Yaz-yay mövsümündə ziyarət üçün dünyanın ən gözəl şəhərlərinin siyahısı açıqlanıb
Niderlandın paytaxtı Amsterdam şəhəri yaz-yay mövsümündə səyahət etmək üçün dünyanın ən gözəl şəhəri adlandırılıb.
Reytinqdə liderlik edən Amsterdam artıq bir neçə ildir ki, ifrat sayda turist axınına qarşı fəal kampaniya aparır. Bəli, başqaları günüm günorta çağı çıraqla turist axtarır, Amsterdamsa turist əlindən bezib.
“Bounce” turizm tətbiqinin keçirdiyi tədqiqatın nəticələrinə istinad etsək, reytinqin tərtibi zamanı orta yağıntı miqdarı, temperatur və bahar mövsümündə bu və ya digər şəhərdə nə ilə məşğul olmağın mümkün olduğu araşdırılıb.
Baharda dünyanın ən gözəl və ziyarət edilməli şəhərlərinin onluğu belədir:
Amsterdam (Niderland),
London (İngiltərə),
Praqa (Çexiya),
Pekin (Çin),
Roma (İtaliya),
Las-Veqas (ABŞ),
Paris (Fransa),
Vyana (Avstriya),
Melburn (Avstraliya)
Los-Anceles (ABŞ).
Amsterdam siyahıda bahar fəslinə təsadüf edən çox sayda tədbir və bayramların sayəsində liderlik edir. Misal üçün, aprelin 27-si Kral günündə insanlar Kral Villem-Aleksandrın doğum gününü qeyd etmək üçün narıncı rəngdə paltar geyinərək gecə gec saatlaradək rəqs edirlər.
Bahar, həmçinin Kekenxof Kral parkında nəfəs kəsən lalə sahələrini ziyarət etmək üçün də ilin çox uyğun fəslidir. Bu parka paytaxtdan gəlmək çox asandır.
Bundan başqa, baharda Amsterdamda şəhər parklarında pikniklər çox populyardır. Xüsusən şəhər sakinləri və turistlər Vondel parkında yığışmağı çox xoşlayır.
Amsterdamın turistlər arasında ən populyar Avropa şəhərlərindən biri olduğuna baxmayaraq, şəhərin özü qonaqlara, ən azından, ilk növbədə, böyüklər üçün əyləncələrlə cəlb olunanlara, o qədər də şad deyil.
Bundan əlavə, artıq 2023-cü il mayın ortasından Amsterdamda turistlər üçün yeni davranış qaydaları qüvvəyə minəcək.
Şəkildə: Amsterdamı hədər yerə lider çıxarmayıblar ki…
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)