Səhnədə qaynana, həyatda isə kino və teatrın anası idi Featured

 

 

 

BU GÜN NƏSİBƏ ZEYNALOVANIN ANADAN OLMASININ 107-Cİ İLDÖNÜMÜDÜR

 

 Onun barəsində qısaca belə yazılır: Nəsibə Zeynalova – Azərbaycanın görkəmli satira ustası, Azərbaycanın xalq artisti (1967), Azərbaycan Dövlət Mükafatı Laureatı. Azərbaycanlılar arasında isə o, "qaynana" kimi sevilirdi. Bu gün görkəmli aktrisamızın anadan olmasından 107 il keçir.

 “Ədəbiyyat və incəsənət”in əməkdaşları Nəsibə xanım barədə informasiyaları, onun filmoqrafiyasını bir araya gətirərək oxucularına təqdim edir.

Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. (Daimi oxucularımız xatırlayırsa, “Ədəbiyyat və incəsənət” Cahangir Zeynalov barədə məqalə ilə çıxış edəndə bu barədə geniş yazmışdı).

Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi bu rollarının xüsusi yeri var:

 

  ◦ Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli),

 ◦ Ziraldina ("iki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), 

 ◦ Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov),

 ◦ Alma ("Şirin arzular". Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət),

 ◦ Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev),

 ◦ Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov) 

 

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rollarının əvəzsiz ifaçısı sayılır:

 

 ◦ Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),

 ◦ Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov),

 ◦ Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov),

 ◦ Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),

 ◦ Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov),

 ◦ Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev),

 ◦ Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov),

 ◦ Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov),

 ◦ Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev),

 ◦ Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),

 ◦ Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev),

 ◦ Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "O1madı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov),

 ◦ Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov),

 ◦ Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),

 ◦ Əsınət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova),

 ◦ Cənnət xala ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov),

 ◦ Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov),

 ◦ Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev),

 ◦ Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),

 ◦ Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov),

 ◦ Cəlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov),

 ◦ Səltənət ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov),

 ◦ Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu),

 ◦ Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov),

 ◦ Güləndam ("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə və Ramiz Mustafayev),

 ◦ Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),

 ◦ Ballı ("Qızıl toy", Ramiz Heydər və Oqtay Kazımov),

 ◦ Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu) 

 

 Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu.

 

Bu isə aktrisanın söz verdiyimiz Filmoqrafiyasıdır:

 

100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100)

1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)

777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)

Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)

Aktrisanın təbəssümü (film, 1974)

Bağlı qapı (film, 1981)

Bəyin oğurlanması (film, 1986)

Bizim Cəbiş müəllim (film, 1969)

Bizim küçənin oğlanları (film, 1973)

Bizim Nəsibə xanım (film, 1991)

Böyük dayaq (film, 1962)

Böyük ömrün anları (film, 2006)

Dad (film, 1984)

Dəli Kür (film, 1969)

Fövqəladə hadisə (film, 1982)

Güllələnmə təxirə salınır!... (film, 2003)

Hədiyyə (film, 1974)

Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)

Xoşbəxtlik qayğıları (film, 1976)

Qanun naminə (film, 1968)

Qayınana (film, 1978)

"Qayınana" əməliyyatı (film, 1999)

Qeyri-Adi Görüşlər (film-tamaşa)

Qədəmlərin mübarək (film, 1976)

Qəm pəncərəsi (film, 1986)

Qorxma, mən səninləyəm (film, 1981)

Məhəllə (film, 2003)

Məhəllə 2 Moskvada (film, 2004)

Mən mahnı qoşuram (film, 1979)

Mollanın sərgüzəşti (film, 1960)

Nehrəmli qız (film, 2002)

O qızı tapın (film, 1970)

Ögey ana (film, 1958)

Səhər (veriliş, 1995)

Sehrli çıraq (film, 1987)

Sənətinin Vaqifi (film, 1996)

Tikdim ki, izim qala. III film (film, 1998)

Ulduz (film, 1964)

Yuxu (film, 2001)

 

Daha artıq filmlər ola bilərdi, onsuz da xeyli əhatəli olan filmoqrafiya bir qədər də uzana bilərdi, ancaq əcəl buna imkan vermədi. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə 88 yaşının tamamında Bakıda vəfat etdi.

Məzarı Fəxri Xiyabandadır.

Ruhu şad olsun!

 

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.