Harvardda 2022-ci il Şnobel mükafatı laureatları elan edilib. Nobel yox a, Şnobel! Featured

 

 

Şnobel mükafatı “əvvəlcə gülməyə, sonra isə düşünməyə vadar edən nailiyyətlərə görə” təqdim olunur. Düzdür, bəzən Nobelin ən yaxşılara, Şnobelinsə ən pislərə verildiyi də təşviq olunur. Halbuki, bu, heç də belə deyil.

“Ədəbiyyat və incəsənət” portalı Shnobel-in rəsmi saytına istinadən 2022-ci il qaliblərinin bəziləri barədə sizlərə açıqlama verir.

 

Sosiologiya üzrə:

İtaliyalı alimlər Alessandro Pluçino və Andrea Rapisarda bu il Alessio E. Biondo ilə birgə "İstedad uğura qarşı: uğurlarda və uğursuzluqlarda təsadüfün rolu" adlı tədqiqata görə ikinci dəfə Şnobel mükafatını almışlar. Onlar əksərən uğurların ən istedadlılara deyil, ən şanslı olanları nəyə görə çatdığını riyazi şəkildə sübut etməyə müvəffəq olublar. On iki il əvvəl Plucino və Rapisard birinci dəfə Şnobeli alanda da ortaya çox maraqlı bir tədqiqat qoymuşdular: İdarə və müəssisə rəhbərləri vəzifə pilləsinə əməkdaşları gördükləri xidmətə görə deyil, təsadüfi seçimlə, tutalım, püşkatma ilə seçərlərsə, bu daha effektiv olar.

 

Texniki təhlükəsizlik üzrə:

Bəli,Nobeldən fərqli olaraq Şnobel mükafatının belə bir nominasiyası da var, bu nominasiyada mükafat İsveç tədqiqatçılarına verilib. Onlar avtomobil qəzaları testləri üçün sığının manikenini hazırlayıblar. Sual edərsiniz ki, niyə bəs bu zavallı heyvanın? İş ondadır ki, bu Skandinaviya ölkəsində sığınların  böyük populyasiyası qeydə alınmaqdadır və onlarla avtomobillərin toqquşması ciddi problemlər yaradır

 

Fizika üzrə:

Elmin ən vacib sahələrindən olan fizika üzrə laureatlar da fauna nümayəndələrini öyrənənlər olmuşdur. Çin, Böyük Britaniya, Türkiyə və ABŞ-dan olan iki qrup alim "ördəklərin sıra ilə, dəqiq sinxronluqla necə üzdüklərini" anlamağa çalışmışlar.

 

Tətbiqi Kardiologiya üzrə::

Bu sahə üzrə mükafat bir neçə ölkənin alimlərinin birgə tədqiqatları qazanmışdır. Mövzu bilirsiniz nə olmuşdur? İlk dəfə görüşən və bir-birinə ilk baxışdan aşiq olan cütlüklərin ürək döyüntüləri hansı səbəbdən sinxronlaşır.

 

Biologiya üzrə:

Bu nominasiyada Şnobel Braziliya və Kolumbiyadan olan alimlərə qismət olub, hansılar ki, quyruqlarının itkisinin və bunun nəticəsində baş verən qəbizliyin əqrəblərin hərəkət fəaliyyətinə təsir edib-etmədiyini öyrəniblər.

 

Ən nəhayət, ədəbiyyat üzrə:

Bu il mükafatı hansısa bir yazıçıya deyil, bir qrup ədəbiyyatşünasa təqdim ediblər. Bu ədəbiyyatşünaslar hüquqi sənədlərin dilini çətinləşdirən nəsnələri tədqiq ediblər, həmin nəsnələr də “qeyri-ixtisaslaşdırılmış konsepsiyalar və pis məktublardır”.

 Bəs sual oluna bilər ki, Nobel mükatafçıları 1 milyon dollar qazanırsa Şnobel mükafatçıları nə qazanırlar? 10 trilyon dollar! Şoka düşməyin. Söhbət Zimbabve dollarından gedir. Bütün qaliblərə "Özlərində olan bütün biliklərin saxlanması üçün zibil konteynerləri" və dünyanın ən dəyərsiz pul vahidi olan və dövriyyədən çıxardılmış 10 trilyon Zimbabve dollarını simvollaşdıran kağız silindrlər təqdim edilir.

Qeyd edək ki, Şnobel mükafatı və ya Ig Nobel mükafatı 1991-ci ildən Air elmi-yumoristik jurnalının redaksiyası (Annals of Improbable Research, "İnanılmaz tədqiqat salnamələri") tərəfindən təqdim edilir.

 Yeri gəlmişkən, Şnobel başbilənlərinə bir ideya da biz verək. Bakı – Şamaxı yolunun Şamaxının vur-tut 10-15 evdən ibarət ucqar kəndlərindən birindən keçən hissəsinə qoyulmuş və milyonlara başa gəlmiş yolüstü piyada keçidinin ideya müəllifi də bu mükafata layiqdir. Deyilənə görə, son üç ildə bu keçiddən cəmi bir nəfər keçib. O da piyada yox, sürücü olub. Avtomobilini saxlayaraq keçidə qalxıb ki, orada selfi çəkdirsin.

 

Şəkildə: Şnobel mükafatı təsisçisi Mark Abrams 10 trilyon Zimbabve dolları və "məlumatların saxlanması üçün zibil konteyneri" ilə.

 

Fotonun müəllif hüquqları: Michael Dyer / AP

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.