Ötən ilin 9 və 99 anı Featured

“Şuşa İli”ndə keçirilən ən əsas mədəniyyət tədbirləri hansılar oldu?

 

Yola salmağa hazırlaşdığımız “Şuşa İli” beynəlxalq festivallar, sərgilər və yubileylərlə zəngin il olub. İl ərzində paytaxtımızda, bölgələrdə, eləcə də 270 yaşlı mədəniyyət paytaxtımız Şuşada bir-birindən maraqlı və yaddaqalan tədbirlər keçirilib. 

1.

2022-ci dekabrında Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün xüsusilə əlamətdar qərarlar qəbul olunub. Qeyri-maddi mədəni irsi ilə bağlı Azərbaycana məxsus daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 

2.

Şuşa azadlığına qovuşandan sonra bu il ikinci dəfə ənənəvi “Xarıbülbül” festivalına ev sahibliyi etdi. Ondan çox ölkədən musiqiçi və folklor kollektivləri Şuşanın Cıdır düzündə rəngarəng konsert proqramı nümayiş etdirdilər. Dünyaca məşhur şuşalı Üzeyir Hacıbəylinin adını daşıyan, bu il 14-cü dəfə keçirilən Beynəlxalq Musiqi Festivalının bir sıra konsertləri də dahi bəstəkarın yurdunda keçirildi.

3.

Yubiley ilində Şuşa həm də növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə kitab sərgisi nümayiş olundu, Vətən müharibəsinə, Qarabağa, onun tacı Şuşaya həsr edilən nəşrlərin təqdimatı keçirildi.

4.

“Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə bu il həm də Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisi bərpa edildi. Bu münasibətlə Şuşada gerçəkləşən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın şairləri ud və qanunun müşayiəti ilə şeirlər söylədilər.

5.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il səkkizincisi dəfə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi mədəniyyət paytaxtımızın yubileyinə həsr olundu. Eyni zamanda nazirlik tərəfindən “Şuşa – 270” xatirə nişanı da təsis edildi.

6.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi edib. Belə ki, on bir ölkənin nümayəndələrinin və ölkəmizin on bir iqtisadi regionunun mətbəx nümunələrinin nümayiş olunduğu Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı təşkil olunub.

7.

2022-ci il Azərbaycan mədəniyyət və incəsənətinin, ədəbiyyat və elminin inkişafına mühüm töhfələr vermiş bir sıra şəxsiyyətlərin yubileyləri ilə əlamətdar oldu. Dövlət başçısının müvafiq sərəncamları ilə musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş SSRİ Xalq artistləri, bəstəkarlar Fikrət Əmirov və Rauf Hacıyevin 100, ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyləri qeyd olundu.

Dünya şöhrətli bəstəkar Fikrət Əmirovun yubiley tədbirləri UNESCO və TÜRKSOY kimi beynəlxalq təşkilatlarda, bir sıra ölkələrdə qeyd olundu. Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş təntənəli musiqi axşamı keçirildi. Bir sıra ölkələrdə konsert və tamaşa nümayişləri gerçəkləşdi. Bunların sırasında Nyu-Yorkdakı “Karnegie Hall”da keçirilən “Dostluq körpüləri” adlı konsert xüsusilə əlamətdar oldu. 

2022-ci il həmçinin görkəmli bəstəkar, mədəniyyət xadimi Rauf Hacıyevin 100 illiyi ilə əlamətdar oldu.

Hər iki yubiley münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Fikrət Əmirov – 100” və “Rauf Hacıyev – 100” musiqi festivalları reallaşdı, Bakıda və Gəncədə konsert və tamaşa nümayişləri oldu.

Bundan əlavə, il ərzində görkəmli xanəndələr Sara Qədimova və Şövkət Ələkbərovanın 100, ustad kamança ifaçısı Habil Əliyevin 95, bəstəkar Emin Sabitoğlunun 85, dünyaşöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd olundu. Bu gün də Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən sənətkarlardan maestro, Xalq artisti Rauf Abdullayevin 85, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Xalq artistləri – bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65, xanəndə Mələkxanım Əyyubovanın 60 illiyi qeyd olundu.

8.

Dövlət başçısının sərəncamları ilə bu il həm də görkəmli şair, xeyriyyəçi Xurşidbanu Natəvanın 190, maarif və mətbuat xadimi Ömər Faiq Nemanzadənin 150, dahi şair-dramaturq Hüseyn Cavidin 140, istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd olundu.

Ağdamdakı “İmarət” kompleksində Natəvanın yenidən ucaldılmış abidəsinin açılışı keçirilib.

Hüseyn Cavidin yubileyi münasibətilə Vaşinqtonda ədibin barelyefinin açılışı oldu. Gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu barelyef şəhərdəki ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının fasadına vurulub.

Görkəmli şair, pedaqoq, ictimai xadim Əhməd Cavadın 130 illiyi də böyük təntənə ilə qeyd olundu. Yubiley tədbirləri şeirlərində böyük sevgi ilə vəsf etdiyi Türkiyədə, eləcə də Özbəkistanda da keçirildi, həyat və yaradıcılığına həsr olunan kitabların təqdimatı reallaşdı.

Həmçinin dramaturgiyamızın banisi Mirzə Fətəli Axunzadənin 210, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin 180, böyük maarifçi və realist şair Mirzə Ələkbər Sabirin 160, yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin 135, böyük müğənni Bülbülün 125, maestro Niyazinin 110, Aşıq Şakirin 100, Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 illiyi və bir sıra mədəniyyət, elm və ədəbiyyat xadiminin yubileyləri qeyd olundu.

9.

Bu il həm də Azərbaycan mədəniyyətində, elmində özünəməxsus yeri olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının və İrəvan Müəllimlər Seminariyasının 140 illiyi idi. Hər iki yubileylə əlaqədar dövlət başçısı tərəfindən sərəncamlar imzalanmışdı.

 

Beləcə, biz sizə 9 bölümdə 2022-ci ilin 99 əsas mədəniyyət hadisəsi barədə məlumat verdik. 

Şəkildə: “Xarıbülbül” festivalından görüntü

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.