Türkiyənin məşhur “Star” qəzeti tərəfindən təsis edilmiş “Nəcib Fazil adına Beynəlxalq mükafat”ın 2022-ci il üzrə laureatları elan edilib. Şeir nominasiyasında Mehmet Can Doğan, Roman nominasiyasında Ayşəgül Gənc laureat olublar.
Ədəbiyyatımız adına sevindirici xəbər var.
7 nominasiyadan biri olan “Uluslararası Mədəniyyət və incəsənət” nominasiyası üzrə qalibi Azərbaycanın Xalq yazıçısı, sevdiyimiz və dəyərləndirdiyimiz, ədəbiyyatımıza Baladadaş, Mahmud, Gündüz kimi ölməz obrazlar bəxş edən Elçin Əfəndiyev elan edilib.
“Ədəbiyyat və incəsənət” portalı “Star”a istinadən məlumat verir ki, Elçin bu nüfuzlu mükafata “İki xalq arasındakı ədəbi-mədəni yaxınlaşmaya verdiyi töhfəyə görə” layiq görülüb. Qeyd edək ki, Xalq yazıçısı Elçin qardaş Türkiyədə ən çox əsərləri nəşr olunan müasir yazıçılardan biridir. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” kimi romanları, povest və hekayələri, esseləri qardaş ölkənin nüfuzlu nəşriyyatları tərəfindən dəfələrlə çap edilib. Türkiyədə Xalq yazıçısının otuza qədər kitabı çapdan çıxıb, pyesləri Ankara, Konya, Ərzurum Dövlət teatrlarında, İstanbul Böyük Bələdiyyə Teatrında tamaşaya qoyulub, onun əsərləri əsasında doktorluq dissertasiyası müdafiə edilib. Elçin Türkiyənin bir sıra nüfuzlu universitetlərinin fəxri doktorudur. 2013-cü ildə görkəmli yazıçının “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı film Azərbaycan-Türkiyə kinematoqrafçıları tərəfindən iki ölkənin ilk müştərək ekran əsəri kimi tamaşaçılara təqdim olunub.
Bir sözlə, mükafat Elçinin timsallnda layiqli ünvana çatıb.