8 mart günü Sankt-Peterburq Mariinski Teatrının ulduzları Bakıya gələcək

Martın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq. İş ondadır ki, teatr hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bu tamaşanı bayram hədiyyəsi kimi təqdim edir.

 

“Qu gölü”nün builki tamaşası əvvəlkilərə bənzəməyəcək. Bu dəfə Opera və Balet Teatrının rəhbərliyi Sankt-Peterburqun Mariinski Teatrının ulduzlarını Bakıya dəvət edib.

Həmin gün tamaşada prima balerina Nadejda Batoyeva (Odetta-Odilliya) və Filip Styopin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.

Mariinski Teatrının ulduzları ilə yanaşı, yerli balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Samir Səmədov, Makar Ferştandt, Anar Mikayılov, Elmira Süleymanova, həmçinin Ayan Eyvazova, Timur Oduşev, Seymur Hadıyev, Samirə Məmmədova, Kamran Qurbanov və başqaları da səhnədə olacaqlar.

Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.