Türk dünyasında ilin qalereyası “NUR Art House” seçilib

 

“NUR Art House” qalereyası “Türk dünyasında ilin qalereyası” beynəlxalq mükafatına layiq görülüb. Bu barədə qalereyanın mətbuata açıqlamasında bildirilir. 

 

Sözügedən mükafat bu təşkilata Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının mükafatlandırma komitəsinin qərarı ilə göstərdiyi fəaliyyətə görə verilib. 

“NUR Art House” qalereyası Azərbaycan xalçası və xalq tətbiqi sənət nümunələri ilə yanaşı, təsviri incəsənətin bütün növlərinə, bədii fotoqrafiya sənətinə aid əsərləri sərgiləməklə yanaşı, peşəkar sənətkarlarla həvəskarlar və sənətsevərlər arasında ünsiyyət platformasıdır. Burada təşkil olunan proqram-sərgilərdə, həyata keçirilən “Ustadlardan öyrənək” ustad dərsləri silsiləsində həvəskarlar peşəkarlaşır, sənətsevərlər isə alça sənəti, bədii tikmənin müxtəlif növləri, keçə, batika, təsviri incəsənət, qurama, vitraj, gəlinciklərin, milli suvenirlərin hazırlanması istiqamətləri üzrə özlərini sınayır, yeni sənət seçmək imkanı qazanır. Milli mədəni irsimizin özəlliklərinin daşıyıcısı olan xalq sənətimizi yaşatmaq və təbliğ etmək, sənətkarlarımızı dəstəkləmək və beynəlxalq sərgilər vasitəsilə onların təcrübə mübadiləsinə yardımçı olmaq qalereyanın əsas məqsədlərindəndir. Təsadüfi deyil ki, 2016-cı ildən fəaliyyətə başlayan qalereyada indiyə qədər 20-yə yaxın beynəlxalq sərgi təşkil olunub. Başa vurmağa hazırlaşdığımız ildə isə sərgilərin sayı 20-dən çox olub.

Quruma Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva rəhbərlik edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.