Təşkilatçıların dünyanın ən iri incəsənət festivalı adlandırdıqları Edinburq İncəsənət festivalı özünün 75 illiyini qeyd edir. Şotlandiyanın paytaxtı 58 ölkədən təxminən 3 min tamaşa və şou görəcək. Təşkilatçılar festivalın "daha inklüziv və əlçatan" olduğunu bildirir, lakin iştirakçılar Şotlandiyaya səyahətin asan olmadığını gizlətmirlər. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Şotlandiyaya gələnlər arasında gileylənənlər heç də az deyil.
Məsələn, aktrisa Triniti Silk söyləyir: "Biz kifayət qədər böyük komandamızı buraya gətirmək üçün çoxlu pul yığmalı olduq. Mən deyərdim ki, bu, kifayət qədər çətin idi. Hesab edirəm ki, şəhərin festivalda daha fəal iştirak etmək və artistləri daha çox dəstəkləmək imkanı var, bunu etsələr yaxşı olardı. Axı incəsənət adamının pulu olmur".
Aktyor Uill Lambert isə söyləyir: "Burada hər şey çox bahadır. Auditoriyanı tanımaq lazımdır. Çünki bunu bacarmayacaqsınızsa, satılmayan bir şou gətirdiyiniz təqdirdə çoxlu pul itirə bilərsiniz ".
Bununla belə, iştirakçılar və xüsusilə tamaşaçılar Edinburq Festivalının pandemiyadan sonra tammiqyaslı formata qayıtmasından məmnundurlar.