Dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini YARAT-da ustad dərsləri keçəcək

 

Noyabrın 7-də Bakıda dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini tərəfindən ustad dərsləri keçiriləcək. Ayın 12-dək davam edəcək müasir rəqs üzrə ustad dərsləri YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq. 

 

Ustad dərsləri Şahar Binyamini və onun assistenti Cozef Kudra tərəfindən keçiriləcək. 

Şahar Binyamini əslən İsraildən olan xoreoqraf və performerdir. 2006-2013-cü illərdə "Batsheva Dance Company" kollektivinin tərkibində çıxışlar edib. Həmçinin Şahar Binyamini beynəlxalq səviyyəli quruluşların yaradıcısı kimi sayılır.

İsrailli xoreoqraf, müasir rəqqas, "Qaqa" adlı unikal rəqs sisteminin, dilinin, pedaqogikasının yaradıcısı və müəllimi Ohad Naharinin assistenti kimi Şahar Binyamini bütün dünya üzrə rəqs kollektivləri ilə işləyir. 2013-cü ildə Şahar Binyamini Veysman Elm İnstitutunun professoru Atan Qross ilə birgə, rəqqaslar, elm adamları və xoreoqraflardan ibarət "TNUDA" elmi-tədqiqat qrupunu təsis edib. Elə həmin Veysman İnstitutunda yerləşən qrupun əsas məqsədi elm və hərəkət arasında əlaqələri araşdırmaqdır. 2020-ci ildə Şahar, Veysman Elm İnstitutu tərəfindən təşkil edilmiş unikal art-rezidentura proqramında iştirak etmək üçün dəvət edilən ilk artist oldu. Rezidentura ərzində o, "EVOLVE" quruluşunu yaratdı. Bu əsərin premyerası institutda baş tutdu və dünyanın bir çox ölkələrində nümayiş etdirildi.

Şahar Binyamini İsrail Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş 2021-ci ilin ən uğurlu xoreoqrafı mükafatına layiq görülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.