Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq rəssamı, heykəltəraş Salxab (Səlhab) Məmmədovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etməsi barədə məlumatlandınız. Salxab Məmmədov Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
“Ədəbiyyat və incəsənət” portalı Salxab Məmmədov barədə bilgiləri nəzərinizə çatdırır. Rəssam təsviri sənətin qrafika, heykəltəraşlıq, qaraminalı keramika və bədii metal kimi maraqlı növlərinin sirlərini dərindən öyrənmişdir.
Salxab Məmmədovun yaradıcılığında görkəmli şəxsiyyətlərin abidələrinin ucaldılması və əlamətdar tarixi hadisələrə həsr olunmuş monumental və dekorativ heykəltəraşlıq əsərlərinin yaradılması xüsusi bir yerə malikdir. Ümummilli lider Heydər Əliyevin Şamaxıda, Xırdalanda, Qahirədə ucaldılmış heykəlləri, Əliağa Vahidin, Mehdi Hüseynzadənin, Fərman Salmanovun (Rusiya), Nizami Gəncəvinin (Roma), Məhsəti Gəncəvinin (Fransa), Xurşidbanu Natəvanın (Fransa), Süleyman Bəy Sulkeviçin və Vəli Bəy Yadigarın heykəllərinin (Varşava), Podmanitski Friqyesrölə həsr olunmuş xatirə lövhəsinin(Evian), “Xocalı” memorial abidəsinin (Berlin), üzərində Ulu öndər Heydər Əliyevin və Roma Papası II İohann Pavelin sözləri əks olunmuş “Dostluq” monumentinin (Polşa), “Çiçəklənmə” kompzisiyasının (Strasburqda), “Düşüncələr və arzular” adlı Azərbaycan abidəsinin əsas ideya və icra müəlliflərindən biridir.
Rəssam həmçinin “Bakıya xoş gəlmisiniz” , “Qobustan nağılları” , “Azərbaycan” , “Mənim Azərbaycanım”, “Bakı motivləri”, Nizami Gəncəvinin “Xəmsə” əsərə həsr olunmuş 16 keramik relyef, “Azərbaycan tarixi”, “Tarazlıq”, Beynəlxalq Muğam Mərkəzinin qarşısındakı muğam mövzusuna həsr olunmuş “Cahargah”, “Şüştər”, “Şur”, “Humayun”, “Bayatı-şıraz”, “Rast”, “Seygah” adlı yeddi kompozisiya və s. rəngkarlıq və qrafika əsərlərinin də müəllifidir.
Ölkənin mədəni həyatında baş verən proseslərdə fəal şəkildə iştirak edən Salxab Məmmədov Riqa, Tallin, Tokio, və İzmirdə keçirilən beynəlxalq sərgilərin təşkilində, Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının qurulmasında, Azərbaycanın kənd təsərrüfatı, sənaye və mədəniyyət sahəsində nailiyyətlərini əks etdirən ümumittifaq əhəmiyyətli sərginin təşkilində böyük rol oynamışdır. O, Moskvada keçirilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun baş rəssamı vəzifəsini icra etmişdir.
Rəssamın əsərləri Azərbaycanın və bir neçə xarici ölkənin muzey və şəxsi kolleksiyalarda saxlanılır. Salxab Məmmədov “Şöhrət” və "Şərəf" ordenlərinə layiq görülmüşdür.
Şəkildə: Salxab Məmmədova aid monumental abidə
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)