Kitab rəfini zənginləşdirmək istəyənlər üçün “Ədəbiyyat və incəsənət” portalı bu gün sizə bir reytinq təklif edəcək. Kitab almaq istəyəndə çox vaxt tərəddüd edir, rəfləri bəzəyən bolluqdan seçim edə bilmirsiniz. Təbii, axtardığınız kitabı və sevdiyiniz müəllifi bir kənara qoyub yenilik etmək istəyındə həmişə çətinliyiniz olur. Bəs necə seçim etməli? Öncə dost məsləhətinə qulaq asmalı, daha sonra reytinqləri izləməli. Azərbaycanımızda bu sayaq reytinqlər tək-tük olur, amma digər kitabsevər ölkələrdə ən müxtəlif təsisatların öz reytinqləri vaxtaşırı dərc edilir. Lap elə ədəbiyyat ölkəsi kimi tanınan Rusiyada. Rusların ən mötəbər kitab reytinqləri arasında LitRes platformasının reytinqi öndə gedir və indi sizə son vaxtlar Rusiyada ən çox tələb olunan 8 kitabın adlarını təqdim edəcəyik:
Entoni, “Əjdahaya yol” (Sehirli)
Maks Qlebov, “Sözsüz detektiv” (Kosmik fantastika)
Yelena Mixalkova, “Kağız quşun lələkləri” (Detektiv)
Talyana Orlova, “Yeddinci dairənin Böyük Knyazı” (Mistika)
Aleksandr Baunov, “Rejimin sonu”
(Non-fikşn)
Anton Petryakov, “Görünmək deyil, olmaq” (Psixoloji, motivasiya)
Alina Arkadi, “Çovğun” (Sevgi romanı)
Vadim Zeland, “Tafti rahibəsi 2” (Motivasiya)
Bu kitablar arasında diqqətimizi çəkən daxili və xarici intibahı özündə təcəssüm etdirən, davranış psixologiyasını bəyan edən, uğursuzluq və həyəcan səbəblərini açan “Görünmək deyil, olmaq” kitabı, üç avtokratiyanın - İspaniyada Franko, Portuqaliyada Salazar və Yunanıstanda “qara polkovniklərin” süqutundan bəhs edən “Rejimin sonu” kitabı, eləcə də sevgi və ehtiras barədə zərif və qarlı əhvalatı nəql edən “Çovğun” kitabı çəkdi. Mütləq oxuyun.
Yeri gəlmişkən, əməkdaşımız Habil Yaşar bizdə ən çox tələb olunan kitabların reytinqini hazırlayır. Tezliklə diqqətinizə çatdırılacaq.
Şəkildə: Reytinqə başçılıq edən kitab
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)