Düşənbə şəhərində MDB iştirakçı dövlətləri gənclərinin XVI Delfi Oyunları təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, müsabiqədə birlik ölkələrindən 10-25 yaş arası 500-ə yaxın oğlan və qız iştirak edib. Münsiflər heyətində MDB-dən olan 30-dan çox görkəmli rəssam, professor və sənətşünaslıq doktoru yer alıb. Bu yarış Delfi Birliyi Oyunlarının 20-ci ildönümünün qeyd olunmasında mühüm hadisə olub. Oyunlar gənc istedadların peşəkar yüksəlişinə və milli mədəniyyətlərin inkişafına kömək etmək, mədəniyyətlərarası dialoqu təşviq etmək və ölkələr arasında əlaqələri gücləndirmək, həmçinin tədbir turizmini və yaradıcı sənayeni inkişaf etdirmək məqsədilə keçirilir.
2022-ci ilin XVI Delfi Oyunlarına Azərbaycandan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nümayəndə heyəti də qatılıb. Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli Delfi Oyunlarında nəfəs alətləri nominasiyası üzrə münsiflər heyətinin sədri kimi ölkəmizi təmsil edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Xatirə Həsənzadə və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Şahnaz Muradova oyunlar çərçivəsində M.Tursunzoda adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təşkil olunmuş elmi konfranslarda iştirak ediblər.
Şagirdlərimiz böyüklər qrupunda Məryam Məmmədova və kiçiklər qrupunda Sübhan Tahirov (konsertmeyster Sevinc Kərimova) gənclər arasında xalq çalğı alətləri nominasiyasında 2-ci mərhələyə keçid alaraq yarışların diplomantı adını qazanıblar. Tədbir S.Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında XVI Delfi Oyunlarının əsas tədbiri olan qala-konsertlə yekunlaşıb.
Qeyd edək ki, bu il müsabiqə proqramına 10 nominasiya daxil edilib. Düşənbədəki oyunların nominasiyaları üçün ölkənin ən yaxşı mədəniyyət ocaqları olan T.Sattorov adına Tacikistanın Milli Konservatoriyası, Tacikistanın Dövlət Təsviri İncəsənət və Dizayn İnstitutu və s. cəlb olunub.
Səfər zamanı məktəbin direktoru Əziz Qarayusifli Ziyodullo Şahidi adına xüsusi onbirillik musiqi məktəbində şagirdlər üçün ustad dərsləri keçirərək onlara faydalı məsləhətlər verib.