şeirləri də yığcam, lakonik və maraqlıdır.
Şair 1984-cü ildə Azərbaycan Komsomolu mükafatı laureatı olub, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib. O, 1997-ci il aprel ayının 4-də Bakıda vəfat edib. Şairin adına hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunan “Tofiq Mahmud mükafatı” təsis edilib. Ruhu şad olsun!
6 noyabr. Çaykovski və saksafon
1991-ci ilin bu günündə mühüm bir hadisə baş verib. SSRİ Kommunist Partiyası buraxılıb. 1951-ci ildə Kreşatikdə Ukrayna milli televiziyası öz yayımlarına başlayıb. 1917-ci ildə RSDRP (yəni bolşevik partiyası) Petroqradda qiyama başlamaq əmri verib. 1893-cü ildə böyük bəstəkar Pyotr Çaykovski dünyadan köçüb (bilirdinizmi, Çaykovski rus deyil, ukraynalıdır?).1814-cü ildə belçikalı usta, saksafonu icad edən Adolf Saks doğulub. 1600-cü ildə yapon tarixinin ən böyük samurayı – Konisi Yukinaqa vəfat edib.
7 noyabr. Parad günü
Sovetlər dönəmində ildə iki parad günü var idi, 1 may və 7 noyabr. Orta və ali məktəblər, fabrik və zavodlar, idarə və müəssisələr öz canlı qüvvələrini payızın soyuğunda əyni nazik küçələrə tökürdü ki, Lenin meydanından, rəhbərin önündən keçsinlər və ura qışqırsınlar. Bu günün adı Böyük Oktyabr Sosialist İnqilabının filanıncı ildönümü adlanırdı, Lenin adlı bir şəxs çarı devirib fəhlə-kəndli hökuməti qurmuşdu. Amma kökündə ədalətsizlik və haramlıq dayanan bir quruluş idi. Ən əsası da allahsız bir quruluş idi. Hər bir mədəniyyət xadimi bu günü tərənnüm eləməsə irəli gedə bilməzdi, rifah, mükafat, nüfuz – hamısı Oktyabrdan, Lenindən bəhs edən roman və poemalardan, filmlərdən, tamaşalardan, tablolardan, simfoniyalardan keçirdi. Getsin o günlər, bir də gəlməsin.
7 noyabr. Beynəlxalq Afrika yazıçısı günü
Ədəbiyyatsevərlər üçün xüsusi önəmi olan bir gündür. 1992-ci ildən Panafrika Yazıçılar Assosiasiyasının təklifi ilə təqvimə salınıb. Afrika ədəbiyyatı barədə əlbəttə ki məlumatlıyıq. Bir baxın, statistik azərbaycanlı oxucu bu gün Nobel mükafatçısı Con Maksvel Kutzeeni yaxşı tanıyır, onun “Rüsvayçılıq” romanını az adam oxumayıb. Eləcə də “Səhra çiçəyi”ni yazan Varis Direanı. Bu il ədəbiyyat üzrə Nobel mükafatını alan Abdulrazak Qurna da afrikalıdır, Zənzibarda dünyaya gəlib. Bu il Qonkur mükafatını alan Məhəmməd Mqubar Sarr da afrikalıdır, seneqallıdır. Demək, Afrika ədəbiyyatı zəngindir, çoxşaxəlidir, oxunaqlıdır. Gəlin qara qitənin yazarları üçün bir tuş deyək.
7 noyabra təsadüf edən digər əlamətdar hadisələr
Razılaşma və barışıq günü. Bir də rus döyüşçüsünün şərəf günü. Hazırda ruslar Oktyabr inqilabını bu iki ad altında qeyd edirlər. Macarıstanda opera günü. Argentinada idman mətbuatı günü. Lüksemburqda Müqəddəs Villibrod günü. Hindistanda yeni bir festivalın -Toxu Emonqun başlaması. ABŞ-da isə badamlı acı şokolad günü.
2017-ci ilin bu günündə İngiltərədə qazıntı zamanı yereşənə bənzər xırda canlı qalıqları aşkarlanıb, müəyyənləşdirilib ki, onun 145 milyon yaşı var və o, ən qədim məməli sinfi nümayəndəsidir. 2000-ci ildə Corc Buş ABŞ prezidenti seçilib. 1941-ci ildə Sevastopolda almanlar sovetin “Armeniya” adlı teploxodunu batırıblar, 5 min adam ölüb. 1913-cü ildə Alber Kamyu – məşhur fransız romançısı və filosofu, Nobel mükafatı laureatı dünyaya gəlib. 1879-cu ildə tanınmış inqilabçı, Qırmızı ordunun ilk rəhbəri Lev Trotski doğulub.
8 noyabr. Şuşanın işğaldan azad olunması
Təbii ki bu günün adı birdir – Şuşa! Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub, ilk çağlarda Pənahabad adlandırılıb. Tezliklə Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edib, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürüb. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edildi. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün oldu. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
2020-ci ildə Azərbaycan ordusunun ərazilərimizin azad olunmasığı uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Noyabrın 5-də Azərbaycan ordusu bilavasitə şəhərdəki erməni mövqelərinə artilleriya zərbələri endirməyə başladı, nəticədə yüngül silahlı xüsusi təyinatlılarımız Şuşanın girişinə qədər irəliləyə bildi. Düşmən üçün tamamilə gözlənilməz idi ki, xüsusi olaraq bu cür döyüşlər üçün hazırlanmış Azərbaycan döyüşçüləri alpinistlər kimi sıldırım qayalıqlara dırmaşaraq hücum edirdi və şəhərə daxil olurdu. Şuşanın içərisində şiddətli şəkildə yaxın məsafədən, hətta əlbəyaxa döyüşlər başladı. Yenilməz Azərbaycan əsgərləri misli görünməmiş igidlik göstərərək noyabrın 7-də şəhəri tam nəzarət altına aldılar. Şəhərdən geri çəkilən düşmən qüvvələri çox ağır itkilər verdi. Düşmənin şəhəri yenidən ələ keçirmək cəhdləri onun itkilərini daha da artırdı, bu vaxt artıq şəhərə Azərbaycan ordusunun əlavə qüvvələri yeridildi və onlar düşmənin bir neçə əks-hücumunu dəf edərək Şuşada möhkəmləndilər. Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi.
8 noyabr. Zəfər günü
Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan prezidenti Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadığından bu misilsiz qələbə - Zəfər Günü - hər il noyabrın 8-də təntənəli şəkildə qeyd olunacaqdır. Zəfər Günü qeyri-iş günü hesab olunan bayram günlərinə aid ediləcəkdir.
8 noyabr. Ümumdünya şəhərsalma günü
Şəhərlərin planlaşdırılması sferasında çalışan insanların təşəbbüsü ilə təqvimə salınan bu gün ilk dəfə uzaq 1949-cu ildə qeyd edilib. Onun qeyd edilməsi zərurətini isə ilk dəfə Buenos-Ayres Universitetinin professoru Karlos Paolera dilə gətirib. Bu günümüzdə şəhər planlaşdırılmasında urbanizasiya təzahürlərinin nəzərə alınması, maksimum rahatlıqların təmin edilməsi, şəhər sakinlərinin şəhərin təmizliyinə və ətraf mühitə vicdanlı münasibətlərinin təşviqi əsas yer tutur. Və Ümumdünya şəhərsalma günündə məhz bu amillərə istinad edilərək şəhərlərin qayğısına qalmaq prioritet sayılır.
8 noyabr. Beynəlxalq KVN günü
Şən və hazırcavab olmayan tələbə nə tələbədir ki? O daim irəliyə can atır, hər situasiyadan çıxmağa çalışır, istənilən prosesdə mənafeyini qoruya bilir. 1961-ci ildə rus tələbələr ilk dəfə öz klublarını yaratmaq qərarına gəldilər. Ən şən və ən hazırcavablar zümrəsinə ən qabaqcıl tələbələr aid oldular, 8 noyabrda ağ-qara göstərən SSRİ televizorlarında ilk KVN oyunu nümayiş olundu. Tezliklə bu proqram ən sevilən bir proqrama çevrildi, beynəlxalq status aldı. Hazırda da KVN öz nüfuzunu qoruyub saxlayır, hazırkı prezident – 1964-cü ildən postunu qoruyan Aleksandr Maslyakov mütəmadi olaraq çempionatların keçirilməsini təmin edir.
Azərbaycan da KVN hərəkatına böyük töhfələr verib, “Bakılı oğlanlar” komandası əsrin çempionu olub. Hansı azərbaycanlı Tahir İmanovun yaratdığı Hacıbala Abutalıbov, Bəhram Bağırzadənin yaratdığı Siyavuş Novruzov obrazlarına qəşş edincəyə qədər gülməyib? Bu yerdə mən KVN-çi dostlarım Bəhram Bağırzadə və Tahir İmanovu təbrik edirəm, “Bakılı oğlanlar”ın mərhum kapitanı Anar Məmmədxanova isə rəhmət diləyirəm.
8 noyabr. Elzer və Hitler
Bakı Metropoliteni işçiləri günü. Metropolitendə işləyən sıravi, əməkhaqqı ilə dolanan zəhmətkeş vətəndaşlarımızı təbrik edirəm. Cəsarətli və bol istiotlu qida hazırlamaq günü. Kim nə bacarırsa təcrübəsini ortaya qoya bilər. Rentgen şüaları günü. Xəstələnməyin, rentgenə ehtiyacınız olmasın. Beynəlxalq Radiologiya günü. Və ABŞ-da milli kapuçino günü.
1975-ci ildə Riqada, “Storojevoy” gəmisində antisovet qiyamı başlayıb. 1953-cü ildə rus yazıçısı, Nobel mükafatı laureatı İvan Bunin dünyasını dəyişib. 1939-cu ildə Münhendə dülgər Elzer Hitlerə uğursuz sui-qəsd cəhdində bulunub. 1793-cü ildə Luvr muzeyi tamaşaçıların üzünə açılıb. 1674-cü ildə ingilis şairi, dünyaca məşhur “İtirilmiş cənnət” poemasının müəllifi Con Milton dünyadan köç edib.
9 noyabr. Azərbaycanda Dövlət Bayrağı günü
1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib, zorən qırmızı bayraq qəbul olunub.
Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Bundan sonra 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan edib. 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli Dövlət bayrağını bərpa eləyib.
Bizsə tələbəlik illərimizdə - hələ 1988-ci il noyabr mitinqlərində Azadlıq meydanında gəzdirilən qırmızılı-göylü Sovet Azərbaycanı bayraqlarına etiraz edərdik. İndiki kimi yadımdadır, Manaf Süleymanovun o dövrün kult kitabı olan “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından Cumhuriyyət dönəmimizdəki bayrağın təsvirlərini öyrənib həmin bayrağı anama tikdirmişdim və onu meydana aparmışdım, məni ekstremist adlandıranlar, “bu niyə İndoneziyanın (bir başqası Misirin demişdi) bayrağını gətirib” deyə üstümə yeriyənlər də tapılmışdı.
Bayrağın daim ucalsın, Azərbaycan! Böyük Məmmədəmin Rəsulzadə demiş, “Bir kərə yüksələn bayraq bir daha enməz”!
9 noyabr. Ginnesin rekordlar kitabı günü
Olduqca maraqlı, bəşər insanının ən diqqətçəkən kəşflərindəndir Ginnesin rekordlar kitabı. Onu 1951-ci ilin bu günündə - düz 80 il əvvəl britaniyalı mühəndis, pivəbişirmə sexinin sahibi Xyu Biver yaradıb. Necə? O öz dostlarıyla ova gedibmiş. Axşam pivə barında mübahisələri düşüb ki, ən bərk uçan quş hansıdır. Nə qədər ədəbiyyat axtarıblar, cavab tapılmayıb. Onda Biverin ağlına gəlib ki, bir kitab yaradıb ora bütün rekordları daxil etsin. Kitabın adına da öz pivəbişirmə sexinin adını qoyub – Ginnes. Hazırda bu kitab dünyada müəllif hüququ qorunan ən yüksək tirajlı kitabdır. Burada nə qədər maraq doğuran faktlar var, yarəbb. Hər il bu faktlar dəyişir, yenilənir, Ginnesin kitabı da öz aktuallığını qorumaqda davam edir.
Kitabda Azərbaycanla bağlı səhifələr də var. Cəbrayılrayonunda anadan olmuş, hazırda Belşikada yaşayan rəssam Fəxrəddin Vəliyev adını "Ginnesin Rekordlar Kitabı"na yazdırmış ilk azərbaycanlıdır. O, 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. Lənkəranrayonunun sakini, 7 yaşlı Ələsgər Həsənzadə kitaba düşən ən azyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enə bilib. Neft Daşlarının Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşüb. 168 yaşında vəfat etmiş azərbaycanlı, Lerik rayon sakini Şirəli Müslümovun adıuzunömürlülüyünə görə kitaba daxil edilib. Təəssüf ki, özündə faciə əks etdirən faktla da kitabın səhifəsində qərarlaşmışıq. Belə ki, 1995-ci ilin 28 oktyabrında “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması (əslində terror aktıydı) nəticəsində 300 nəfərin həlak olması, 400 nəfərin isə yaralanması ilə sonuclanan qəza "Ginnes Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.
9 noyabr. Beynəlxalq faşizmə, irqçiliyə və antisemitizmə qarşı gün
1938-ci ilin 9 noyabrında, gecə saatlarında Almaniyada yəhudilərin kütləvi qırğına və talanlara məruz qalmasına start verildi, “büllur gecə” adlanan bu dəhşətli olay Xolokosta – yəhudi xalqına qarşı kütləvi genosidə qucaq açmış oldu. Nəticədə 6 milyon yəhudi öldürüldü. Bu gün insanlara qarşı baş verən bu sayaq cinayətlərin bir daha təkrarlanmaması üçün belə bir anım, xatirə gününü təqvimə salıblar. Və biz ümidliyik ki, 1918-ci ildə Bakı, Şamaxı, Quba, 1992-ci ildə Xocalı faciəsinin müəllifi olan erməni daşnakizmi də haçansa təqvimlərin lənət səhifələrində yer alacaq.
9 noyabr. Almaniyanın tale günü
Xaos heç vaxt ölmür günü. Qəribə təyinatdır, deyilmi? Britaniya pudinqi günü. Qeyri britaniyalılar da pudinq yeyəsidirlər. Berlin divarlarının dağılması səbəbindən Amerika bu gün Azadlıq gününü təqvimlərə saldırıb. Özü isə milli yunan yoqurtu gününü qeyd edəcək. Boliviyada kəllə sümüyü, İspaniyada Deva Almudenta (Madrid şəhərinin himayəçisi) günü qeyd edilir. Almaniyada bu gün tale günü kimi təqvimə düşüb. Çünki 9 noyabr günündə Almaniya tarixində tək xolokost başlamayıb, tək Berlin divarları uçurulmayıb, 1848-də Vyana üsyanı, 1918-də monarxiyanın ləğvi, 1923-də pivə qiyamı kimi tarixi hadisələr də bu günün payına düşür.
9 noyabr. Tanınmış rəssam Davud Kazımovun 95 illiyi
Niyə də belə məşhur bir rəssamı tanımayaq ki? Davud Mehti oğlu Kazımov 1926-cı il noyabr ayının 9-da Bakı şəhərində anadan olub. Sərbəst yaradıcılıq fəaliyyətinə II Dünya müharibəsindən sonrakı dövrdə başlayıb. İlk dəfə ictimaiyyətin diqqətini ordudan tərxis olunmuş əsgərin qarşılanma mərasimini əks etdirən “Əsgərin qarşılanması” adlı əsəri ilə özünə cəlb edib. Daha sonra “Konsert-tapmaca”, “Çimərlikdə”, “Uşaq konsultasiyası” kimi əsərlərində uşaq dünyasını əks etdirib, “Xəzərin təkində”, “Sağıcılar”, “Yollar” və s. kimi rəsmlərində onun təbiətə, insanlara məhəbbəti rənglərin dili ilə inandırıcı təsir bağışlayıb. Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi də tanınmış Davud Kazımov kitab illüstrasiyası sahəsində də çalışıb, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri ayrıca qeyd olunmalıdır. Dəniz neftçilərinin romantik həyatı, fədakar əməyi rəssamın sevimli mövzularından olub. Bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyələrinə gedib, 1979-cu idə Bolqarıstan, 1980-ci ildə İspaniya səfərlərinin nəticəsi olaraq yaradıcılığında xüsusi yer tutan “Bolqarıstan silsiləsi” və “İspaniya silsiləsi”nə daxil olan əsərlərini yaradıb. Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. O, 1978-ci ildə Azərbaycan Respublikasının “Əməkdar rəssamı”, 1992-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Davud Kazımov 2015-ci il fevral ayının 14-də vəfat edib. Ruhu şad olsun.
10 noyabr. 44 günlük müharibə sona çatdı
Dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş verib. Azərbaycanın tarixinə də 10 noyabr günü əlamətdar gün kimi daxil olub. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edib və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırıb. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıdıb. Buna qədər 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edilmişdisə, Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra qarşıdan gələn 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qoşunların çıxarılması təmin edilib. Düzdür, daha məqbul sonluq ola bilərdi, Azərbaycan xalqı buna köklənmişdi, amma kənar güclər yenə öz sözlərini dedilər, imkan vermədilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağalmaq nəsib etsin.
10 noyabr. Ümumdünya gənclər günü
1945-ci ilin 10 noyabr günündə Londonda keçirilən Ümumdünya Gənclər Konfransında dünyanın gənclər təşkilatlarının bir təşkilatda birləşməsi qərara alındığına görə həmin tarix Ümumdünya gənclər günü kimi qeyd edilir. Bu gün dünya gəncləri öz birləşmiş təşkilatlarında beynəlmiləlçilik çağırışları edir, irqçiliklə, millətçiliklə mübarizə aparır, xalqların müstəqilliyinə səs verir. Bu gün gənclər heç vaxt olmadığı kimi aktivdirlər, onlar milyonlar şəklində birləşib könüllülülük hərəkatında iştirak edir. Statistikaya görə dünya gənclərinin 52 faizi fəal vətəndaş olmağı prioritet sayır, 72 faizi haqq işinə, ədalətə inanır, 26 faizi xeyriyyəçilik fəaliyyətinə qoşulub. Hazırkı yeniyetmə isə son 100 ilin ən ictimai fəal yeniyetməsidir.
Bu yerdə Azərbaycanımızın dünyaya örnək olan ASAN könüllülük – gənclər hərəkatını qeyd etməmək günah olar. Eləcə də gənclər siyasətinin əsas halqalarından olan Gənclər Fondunun apardığı diqqətçəkən, məqsədyönlü fəaliyyət göz önündədir. Azərbaycan gənci bu gün dünyadakı qabaqcıl gənclik normalarına əməl edir, fəaldır, məqsədyönlüdür. Bayramınız mübarək, əziz gənclər!
10 noyabr. Ümumdünya elm günü
YUNESKO-nun təşəbbüsü ilə 2001-ci ildən qeyd edilən bu gün elmin kütləviləşməsinə xidmət edir. Elmli olmaq çox gözəldir. Məsələn, elə bu elm günündə biləndə ki, yaşlı insanın bədənində 206, yeni doğulan körpədə isə 300 sümük olur, biləndə ki, insan gözü il ərzində 4,2 milyon dəfə qırpılır, biləndə ki, insan orqanizmində ən uzunömürlü hüceyrələr beyin hüceyrələridir və biləndə ki, insan tək qalanda, ünsiyyətdən qaçanda beyni daha aktiv işləyir, adam heyrətlənir. Üstəlik, biləndə ki, dünyadakı ən təhlükəli canlı adi milçək imiş, biləndə ki, kosmosda 50 milyard qalaktika var, biləndə ki, təyyarələrin 19 kilometr və daha çox yüksəklikdən uçarkən buraxdıqları inversion iz istilik kristallarını aktivləşdirərək yerin üzərində parnik effekti yaradır, bu da qlobal istiləşməyə səbəb olur, buna görə də təyyarələrin az hündürlüklərdən uçması ilə qlobal istiləşməni 91 faiz azaltmaq olar, ikiqat təəccüblənirsən.
Bu son dövrlərdə niyə insanlar biganələşib, soyuqlaşıblar? Sən demə, son 16 ildə insan bədəninin temperaturu 0,6 dərəcə soyuyaraq 37 dərəcədən 36,4 dərəcəyə düşüb. Bəlkə bu səbəbdən?
10 noyabr. Atatürkün anım günü
Türk dünyasının böyük oğlu, sərkərdəsi, dövlət xadimi Mustafa Kamal Atatürk 1881-ci ildə Salonikidə anadan olub, osmanlı türk paşası, marşal, islahatçı, siyasətçi, dövlət xadimi kimi Türkiyə tarixində əvəzsiz yer tutub. O, Türkiyədə monarxiyanı ləğv edərək respublika qurub, 1923-cü ildən ta ki ömrünün sonunadək – 1938-ci ilədək prezidentlik edib. Birinci dünya müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala Cəbhəsində polkovnikliyə, Sina-Fələstin Cəbhəsində isə İldırım Orduları generallığına təyin edilib. Antanta dövlətləri tərəfindən Türkiyə tam işğal təhlükəsi ilə üz-üzə gələndə Atatürk Türkiyə İstiqlaliyyət Müharibəsinin ön sıralarında görünüb, Türk Milli Hərəkatına öndərlik edib. Qurtuluş döyüşü müddətində o, Ankara hökumətini qurub, Antanta tərəfindən göndərilən hərbi gücləri məğlubiyyətə uğradıb, türk millətini zəfərə aparıb. Atatürk daha sonra köhnə Osmanlı İmperiyasını müasir və dünyəvi bir dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlara başlayıb. Liderliyi altında minlərlə yeni məktəb inşa edilib, ibtidai təhsil pulsuz və zəruri hala gətirilib. Qadınlara bərabərlik və siyasi hüquqlar verilib, kəndlilərin kürəyinə yüklənən ağır vergilər azaldılıb. Ümumxalq sevgisinə tuş gələn Atatürk vəfatına qədər ard-arda 4 dəfə prezident seçilib. Tarixdə oynadığı əhəmiyyətli rol onu əbədiləşdirib, haqqında 379 əsər yazılıb. Həmçinin o, dünyada siyasətçi kimi ilk dəfə və tək nümunə olmaq üzrə YUNESKO təşkilatı tərəfindən 100-cü doğum ilinin bütün dünyada 1981-ci il "Atatürk ili" olaraq qəbul edilməsi şərəfini qazanıb. Ruhun şad olsun, böyük öndər!
10 noyabr. Ennio Marrikone günü
Beynəlxalq mühasib günü. Hələ də buxalter adlanan mühasiblərimizi təbrik edək. Yaddançıxarmazlar günü. Yaddaşı yaxşı olanların bayramıdır. Sklerozların vay halına. Telefon kodu günü. Bizim kod 994-dür də gərək ki. Beynəlxalq tirmə toxuyanlar günü. Bu el sənəti gərək unudulmasın. Latviyada və Fransada Müqəddəs Martini günüdür, gərgin mövsümün sonu və qışın başlanmasını özündə ehtiva edir Martini günü. Braziliyada buğda günüdür. İsraildə Ben Qurion günüdür. İsrailin ilk baş naziri Ben Qurionun şərəfinə olan bir gündür. Argentinada ənənələr, gözünə döndüyüm ABŞ-da isə vanilli keks günüdür.
1982-ci ildə “Şiroko şaqaet Azebaydjan” deyən SSRİ rəhbəri Leonid İliç Brejnev o biri dünyaya yollanıb. 1928-ci ilin bu günündə musiqisini həddən artıq çox sevdiyim, bayıldığım bəstəkar, italyan Ennio Marrikone dünyaya gəlib. “Bir dəfə Amerikada” filminin musiqisini bir xatırlayın. 1919-cu ildə adı dillər əzbəri olan rus generalı, silah mütəxəssisi Mixail Kalaşnikov doğulub. Kalaşnikov avtomatını kim tanımaz ki. 1891-ci ildə fransız şairi, simvolist Artur Rembo dünyasını dəyişib.
10 noyabr. Ən nəhayət, Yanıltmac günü
Budur, daha bir həftənin son akkordu. Və Yanıltmac günü. Şifahi xalq yaradıcılığının bir qolu olan yanıltmaclar sürətli şəkildə deyilərkən deyənin çaşmasına, bəzən də nəticədə fikrin əks dərəcəyədək təhrif olunub yanlış məna yaratmasına xidmət edir. Ən məşhur Azərbaycan yanıltmacı budur:
Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.
İnsanlar məşq edib hətta bu mürəkkəb yanıltmacı da söyləyə bilirlər. Amma günümüzdə elə yanıltmaclar yaranıb ki, onları söyləmək mümkünsüz qədər çətindir. Məsələn, bir ildə iki-üç dəfə benzinin, işığın, qazın, suyun qiymətlərinin qalxması ilə bağlı tarif şurası və onun sözçülərinin sürətli və tam anlaşılmaz açıqlamaları ən gözəl yanıltmac nümunələri hesab oluna bilər.