Musiqili Teatrın monotamaşası beynəlxalq festivalda mükafatlandırılıb

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Lobnya şəhərində keçirilən XXVII “Rus klassikası” Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib, "Utancaq qız" monotamaşasındakı mükəmməl aktyor oyununa görə diploma layiq görülüb.

 

Teatrdan bildirilib ki, festivalda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, İran və digər ölkələrinin teatr kollektivlərinin də tamaşaları nümayiş olunub.

Qeyd edək ki, səfərdən yenicə qayıdan aktyor bu gün saat 21:00-da da "Utancaq qız"la daha bir beynəlxalq layihədə iştirak edəcək. O, "Onlife" adlı Rəqəmsal Beynəlxalq Teatr Festivalına "Zoom" proqramı vasitəsilə qatılacaq. Bu təqdimatdan sonra səhnə əsəri layihənin münsiflər heyəti və iştirakçılarının onlayn müzakirəsinə veriləcək.

Xatırladaq ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında hazırlanan bu əsərin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.