“…Axı hər bir şairin inamı, sevgisi tükənəndə Tanrı ondan uzaqlaşır” Featured

“Ədəbiyyat və incəsənət” portalının daimi yazarı Elman Eldaroğlunun növbəti ad günü təbriki bir şairə ünvanlanıb. Kimdir? Darıxmayın, biləcəksiniz.

 

Hər adam anadan şair doğulmasa da, bu İlahi təyinat kiminsə cənnətə düşəcəyinə zəmanət deyil. Adı Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazılan xeyli şairlər var. Amma onların arasında yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşənləri elə də çox deyil. Kimisi çuğulluqda suçlanır, kimisi yaltaqlıqda, kimisi də ətrafında baş verən hadisələrə biganəlikdə. Fəqət aralarında Hüseyn Cavid, Mikayıl Müşfiq kimi əyilməzləri də olub. Onlar təkcə şair olduqlarını yox, həm də şəxsiyyət olduqlarını son nəfəslərinədək nümayiş etdirə biliblər...

 

Deyir ki,- “Həyatda ən böyük, ən kobud səhvim- adamlara inanmağım olub. Bilməmişəm, adamlara inananlara sadəlövh kimi baxırlar. Sadəlövhü aldatmaq isə su içmək qədər asan işdir...”

Ruhən azaddır, çərçivələrə sığmır. Onun aləmində qayda və qanunlar adamları idarə etmək üçün düşünülüb. Sakit, qayğısız həyat yaşamaq həsrətində olan insandır. Gözəl danışmağı sevir, ağıllıdır. Söz döyüşündə ona qalib gəlmək çətindir. Bütün mövzularda söhbət etməyi bacarır. Hərtərəfli, intellektual olsa da çox vaxt hiyləgər, mənəviyyatsız adamlar onu aldada bilir. Buna səbəb isə içindəki insan sevgisidir...

1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kənddində dünyaya gəlib. 1967-ci ildə Azərbaycan Dövlət Universtitetini bitirəndən sonra təyinatla Əli Bayramlı şəhərinə göndərilib, burada çıxan “İşıq” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Şöbə müdiri, məsul katib vəzifələrində çalışıb. Bir qədər sonra Əli Bayramlı şəhərinin ictimai-siyasi həyatında yer alıb. 1990-cı ildə şəhər sovetinə deputat seçilib.

1991-cı ildə Hacıqabul rayonunda yeni yaradılan “Hacıqabul” qəzetinə ilk baş redaktor təyin olunub. 1993-cı ildən “Həyat”qəzetinin cənub bölgəsində dörd il xüsusi müxbir işləyib, 1997-cı ildən isə “Respublika” qəzetinin Muğan-Şirvan bölgəsində xususi müxbir kimi çalışır.

2005-cı ildə mətbuatda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına, 2013-cü ildə isə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb...

Uğursuzluğa dözümü yoxdur. Rəngarəngliyi xoşlayır. Həmişə təzə, ətraflı informasiya almağa can atır. Yeni xəbərlər eşitmək və bütün yenilikləri görmək həvəsi ilə yaşayır. Onun üçün diqqət, sayğı cənnət səfasına bərabərdir. Dostluqda çox sədaqətlidir və bütün dostlarından qarşılığını umur...

“Facebook” sosial şəbəkəsində tanınmış jurnalist İlqar Həsənovun onun haqqında paylaşdığı statusu təsadüfən gördüm. Var olsun ki, dostları biganələrə xatırladır. Və bir neçə il öncə onun məni də yaşadığı Şirvan şəhərinə dəvət edib, süfrə açdığı yadıma düşdü. O vaxt yaşı 70-i ötsə də bir gənc kimi qonağına xidmət etməkdən necə zövq aldığının şahidi oldum. Təəssüflənirəm ki, bu nəvazişin qarşılığını hələ də verə bilməmişəm...

...Doqquz şeir və publisistik məqalələr kitabının, sənədli povestin müəllifidir. İki övladın atası, üç nəvənin babasıdır...

Bəli, haqqında söhbət açdığım Tofiq Hüseyn sıradan bir şair deyil. Şəxsiyyəti ilə yaradıcılığını tamamlayan sanballı kişilərdən biridir- canlı əfsanə. Onu kimlər aldadıb, deyə bilmərəm. Amma onu yaxşı bilirəm ki, şair inamsız yaşaya, sevgisiz yarada bilməz. Axı hər bir şairin inamı, sevgisi tükənəndə Tanrı ondan uzaqlaşır, bir daha qulağına pıçıldamır. Çünki hər yazılan şeir Tanrının pıçıltısıdır...

İyunun 6-sı şair Tofiq Hüseynin 77 yaşı tamam olur. Əgər “7” müqəddəs rəqəmdirsə “77” müqədəsdən də müqəddəs deməkdir. Deyirlər, qədimdə igidlərin toyu 40 gün olardı. Məncə bu təntənəyə nail olan adamın da ad günü 5 gün əvvəldən başlayıb, 5 gün sonrayadək davam etməlidir. Qoy bu ilkə imza atıb, təbrik edən dostlar arasında birinci olum;

Tofiq müəllimin dünya malından hər şeyi var. Onu 77 yaşı münasibətilə təbrik edir, möhkəm cansağlığı, ağrı-acısız günlər arzulayıram...

Çox yaşa, USTAD!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.