Artıq hamımıza bəlli olduğu kimi, bu il dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100-cü ili tamam olur. Bu münasibətlə ölkəmizin bir çox yerlərində, eləcə də xaricdə dahi bəstəkarımızın yubileyi təntənəli şəkildə qeyd edilir. Gecənin ideya müəllifi, atam, Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov bizə Türkiyənin möhtəşəm şəhəri olan İstanbulda belə bir konsertin keçirilməsi ilə bağlı müraciət etdikdə bunu çox böyük məmnuniyyətlə qarşıladıq və belə bir layihənin ərsəyə gəlməsində iştirakı azərbaycanlı olaraq özümüzə borc bildik. Burada əsas məqsəd azərbaycanlı gənclərin iştirakı ilə Fikrət Əmirov yaradıcılığını dünyaya çatdırmaq idi. Belə də oldu, gənc sənətçilərimiz Bakı, Almaniya, Avstriyadan gecədə iştirak etmək üçün İstanbula gəldilər. Məqsədimizə nail olduğumuz üçün özümüzü çox qürurlu və xoşbəxt hiss edirik.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a müsahibəsində İstanbulun Cemal Reşit Rey konsert salonunda dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə keçirilən konsert proqramında pianoçu olaraq iştirak edən beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə ifadə edib.
Pianoçu deyib: “Konsert proqramımız istər sənət, istərsə də tamaşaçıların marağı baxımından böyük uğurla keçdi. Tamaşaçıların sənətçilərimizi ayaq üstündə dəqiqələrlə alqışlaması bir azərbaycanlı olaraq insana qürur hissi verir. Biz bununla bir azərbaycanlı olaraq ölkəmizin zəngin mədəniyyətinin, incəsənətinin dünyada tanıdılmasına töhfə vermək istədik. Belə bir xalqın nümayəndəsi olduğum üçün özümü çox xoşbəxt hesab edirəm. Tədbirdə iştirak edən bütün dostlarımıza təşəkkür edirəm”.
“Layihənin ərsəyə gəlməsində başda ideya müəllifi, öz zəngin təcrübəsi ilə mənə inanılmaz dəstək verən, həyat müəllimim İslam Manafov olmaqla, İstanbul Bələdiyyəsi, eləcə də layihəni çox böyük məmnuniyyətlə qəbul edən Cemal Rəşit Rey konsert salonunun sənət müdiri, dirijor Murat Cem Orhana təşəkkürümü bildirirəm”, - deyə Abuzər Manafzadə bildirib.