Şərqi Avropanın ən böyüyü olan, Rusiyada və bütün MDB məkanında fəaliyyət göstərən kitab servisi - “LitRes” LitRes.az saytını, habelə Android və İOS platformaları üçün mobil əlavəni Azərbaycan auditoriyası üçün istifadəyə verib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir.
Saytın istifadəçiləri üçün Azərbaycan dilində olan 4000 elektron kitab və 1000 audiokitab əlçatan olacaq. Bundan əlavə, istifadəçilər rusdilli kataloqdan olan əsərləri oxumaq və dinləmək imkanı qazanacaqlar.
Litres.az servisi ölkədə Azərbaycan dilində kitabların kataloquna görə ən böyük saytdır. 2022-ci ilin sonuna qədər Azərbaycan dilində dərc edilən bütün kontentin 90 faizi bu saytda əlçatan olacaq.
“LitRes” şirkətlər qrupunun baş direktoru Sergey Anuryev bu hadisəni şərh edərək deyib: “Biz planlaşdırırıq ki, “LitRes” Azərbaycanda elektron və audio kitablar bazarının ən iri oyunçusu olacaq, burada çox böyük artım potensialı görürük. Ölkədə rəqəmsal kitablar bazarının həcmi ildə 2-3 milyon dollara çata bilər. Bu, ilk növbədə “LitRes”in Azərbaycan auditoriyasında yayılması, habelə naşirlərin bu kontent formasına marağı, istifadəçilərin elektron və audiokitablara tələbatı sayəsində mümkün olacaq. Bizim vəzifəmiz Azərbaycanda rəqəmsal kitablar bazarını inkişaf etdirmək, lokal müəllifləri, nəşriyyatları və oxucuları dəstəkləməkdir.
Servisin Rusiya versiyasında əlçatan olan funksiyaların çoxu Azərbaycan versiyasında da reallaşdırılıb. İstifadəçilər, məsələn, xoşladıqları sitatları şəxsi kolleksiyasında saxlamaq imkanı əldə edəcəklər. Bundan əlavə, lokal auditoriya üçün eksklüziv kontent yaradılması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)