Bildiyiniz kimi yay ali məktəblərə qəbul imtahanları ilə də səciyyəvidir. Abituriyentlərin maksimal nəticə toplamaları hadisəsi isə həmişə müstəsna hal kimi hamının diqqətini cəlb edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib. Söhbət Xəzər rayonu, Buzovna qəsəbəsi, Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin məzunu Nigar Əhədulla qızı Ağazadədən gedir. O, IV ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb.
Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.
Yüksək uğur qazanmış Nigar Ağazadəni ürəkdən təbrik edirik!