Berlindən “Ədəbiyyat və incəsənət” portalı üçün xüsusi reportaj
Vüsal Mətləb yazır
Dünyanın sənaye və texnoloji inkişaf sahəsində nəhənglərindən biri, Avropanın ən böyük iqtisadiyyatına malik ölkəsi - Almaniya. Bu ölkə 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təsisatların da üzvüdür.
Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə 4-cü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə 5-ci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür.
***
Müharibədən sonra Berlin 4 yerə parçalandı - onlardan üçü sonralar Qərbi Berlin olaraq formalaşdırılan hissələr ABŞ, İngiltərə və Fransa arasında bölünmüşdü, bir hissə isə Sovetlər birliyinə aid idi. İlk illərdə Qərbi və Şərqi Berlin arasında hərəkət sərbəst olsa da Şərqdən Qərbə axın baş verdiyindən 1961-ci ildə iki tərəfi ayıran Berlin divarı tikildi. Divar Sovet ittifaqının çöküşü və AFR və ADR-in birləşməsi ilə 1989-cu ildə söküldü.
***
Almaniya-Azərbaycan əlaqələrinə gəldikdə isə tərəflər ötən il diplomatik münasibətlərin 30 ilini tamamlayıb. Bu gün Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır. Almaniyanın bu bölgə ilə ticarət dövriyyəsinin təribən 80 fazi Azərbaycanın payına düşür.
Almaniya-Azərbaycan əlaqələrində hazırda iki xüsus önə çıxır: iqtisadi əməkdaşlıq və Ermənistan-Azərbaycan arasında sülh danışıqlarında vasitəçilik missiyası. Ayın əvvəllərində Ermənisan baş nazirinin Berlinə dəvət olunmasının ardınca Azərbaycan liderinin Almaniyaya səfəri məhz bu missiya ilə bağlıdır.
Martın əvvəlinə qayıdaraq Ermənistanın baş nazirinin Berlinə səfərindən sonra Almaniya hökumətinin sözçüsünün müavini Volfqanq Büşner açıqlamasını xatırlayaq: "Almaniya Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiq qalır. Almaniya Ermənistan və Azərbaycanı mübahisəni dinc yolla həll etməyə çağırır".
Bu açıqlama da Azərbaycanın yaratdığı postmünqaişə reallıqlarının və 5 baza prinsipinin Berlində də qəbul edildiyini və dəstəkləndiyini nümayiş etdirirdi.
Almaniya kansleri də Almaniyanın Dağlıq Qarabağı müsəqil respublika kimi tanımadığını açıq mətnləifadə etdi.
***
İkinci istiqamət isə enerji məsələsidir. Yeni geosiyasi təhdidlər fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Avropa İttifaqının mühüm ölkəsi kimi Almaniyanın maraqlarına cavab verir.
Ötən ilin iyulunda Avropa İttifaqı və Azərbacan arasında bağlanmış memorandum Cənub Qaz Dəhlizinin sonuncu seqmenti TAP-ın genişləndirilməsi və təkcə Azərbaycandan qoca qitəyə nəql olunan qazın həcminin artırılmsını yox, həm də coğrafiyasının genişləndirilməsini özündə ehtiva edir. İndi daha çox sayda ölkələr bunda maraqlı görünür. Bu mərhələdə ölkələr arasında çəkilən interkonnektorlar əhəmiyyətli rol oynayacaq və biz artiq prosesin başlandiğini müşahidə edirik. Məsələn, ötən ilin oktyabrında açılışı olan Yunanıstan -Bolqarıstan interkonnektoru bunun yaxşı nümunəsidir. Ötən ilin dekabrında isə enerji sahəsində yeni istiqamət yarandı - Bərpa olunan enerji üzrə əməkdaşlıq. Dekabrın 17-də Buxarestdə imzalanan Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş Azərbaycanın bərpa olunan enerji ehtiyatlarını Avropa çatdıracaq.
***
Almaniyada nizam-intizam Almaniyanın İctimai Nizam-İntizam İdarəsi tərəfindən qorunur. Bu, xüsusi bir polis qüvvəsidir. Onlar Almaniyada sakitlik saatlarında ucadan musiqi oxutmaq, küçədə səs-küy salmaq, sahibi gəzdirməyə çıxaran itlərin bərk hürməsi kimi halların qarşısını almağa çalışırlar... Ancaq küçə musiqiçiləri ilə işləri yoxdur. Bütün böyük şəhərlər kimi Berlinə də bu musiqi sədaları əlavə gözəllik verir.
***
Bəli, almanlar intizamlıdır, dəqiqdir. Ancaq bu yaxınlarda Münhendə etdiyimiz müşahidəni Berlində də davam etdirdik - çox mübaliğəyə gərək yoxdur - almanlar da yolu piyada keçidi olmayan yerdən keçir bəzən, onlar da yerə zibil atır və s. Amma o da doğrudur ki, belə böyük şəhərlərdə miqrantlar da çox olur və qaydaları kimin pozduğunu dəqiq müəyyən etmək çətindir.
***
Almaniya bu gün iqtisadi inkişafı ilə və demokratik təsistların möhkəmlənməsi ilə öyünə bilər, ancaq tarixi nöqteyi-nəzərdən baxdıqda utancverici hadisələr də yox deyil. Xüsusilə Hitler Almaniyasının faşist və işğalçı siyasəti və törətdiyi soyqırımlar. XX əsrin 30-40-cı illərində nasistlər tərəfindən həyata keçirilmiş bu soyqırımlar nəticəsində 6 milyon yəhudi, 220,000 ilə 1,5 milyon arasında qaraçı, 275,000 əlil, yüz minlərlə Almaniya əleyhinə fikirləri olan siyasi və dini şəxsiyyət də daxil olmaqla, ümumilikdə 17 milyon insan sistematik şəkildə qətlə yetirilib.
***
Rusiya səfirliyinin binası xüsusi olaraq mühafizə olunur. Ancaq bunun səfirliyin qarşısındakı küçədə Rusiyaya etiraz, Ukraynaya dəstək əlaməti olaraq xüsusi guşəyə dəxli yoxdur.
***
Ancaq heç bir müharibə mədəniyyətin qiymətləndirilməsinə mane olmur: Berlin küçələrində rastlaşdığım nənə rus musiqisini səsləndirməkdə tərəddüd etməməklə bunu nümayiş etdirirdi.
***
Çağırdığımız taksinin sürücüsü ilə ortaq dilə keçməyimiz üçün isə çox vaxt lazım gəlmədi. Türkiyədən olan sürücü 30 ilə yaxındır Almaniyada yaşadığını, burda ən çox səhiyyə sisteminin onu qane etdiyini və bircə kartla bütün müayinə və müalicələrini təmin etdiyini deyir.
İkinci taksi sürücüsünün də türk olması bizdə belə fikir yaratdı ki, burda taksi işi türklərin "manapolyasindadır". Ancaq o, bizimlə razılaşmadı: "Yox, türklər hər sahədə var. Ancaq mən Berlindən yorulmuşam, tezliklə vətənimə - Mersinə qayıdacağam. Qurban olaram vətənimə, ilin 365 günü günəş var".
***
Almanlar enerjiyə qənaəti öz avtomobillərində də tətbiq edirlər. Yollarda tez-tez elektro avtomobillərə rast gəlmək mümkündür.
***
Bakı nefti Almaniyanın taleyinə həmişə həlledici təsir göstərib. İkinci dünya müharibəsində faşizmin məğlub edilməsində Bakı nefti mühüm rol oynamışdısa, bu gün Almaniyanın xam neftə olan ehtiyacının böyük bir hissəsini Azərbaycan ödəyir. Eyni zamanda Almaniyanın aparıcı ölkəsi olduğu Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resurslarına ehtiyacı o vaxt SSRİ-nin Bakı neftinə olan ehtiyacından heç də az deyil.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)