Bu gün “Seçilmişlər” rubrikasında təqdim edilən şəxs Azərbaycan jurnalistikasının "Marşal"larından biridir, amma təəssüf ki, hələ də Əməkdar Jurnalist adına layiq görülməyib. Bu gün onun doğum günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun yazısını təqdim edir. “O kimdir axı” deyə sual verəcəksiniz. Darıxmayın. Oxuyanda biləcəksiniz.
Təqvimdə 2010-cu il idi. Dostum, qardaşım, "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənovun təklifilə onun təşkil etdiyi treninqlərdən birində iştirak edirdim. Fasilə zamanı təsadüfən dəhlizdə həmsöhbət olduq. Yaddaşımda iti zəkalı, peşəsini dərindən bilən, müasir təfəkkürlü, təcrübəli bir insan kimi qaldı. Kübarlığı, yüksək mədəniyyəti davranışında öz əksini tapmışdı. Sonralar qələmə aldığı müxtəlif yazılarını oxudum. Həmin yazılar müəllifinin mükəmməl jurnalist olduğunu açıq-aşkar təqdim edirdi. Bəli, peşəkarlıqla səmimiyyət üst-üstə düşəndə və bunlar istedaddan qaynaqlananda ərsəyə gətirilən yazılar da gözəl, oxunaqlı olur...
Deyir ki,- “Nəinki qocalmaqdan, ölümdən də qorxmuram. Buna əvvəlcədən hazıram. Bir dəfə demişdim ki, şərəfsizlikdən qorxuram. Ən çox qorxduğum şey nə vaxtsa ədalətdən, ləyaqətdən kənar olan nəyəsə yol verməkdir...”
Əslində, yazmaq həm asan, həm də çətindir. Asandır ona görə ki, yazmağı bacarırsan, çətinliyi isə ondadır ki, yazıya ruh qatıb canlandırmalısan. Məni qınamayın, bir yazı insanı yorursa ölü, düşündürürsə canlıdır. Canlı yazıları oxumaq adama zövq verir, unutduqlarını yada salır, bilmədiklərini öyrədir…
“Hər bir insan özünü ifadə etmək istəyir. Jurnalistika bunun üçün bəşəriyyətin fikirləşib tapdığı, bəlkə, ən dolğun və gözəl formadır. İntəhası, insanın içərisində yaşadığı, işlədiyi mühit ömürçürüdəndirsə, bunda peşənin nə günahı? Həm də jurnalistika mənəviyyatla sıx bağlı sahədir. Sağlam mənəvi dayaqlara, ideallara söykənən peşə ömürçürüdən ola bilməz.”- söyləyir...
1960-cı ilin üçüncü kvartalının, ikinci ayının 31-də Qazaxda dünyaya gəlsə də Bakıda böyüyüb böya-başa çatıb. Lomonosov adına Moskva Dövlət Universitetində jurnalist ixtisasına yiyələnib. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olub. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, bir sıra televiziya və radio verilişlərinin, sənədli filmlərin ssenaristidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır…
Deyir ki,- “Doğrudur, 1960-cı ilin avqust ayının 31-də doğulmuşam, amma bioqrafiyam haqqında danışarkən 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az da radioda çalışmışam. Televiziyadan başqa...”
Bəli, söhbətimin qəhrəmanı jurnalist Arif Əliyevdir. Yeri gəlmişkən, dünyanın hər yerində jurnalistika müqəddəs peşələrdən biri sayılır və hər bir cəmiyyət jurnalisti təmiz, vicdanlı, dürüst insan kimi qəbul edib, ona inanır. Azərbaycan jurnalistikasında da təmiz, vicdanlı insanlar az deyil. Onlardan biri də odur. Məhz bu göstəricilərinə görədir ki, o, ölkə mətbuatında yeni cığır açmağı bacarıb. Şəxsi keyfiyyətlərilə istedadına rəng qatan bu insanın son uğuru bizi çox sevindirir. Onun ssenarisi əsasında mərhum reşissor Rövşən Almuradlının quruluş verdiyi "Əsgərlər unudulanda ölürlər" sənədli filmi Xorvatiya və İstanbulda keçirilən festivallara vəsiqə alıb. Kanadada və eləcə də ölkəmizin müxtəlif şəhər və rayonlarında nümayiş etdirilib...
“İnsan var ki, doğum gününü xoşlamır, hətta qeyd etmir. Mən bu günü çox sevirəm və indiyə qədər həmişə dostlarım yanımda olub, gecəyə qədər qeyd edib söhbətləşirik və.s. Etiraf edim ki, doğum günümdə kefim bir az yaxşı olur.”- söyləyir...
Bəli, avqustun 31-i Arif Əliyevin 62 yaşı tamam olur. Yəqin ki, dostları yenə də ətrafında olacaqlar...
İctimai-siyasi məqalələrində bəzən sərt, bəzən də yumşaq olsa da, bütün ömrünü həqiqəti söyləməyə çalışıb, dövlətə, xalqa xidmət göstərib. Maraqlı yazıları, layihələri ilə zaman-zaman gündəmə gələ bilib. Neçə-neçə jurnalistin yetişməsində əməyi var. Bu xidmətlərini nəzərə alanda Arif Əliyevin hələ də “Əməkdar jurnalist” fəxri adına layiq görülməməsi təəssüf hissi doğurur. Yəni dövlət səviyyəsində mükafatlandırılmasının vaxtı çoxdan yetişib. Bir də ki, necə deyərlər, başımızın üstündə Allah var, təsdiq edək ki, o, Azərbaycan jurnalistikasının elitasında yer alan peşəkarlardan, daha doğrusu “Marşal”lardan biridir...